Qəzetin 23 oktyabr 2009-cu il tarixli nömrəsində
2008-2009-cu dərs ilinin buraxılış
imtahanlarında Azərbaycan dili və ədəbiyyatı
fənni üzrə istifadə olunmuş test sualları barədə
verilən şərhi davam etdiririk. Qeyd edək ki,
qəzetin növbəti saylarında digər yeddi fənn üzrə
hazırlanmış qiymətləndirmə vasitələrini təhlil
edən yazıların verilməsi də nəzərdə tutulur.
Buraxılış imtahanları üçün qiymətləndirmə
vasitələri, yəni şagirdin müəyyən bilik və
bacarıqlarını yoxlamağa yönəlmiş suallar
hazırlanarkən Blum nəzəriyyəsinə əsaslanılıb.
Əlbəttə ki, bütün qiymətləndirmə vasitələri
taksonomiyaya uyğun olaraq bilmə, dərk etmə,
tətbiq etmə, təhlil etmə, sintez etmə və
dəyərləndirmə bacarıqlarını kompleks şəkildə
özündə birləşdirə bilməz. Hər bir sualın
tərtibində bu fəaliyyətlərdən ən azı birinin
olması mütləqdir. Aşağıdakı nümunəyə diqqət
edək:
E variantı, 17-ci tapşırıq
Aşağıdakılardan biri publisistik üsluba aiddir:
A) roman B) məqalə C) qanun D) şeir E) akt
üslubiyyat bölməsinin publisistik üslub mövzusu
ilə bağlıdır. Bu tapşırığın doğru cavabını
müəyyənləşdirmək üçün müqayisə, araşdırma
aparmağa ehtiyac qalmır. Romanın, şeirin bədii
üsluba, qanun və aktın rəsmi-işgüzar üsluba aid
olması ilə bağlı dərslikdə kifayət qədər məlumat
var. Məqalənin publisistik üsluba aid olması ilə
bağlı məlumatlar yalnız "Azərbaycan dili"
dərsliklərindəki faktlarla məhdudlaşmır.
M.Ə.Sabirin, C.Məmmədquluzadənin və başqa
sənətkarların publisistikası haqqında XI sinfin
"Ədəbiyyat" dərsliyində də məqalə janrından
danışılır. Bu cür test tapşırıqları, bir növ,
hafizəyönümlü olur və şagirddən bacarıq kimi
yalnız bilməni tələb edir. Bu baxımdan 65,51%
şagirdin doğru C cavabını seçməsini o qədər də
qənaətbəxş hesab etmək olmaz.
Qeyd edim ki, ancaq bilməni tələb edən
qiymətləndirmə vasitələri test sualları arasında
o qədər də geniş yer tutmur, belə suallar fənn
üzrə sual ümumi sayının 20 %-ni təşkil edir.
Test suallarının əsas qismi bilməklə yanaşı,
şagirdə dərk etmə, tətbiq və təhlil etmə
bacarıqlarını nümayiş etdirməyə imkan verir.
Bütün bu bacarıqlarla bərabər, sintez etmə və
dəyərləndirmə kimi keyfiyyətləri tələb edən
tapşırıqlar da fənn üzrə sualların ümumi sayının
maksimum 20 %-ni təşkil edir.
ümumiləşdirmə aparmağı, sintez etməni tələb edən
test tapşırıqlarından istifadə etməklə
şagirdlərin prinsipləri, qanunauyğunluqları,
ümumi xarakteristikaları mənimsəmək, bir neçə
mövzu, yaxud qrup daxilində anlayışların ümumi
əlamətlərini, yaxud səciyyəvi cəhətlərini
araşdırmaq və bunun əsasında müəyyən nəticə
çıxarmaq bacarığı yoxlanılmışdır. Məsələn:
E variantı 10-cu test tapşırığı.
Xəbər hansı üzvlə tabelilik əlaqəsində olmur?
A) zərflə B) mübtəda ilə C) xəbərlə D)
təyinlə E) tamamlıqla
Şagird bu tapşırığın doğru cavabını müəyyən
etmək üçün hökmən həm tabelilik, həm də
tabesizlik əlaqəsinin xüsusiyyətlərini; həm də
xəbərin uzlaşma əlaqəsi ilə mübtədaya tabe
olduğunu, idarə əlaqəsi ilə zərflik (bəzən də
yanaşma əlaqəsi ilə) və tamamlığı özünə tabe
etdiyini bildiyini, tabelilik və tabesizlik
əlaqələrini müqayisə etmə bacarığını və bunun
əsasında nəticəyə gəldiyini nümayiş etdirməli
idi. Digər tərəfdən, xəbərin zərflə sintaktik
əlaqəyə girmədiyini doğru hesab edənlər A
cavabını seçməklə səhvə yol vermişlər. çünki
tapşırığın şərtində xəbərin hansı üzvlə
tabelilik əlaqəsində olmadığını müəyyənləşdirmək
tələb olunur, hansı nitq hissəsi ilə yox. Eyni
zamanda şagirdlər xəbərin həmcins xəbərlə
tabesizlik əlaqəsində olduğunu, xəbərin xəbərlə
tabelilik əlaqəsində olmadığını
müəyyənləşdirməkdə də çətinlik çəkmişlər. A
cavabında zərfin verilməsi tapşırığın çətinlik
səviyyəsini mürəkkəbləşdirmişdir. Şagirdlərin bu
sahədə bilik və bacarıqları, ümumiləşdirmə
qabiliyyəti, sintez etmə və dəyərləndirmə
bacarığı tələb olunan səviyyədən aşağı
olduğundan etalon pozulmuşdur. Cavab
müəyyənləşdirməkdən imtina edənlərin sayı
(42,19%) doğru C cavabını müəyyənləşdirənlərin
sayından (35,94%) çox olmuşdur. Bu tapşırıq
çətinlik səviyyəsinə görə mürəkkəbdir.
Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış və
sınaq imtahanlarını daha səmərəli keçirmək üçün
testlərə qoyulan tələblər - qanunauyğunluq,
etibarlılıq, ədalətlilik, praktiklik
gözlənilməklə fənlər üzrə mövzular
kodlaşdırılmış, həmin mövzular üzrə kifayət
qədər test tapşırıqları hazırlanmışdır. Bu test
tapşırıqları Təhsil Nazirliyinin test bankına
qəbul olunanda onların hər birinin mövzular üzrə
kodu ilə bərabər, çətinlik səviyyəsi,
relevantlıq kateqoriyası da müəyyən edilmişdir.
Azərbaycan dili və ədəbiyyat fənlərindən
2008-2009-cu tədris ilində buraxılış
imtahanlarında şagirdlərin bilik, bacarıqlarını
yoxlamaq məqsədi ilə istifadə olunan test
tapşırıqları relevantlıq kateqoriyalarına görə
aşağıdakı nominasiyaları əhatə etmişdir:
1. Terminoloji
2. Faktoloji
3. ümumiləşdirici
4. Məntiqi-izahedici
5. Bədii mətnin məzmunu üzrə biliklərin
yoxlanılması
Bu və ya digər nominasiyalardan olan test
tapşırıqları həm çətinlik səviyyəsi, həm də
ədalətlilik, yararlılıq, obyektivlik və
bərabərlik baxımından bütün bölgələr, variantlar
üçün eyni olmuşdur. Bugünkü yazımızda
Bakı-Sumqayıt bölgəsinin variantları statistik
təhlil üçün əsas götürülmüşdür.
Hər bir nominasiyaya aid test tapşırıqları
şagirdlərin müəyyən sahə ilə bağlı bilik,
bacarıqlarının yoxlanılmasına xidmət etmişdir.
Məsələn, terminoloji tapşırıqlarla şagirdlərin
elmi anlayışları, ifadələri və onları əks
etdirən terminləri dərketmə, mənimsəmə; onlardan
istifadə etmə bacarığını yoxlamaq mümkün
olmuşdur.
A variantı, 15-ci test tapşırığı.
Məhəlli xarakter daşıyır, ümumişlək deyil.
Söhbət nədən gedir?
A) terminlərdən B) köhnəlmiş sözlərdən C) yeni
sözlərdən D) alınma sözlərdən E) dialekt
sözlərdən
Leksika bəhsinə aid terminoloji test
tapşırığıdır. Həm tapşırığın şərti, həm də
distraktorlardakı terminlərin təqdim olunan
formada verilməsi şagirdin dialekt sözlər
haqqındakı elmi anlayışını dəqiq
müəyyənləşdirməsini asanlaşdırır. ümumişlək
olmayan anlayışları bildirən ifadələr içərisində
ancaq dialekt sözlərin məhəlli xarakter
daşımasını müəyyənləşdirmək şagirddən o qədər də
çox vaxt tələb etmir. Sadə səviyyəli bu
tapşırığın doğru E cavabını 72,73% şagird doğru
müəyyənləşdirmişdir.
Faktoloji informasiya ilə əlaqədar test
tapşırıqları faktik materiala dair bilikləri
yoxlamağı nəzərdə tutmuş və sadə dil faktlarını,
hadisələrini əks etdirən material əsasında
tərtib edilmişdir. Belə tapşırıqlar şagirdin
fəaliyyətini nə?, nə qədər?, neçə? kimi
suallara konkret cavab axtarmağa yönəltmişdir.
Məntiqi-izahedici tapşırıqlar şagirdlərin hər
hansı dil hadisəsini, faktını, morfoloji və
sintaktik funksiyaları izah edə bilmək, müəyyən
qayda və prinsipdən irəli gələn səbəb və
nəticələri başa düşmək, ümumiyyətlə,
səbəb-nəticə əlaqəsini dərk etmək qabiliyyətinin
yoxlanılmasına xidmət etmişdir.
A variantı, 10-cu test tapşırığı.
Adlıq halda olan isim nə zaman cümlədə mübtəda
olmur?
A) hara? sualına cavab verdikdə
B) xitab olduqda
C) kim? sualına cavab verdikdə
D) cümlənin sonunda gəldikdə
E) nə? sualına cavab verdikdə
çətinliyinə görə orta səviyyəli tapşırıqdır.
İsmin sintaktik funksiyaları ilə bağlıdır.
Şagird adlıq halda olan ismin niyə mübtəda
olmadığının səbəbini araşdırmaq üçün mübtəda ilə
xitabın oxşar və fərqli cəhətlərini dərk
etdiyini, adlıq halda olan ismin müraciət
bildirdikdə xitab olduğunu bilməsi ilə sübut
etməlidir. A, C, D, E cavablarının təqdim olunan
formada tərtibi şagirddən məntiqi düşüncə tələb
edir. Doğru B cavabını müəyyən edən şagirdlərin
sayı 58,41% olmuşdur. Bu da onu göstərir ki,
tədris prosesində şagirdlərin məntiqi-izahedici
tapşırıqlar üzərində səmərəli işləməsinə ehtiyac
var.
Bədii mətnin məzmunu üzrə biliklərin
yoxlanılmasını tələb edən tapşırıqlar ayrıca
öyrənilən əsərin mətni üzərində qurulmaqla,
əsərin mətni, obrazları, ən mühüm hadisələr,
lirik əsərin əzbərlənməsi və s. ilə bağlıdır.
Elə bütün bölgələr üzrə bütün variantların 19-cu
test tapşırığı da şagirdlərin bu sahədə bilik və
bacarıqlarının yoxlanılması məqsədinə xidmət
etmişdir.
A variantı, 19-cu test tapşırığı.
İ.Nəsimi "Yanaram" rədifli qəzəlini kimə
müraciətlə başlayır?
A) cahillərə B) sənəmə C) könlünə D) özünə
E) Tanrıya
"Yanaram" şeirinin mətni ilə tanış olan, onun
ilk beytini əzbər bilən şagird cavab verməkdə
çətinlik çəkmir. Digər tərəfdən, C, D, E
distraktorlarında göstərilən müraciət
obyektləri-könül, özü və Tanrı Ş.İ.Xətainin "Ayrılır"
qəzəli ilə bağlıdır. Bu müraciət obyektlərinin,
eləcə də A distraktorundakı müraciət
obyektlərinin heç biri İ.Nəsiminin haqqında
söhbət gedən şeirinə aid deyil. Nəsiminin "Yanaram"
qəzəli sənəmə müraciətlə başlayır. Doğru cavab
verən şagirdlərin sayı 69,99% olmuşdur.
Mərkəzləşdirilmiş qaydada keçirilən buraxılış
imtahanlarının əsas məqsədi yalnız şagirdlərin
biliyini kəmiyyət baxımından qiymətləndirmək və
onlara orta təhsili bitirmək haqqında attestat
vermək deyil.
Qiymətləndirmə məlumatların toplanması sayəsində
əldə olunan nəticələrin bir neçə istiqamətdə
şərhinə imkan verdiyinə görə səkkiz fənn üzrə
keçirilən bu imtahanlar ümumilikdə təhsilə
qiymət verir, perspektivləri müəyyənləşdirir,
mövcud problemləri ortaya qoyur.
Azərbaycan dili fənni üzrə şagirdlərin biliyinin
qiymətləndirilməsi orta məktəblərdə fənnin əsas
məqsədinin - dil normalarına uyğun olaraq
düzgün danışmaq, düzgün yazmaq, fikrini düzgün
ifadə etmək və dinlədiyini anlamaq bacarığının
nisbətən qənaətbəxş yerinə yetirildiyini
göstərir. Səkkiz fənn üzrə keçirilən
imtahanlarda ana dili fənninin göstəricisi daha
yüksəkdir, belə ki, o, "2" alanların sayına görə
axırıncı ( 97 % ) yeri tutur, "5" alanların
sayına görə isə reytinq cədvəlində 5-ci yerdədir.
Ana dili fənni üzrə imtahanda iştirak edən
şagirdlərin 17, 81 faizi yüksək qiymət almağa
müvəffəq olub.
Qeyd edildiyi kimi, buraxılış imtahanında
istifadə olunan sualların hazırlanmasında
müxtəlif fəaliyyət növlərinin qiymətləndirilməsi
məqsədi izlənilib. Suallara verilən düzgün və
səhv cavabların statistikasından belə qənaətə
gəlinir ki, dərsliklərdə həm nəzəri bilikləri,
həm də tətbiqi bacarıqları, məntiqi inkişaf
etdirən çalışma və tapşırıqlar özünə yer tapıb.
Lakin şagirdlərin dilin tətbiqi sahəsi olan nitq
mədəniyyəti və üslubiyyatı sahəsi üzrə bilik və
bacarıqlarının səviyyəsi o qədər də qənaətbəxş
deyil.
Fənnin mənimsəmə səviyyəsini yüksəltmək üçün
məktəbdaxili qiymətləndirmənin müxtəlif üsul və
vasitələrindən məqsədyönlü istifadə etmək tələb
olunur. Təlim prosesində şagirdlərdə
ümumiləşdirmə qabiliyyətinin, dərk etmə, tətbiq
və təhlil etmə bacarıqlarının inkişafını təmin
etmək üçün daha çox müşahidə,
özünüqiymətləndirmə, layihə, şifahi və yazılı
təqdimat, sual-cavab kimi qiymətləndirmə
üsullarından, qruplarla iş formasından, müşahidə
vərəqləri, özünüqiymətləndirmə vərəqləri, meyar
cədvəli, şifahi nitq bacarıqları və yazı
vərdişlərinin inkişafı üzrə qeydiyyat vərəqi
kimi vasitələrdən istifadə etmək məqsədəuyğundur.
Təranə HACIYEVA,
Təhsil Nazirliyi Monitorinq və
qiymətləndirmə şöbəsinin müdiri,
filologiya elmləri doktoru |