|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
Asəf Zeynallı - 100 İlk professional təhsilli Azərbaycan bəstəkarı Azərbaycan
klassik musiqisinin yaradıcılarından, öz
xidmətləri ilə adlarını musiqi
incəsənətimizin tarixinə əbədilik
həkk etmiş sənətkarlardan söz düşəndə
ilk xatırlananlardan biri də Asəf Zeynallı olur.
İlk professional təhsilli Azərbaycan bəstəkarı,
simfonik musiqimizin banisi, görkəmli pedaqoq, musiqi folklorumuzun
toplayıcısı və tədqiqatçısı, xalq
musiqimizin alovlu təbliğatçısı olan Asəf
Zeynallı milli musiqimizin təşəkkülü və
tərəqqisində misilsiz rol oynamışdır. Bu il
anadan olmasının 100 illiyinin musiqi ictimaiyyətimizin
təntənə ilə qeyd etməyə hazırlaşdığı
Asəf Zeynallı cəmi 23 il ömür sürsə də, Tanrının
ona verdiyi tükənməz istedad və enerji, xalqa və onun
musiqisinə bəslədiyi sonsuz məhəbbəi
sayəsində cəmi 6-7 illik yaradıcılıq
fəaliyyəti dövründə çoxlarının 50 ildə görə
bilmədiyi işi görmüş, özündən sonra
qərinələrin sınağından
cəsarətlə çıxan və həmişə
təravətini saxlayan bir irs qoyub getmişdir. Asəf Zeynalabdin oğlu Zeynallı 1909-cu
il aprelin 5-də yurdumuzun qədim şəhərlərindən
olan Dərbənddə bağban ailəsində anadan olmuşdur.
Asəf hələ körpə ikən atası Zeynalabdin
rəhmətə getmiş, gələcək
bəstəkarı anası Həsbənd xanım böyüdüb
tərbiyə etmişdir. Toxucu işləyən
Həsbənd xanım ailəni - özünü və üç oğlunu
güclə dolandırdığından Asəfin uşaqlıq
dövrü çox ağır keçmişdir. Həyatın bu ağırlığını,
çətinliyini yüngülləşdirən yeganə şey
isə Zeynallılar ailəsində daim eşidilən
musiqi səsi olmuşdur. Asəfin anası Həsbənd
xanım xalq musiqisinin vurğunu idi və o vaxt
Azərbaycan qadınlarının çox sevdiyi qarmonda
məharətlə çalırdı. Məhz bu ifa
hələ erkən uşaqlıq dövründə
Asəfdə musiqiyə dərin məhəbbət yaratmış
və onun qəlbində gələcəkdə musiqiçi
olmaq arzusu oyatmışdı. Həsbənd xanımda xüsusi
ifaçılıq məharəti vardı və musiqi
sahəsindəki fitri istedadı da Asəfə yəqin
ki, anasından keçmişdi. Balaca Asəf anasının ifa
etdiyi xalq mahnılarına uzun müddət maraqla qulaq asardı. üzləşdikləri maddi çətinliyə
baxmayaraq, Həsbənd xanım 7 yaşlı Asəfi
Dərbənd realnı məktəbinə qoyur.
Təbiətən oxumağa, öyrənməyə
həvəsi olan Asəf tezliklə
realnı məktəbdə öz fəallığı,
təlim uğurları, hər şeyi öyrənməyə
can atması ilə seçilir və məktəbin ictimai
həyatında fəal iştirak edir. Asəf
dərsləri ilə yanaşı, musiqiyə də xüsusi
fikir verirdi. O, oxuduğu realnı məktəbin
nəfəs alətləri orkestrinə yazılaraq burada
klarnet çalmağa başlayır. Tezliklə yaxşı
ifaçı kimi tanınır. ötən əsrin ikinci onilliyinin ortalarında
birinci dünya müharibəsindən məğlubiyyətlə
çıxan Rusiyanın hər yerində vəziyyət ağırlaşır,
insanların güzəranı daha da pisləşir. 20-ci
illərin əvvəllərində daha da yoxsullaşan
Zeynallılar ailəsi, daha doğrusu ailənin başçısı
Həsbənd xanım iş axtarmaq üçün Bakı şəhərinə
köçməyi qərara alır. Zeynallılar ailəsinin Bakıya
gəlişi Azərbaycanda Sovet hakimiyyətinin qurulmasının
ilk illərinə təsadüf edir. Sosialist inqilabı bir imperiyanı yıxıb
yerində digər imperiyanı yaratsa da, böyük bir ölkədə
sosializm ideologiyasının uzun illər şəriksiz hökmranlığının
təməlini qoysa da, ilk illər bir sıra müsbət işləri
də olmuşdur ki, onlardan da biri hər yerdə yeni
tədris müəssisələrinin yaradılması, onların
öz qapılarını kasıb ailələrin balalarının
üzünə açması idi. Zeynallılar ailəsi Bakıya
gəldikdən sonra Asəf təhsilini buradakı 9-illik
məktəbdə davam etdirir. Eyni zamanda musiqiyə olan
sonsuz həvəsi 11 yaşlı yeniyetməni hərbi
məktəbin nəzdindəki orkestrə gətirir. O,
burada kornetdə çalmağı öyrənir və
tezliklə orkestrdə həm klarnetçi, həm də kornet
və trubaçı kimi tanınır, orkestrin
rəhbərliyi Asəfin nəfəs alətlərini
məharətlə səsləndirməsini
yüksək qiymətləndirir. özündəki istedadı duyan və onu inkişaf
etdirməyə səy göstərən Asəf 1923-cü
ildə Azərbaycan Musiqi Texnikumuna (sonralar uzun müddət
Asəf Zeynallı adına Bakı Musiqi Texnikumu kimi tanınmış
indiki Azərbaycan Milli Konservatoriyası tərkibində
Musiqi Kolleci) daxil olub burada truba sinfində təhsil alır.
öz üzərində inadla çalışması, ardıcıl
məşğələlər nəticəsində
Asəf Zeynallı trubada mükəmməl çalmağı öyrənib
texnikum rəhbərliyinin işçi klublarında təşkil
etdiyi konsertdə uğurla çıxış edir. Asəf
ilk yaradıcılıq addımlarını da texnikumda
oxuduğu illərdə atmış, 1923-cü ildə özünün
ilk musiqi əsəri olan "Truba üçün marş"ı
yazmışdır. Həmin əsəri 1923-cü
ildə təşkil olunmuş konsertlərin birində özü
ifa etmişdir. Asəf Zeynallının istedadı dahi
bəstəkar üzeyir Hacıbəyovun diqqətini elə
onun texnikuma gəldiyi ilk gündən cəlb etmişdir. Asəf Zeynallının
anası Həsbənd onu musiqi texnikumuna
gətirəndə üzeyir Hacıbəyov bu
yeniyetmədəki fitri istedadı görmüş və "bu
ki, əsl istedaddır", - deyərək elə ilk günlərdən
Asəf Zeynallının inkişafına xüsusi qayğı
göstərmişdir. Asəf Zeynallı da böyük hamisi və
müəlliminə dərin hörmət bəsləmiş, onu
mənəvi atası adlandıraraq
məsləhətlərinə daim əməl etmişdir. Texnikumda bir müddət truba sinfində
oxuduqdan sonra səhhəti ilə əlaqədar
həkimlər bu alətdə çalmağı ona
məsləhət görmədiklərindən A.Zeynallı
violonçel sinfinə keçir və burada məşhur violonçel
ustası Mstislav Rostropoviçin atası Leopold Rostropoviçdən
dərs alır. Asəf Zeynallı texnikumda violonçel üzrə
məşğələlərlə paralel pedaqoq
N.V.Jenetskoydan fortepianoda çalmağı da öyrənir.
Nəzəri fənlərdən isə ona üzeyir Hacıbəyov
dərs deyir . Müəlliminin şəxsi nümunəsi
gənc bəstəkarı həmişə ilhamlandırmış,
yaradıcılığa sövq etmişdir. Ondan əxz
etdikləri biliklər isə A.Zeynallının
nəzəri baxışlarının formalaşmasında
mühüm rol oynamışdır. 1926-cı ildə Musiqi Texnikumu konservatoriya
ilə birləşdiyindən Asəf Zeynallı həmin
il konservatoriyanın orkestr sinfinə daxil olur. Lakin az müddətdən
sonra üzeyir Hacıbəyovun məsləhəti ilə
bəstəkarlıq şöbəsinə keçir. Konservatoriyada onun müəllimləri professor
B.V.Karaqıçev, L.E.Ab, L.P.Yablonko və ü.Hacıbəyov
olmuşlar. Karaqıçev və Ab ona kompozisiya
nəzəriyyəsindən, üzeyir Hacıbəyov isə Azərbaycan xalq musiqisinin əsaslarından
dərs demişlər. A.Zeynallı konservatoriyada təhsil almaqla
bərabər, yaradıcılıqla da geniş məşğul
olmuş, bir-birinin ardınca müxtəlif mövzularda və
janrlarda əsərlər yazmışdır. 1928-1931-ci
illər gənc bəstəkar üçün xüsusilə
məhsuldar olmuşdur. Bu
illər ərzində özünün vokal, mahnı, romans,
fortepiano, ansambl əsərlərinin böyük qismini, o cümlədən
məşhur "ölkəm" romansını (1928) yazmışdır. Azərbaycan xalq musiqisinin əsaslarını
xüsusi diqqətlə və dərindən öyrənən
A.Zeynallı üzeyir Hacıbəyovun rəhbərliyi altında
Azərbaycan ladlarında məşq tapşırıqları
yazmış, xalq melodiyalarının spesifikasını,
xalq musiqisinin inkişaf yollarını öyrənmişdir.
İstedadlı bəstəkarın konservatoriyada oxuduğu
illərdə xalq mahnı intonasiyalarına əsaslanaraq
yazdığı xor ilə orkestr üçün "Şikəstə",
fortepiano üçün "çahargah", "Durna", skripka
və fortepiano üçün "Muğamsayağı", iki
violençel və fortepiano üçün "Qoyunlar"
əsərləri indi də sevilə-sevilə ifa
olunur. Azərbaycan xalq musiqisinin əsasları üzərində
iş Asəf Zeynallının təkcə yaradıcılığına
deyil, musiqişünaslıq görüşlərinə də böyük
təsir etmişdir. O,
hələ tələbəlik illərində xalq
musiqimizi, xalq çalğı alətlərimizi proletkultçuların
hücumlarından cəsarətlə qorumuş, onların müdafiəsinə
yönəlmiş məqalələr yazmış, alovlu çıxışlar
etmişdir. Bu baxımdan onun
hələ konservatoriyanın tələbəsi
ikən qələmə aldığı "Tarın müdafiəsinə"
adlı məqaləsi xüsusilə diqqətəlayiqdir.
Həmin məqaləsində A.Zeynallı o vaxt tarı
ləğv etmək istəyənlərin başında
duran maarif komissarına və ona dəm tutanlara
çox kəskin etirazını
bildirir, tarı müdafiə edir. O yazırdı:
"Tar öz konstruksiyasına görə yeganə alətdir
ki, xalq yaradıcılığı və muğamların
mahiyyətini dəqiq çatdıra bilir. Buna görə də
tarı ləğv etməklə biz təkcə xalq
musiqisi haqqında aydın təsəvvür
almaq imkanından məhrum olmuruq, həm də xalq
yaradıcılığı təfəkkürünün texnikası,
ola bilər, bu təfəkkürün forma və məhsuluna da
ciddi təsir göstəririk. Bizim təbiətən xalqın
özünə məxsus olanı müsadirə etmək hüququmuz
yoxdur". 20-ci illərin sonunda Asəf Zeynallı
konservatoriyanın tələbəsi ola-ola
əvvəlcə Azərbaycan Dövlət Dram Teatrında,
1931-ci ildən isə Tənqid-təbliğ teatrında işə
qəbul olunur. O, teatrda musiqi hissəsinə
rəhbərlik edirdi. Tənqid-təbliğ teatrında işlədiyi
qısa dövr ərzində burada səhnəyə qoyulan
xeyli əsərə musiqi yazmışdır. Onlardan
"Hind qızı", "Yanğın",
"Sevil", "Dönüş" və s.
əsərləri qeyd etmək olar. Asəf Zeynallı konservatoriyada təhsil
aldığı illərdə klassik və xalq musiqimizi
təbliğ etmək, musiqi sahəsində baş
verən yeniliklərlə tanış olmaq, dünyagörüşünü
genişləndirmək üçün ilk dəfə Leninqrada
(indiki Sankt-Peterburq) səfər edir. O, burada sovet
musiqisindəki yeni istiqamətlərlə, sovet musiqiçiləri
qarşısında duran yeni vəzifələrlə
maraqlanır, musiqi xadimləri ilə görüşür,
Azərbaycan musiqisini təbliğ etmək üçün
konsertlərin təşkili imkanları ilə maraqlanır. 1931-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq şöbəsini
müvəffəqiyyətlə bitirən Asəf Zeynallı
daha intensiv fəaliyyətə başlayır, yeni
əsərlər üzərində işləyir.
Hələ tələbəlik illərindən aparmağa
başladığı pedaqoji işi davam etdirir,
Azərbaycan Proletar Musiqiçilər Assosiasiyasının
sədri, konservatoriyada yaradıcı sektorun təşkilatçısı
və sədri kimi ictimai iş aparır. Doğma Azərbaycan incəsənətinin
daha geniş təbliğinə çalışan Asəf
Zeynallı 1931-ci ilin payızında ikinci dəfə
Leninqrada səfər edir. Leninqrad Filarmoniyasında
Azərbaycan bəstəkarlarının
əsərlərindən ibarət konsert təşkil edir
və tamaşaçılar qarşısında Azərbaycan
musiqisinin xarakterik xüsusiyyətləri barədə
məruzə edir. Konservatoriyanı bitirdikdən sonra başı
yeni bədii ideyalarla dolu olan Asəf Zeynallı özünün
irihəcmli əsəri olan "Fraqmentlər" süitasını
yazmağa başlayır. 7 hissədən ibarət olan süita
üçün ilkin material tənqid-təbliğ teatrının
səhnəsində oynanılmış müxtəlif
pyeslərə Asəf Zeynallının yazdığı
musiqi təşkil edir. Teatrın 10-illik yubileyi günündə
"Fraqmentlər" süitasının ifası Bakının
musiqi ictimaiyyətinə böyük təəssürat bağışlamışdı. Leninqrada ikinci uğurlu səfərindən
qayıtdıqdan sonra Asəf Zeynallı daha iri simfonik
əsər yazmaq fikrinə düşür. ölkədə yaranan
yeni quruluşun ümumi yüksəlişindən, xalqın
qaynar enerjisindən və yaradıcı
əməyindən ruhlanaraq özünün yeni əsərini -
simfoniyasını sevimli Vətəninə həsr
etməyi qərara alır. Lakin ölüm bu niyyətini
həyata keçirməkdə ona mane olur. Bəstəkar
"Bakı" adlandırdığı həmin
simfoniyanın ancaq girişini, mövzunun əsas və ikinci
dərəcəli eskizlərini yazmağa macal tapır, işin
son planını cızır. üzeyir Hacıbəyov Asəf Zeynallının
simfoniya üzərində işləməsini xatırlayaraq
yazırdı: "Asəf özünə qapanıb işləmirdi,
başqaları ilə özünün kompozisiyası haqqında
fikir mübadilələri edir, hər cür musiqi mövzularında
həvəslə söhbət aparırdı. Məşum
xəstəlikdən qabaq mənimlə söhbətində
Asəf deyirdi ki, onun başı xalq musiqisinin müxtəlif
sahələri üzərində muşahidələrdən
alınmış ən qəribə səslərlə
doludur. Bütün bunları o, bədii cəhətdən işləyib
fikirləşdiyi simfoniyasında verməyə hazırlaşırdı". Asəf Zeynallının yaradıcılıq
fəaliyyətinin mühüm istiqamətlərindən birini
onun Azərbaycan xalq mahnılarının toplanması
və işlənməsi üzrə işi təşkil
edirdi. Bu işə o, 1932-ci ildən xeyli əvvəl başlamışdı.
O, xalq musiqisinin, mahnı və rəqslərinin vurğunu
idi. Onları diqqətlə öyrənir və yaradıcılığı
üçün əsas istinad materialı kimi götürürdü. O dövrdə Azərbaycan Dövlət
Konservatoriyası yanında elmi-tədqiqat kabineti
fəaliyyət göstərirdi. Həmin qurumun əsas
vəzifələrindən biri xalq mahnılarının
toplanıb nota alınması idi. Bu işlə tanınmış
ifaçılarla yanaşı, gənc musiqişünaslar da
məşğul olurdular. 1932-ci ilin yayında gənc
bəstəkar Asəf Zeynallı məşhur müğənni
Bülbüllə birlikdə kabinetin tapşırığı
ilə xalq mahnılarını toplamaq məqsədi
ilə Qarabağa ekspedisiyaya yollanır. Ekspedisiya çox
məhsuldar olur. Qrup xeyli xalq mahnısı və melodiyası
toplayır, Asəf Zeynallı təkcə özü 50-yə
qədər xalq mahnı nümunəsi əldə edir. Onun
məqsədi həm də toplanmış mahnılardan
gələcək simfoniyasında istifadə etmək idi.
Bu baxımdan o, mahnıların çoxunu simfoniyası üçün
material kimi yığmışdı. Evə qayıdan
Asəf Zeynallı yolda
yatalaq xəstəliyinə tutulur. Bakıya qayıtdıqdan
sonra bir müddət müalicə olunsa da 1932-ci il oktyabrın
27-də 23 yaşında vəfat edir. Hazırda onun
qəbri Musabəyov qəsəbəsindəki ümumi
qəbiristanlıqda yerləşir. Asəf Zeynallının həyat və
yaradıcılığında pedaqoji fəaliyyəti
də mühüm yer tutur. O, hələ konservatoriyada
təhsilini başa vurmazdan xeyli əvvəl orada müəllim
kimi işə götürülür və musiqi-nəzəri
fənlərdən dərs deyir. Azərbaycanın ilk professional
bəstəkarı, böyük istedada malik Asəf Zeynallı
musiqi tariximizə bir sıra yeni janrların banisi kimi daxil
olmuşdur. Azərbaycan musiqisinin klassikləri üzeyir
Hacıbəyov və Müslüm Maqomayev tərəfindən açılmış
yolla gedən A.Zeynallı onların
ənənələrini böyük uğurla davam etdirmişdir. Asəf Zeynallının yaradıcılığının
xarakterik cəhətini xəlqilik təşkil edir. Müəllimi
kimi o da Azərbaycan xalqının həyatının
proqressiv tərəflərini öz yaradıcılığında
aydın təcəssüm etdirmişdir. Asəfin
əsərlərində dövrün qabaqcıl ideyalarının
nəfəsi aydın duyulmaqdadır. Onun
əsərləri Azərbaycanın o zamankı həyatının
canlı əksidir. Zeynallı yaradıcılığının
musiqi dilində özünü göstərən milli əsaslar
musiqinin klassik formaları ilə birləşir. Asəf Zeynallının stilinin əsas xüsusiyyəti
miniatür formalara tez-tez müraciət edilməsidir. A.Zeynallının
əsas əsərləri kamera musiqisinə aiddir. Əgər
üzeyir Hacıbəyov və Müslüm Maqomayev yaradıcılıqlarının
əvvəlindən 20-ci illərədək əsasən
iri musiqi - səhnə əsərləri üzərində işləyirdilərsə,
A.Zeynallı əvvəlcə romans janrına, kiçik
ansambllar üçün fortepiano pyeslərinə müraciət edir.
İri simfonik əsəri olan "Fraqmentlər"ini
yazması, simfoniyanın planını qaralaması onu göstərir
ki, bəstəkar xırda formalardan iri əsərlərin
yaradılmasına doğru inamla irəliləyirmiş. A.Zeynallının vokal yaradıcılığı
daha çox populyarlıq qazanmışdır. Onun mahnı
və romanslarında iki xarakterik xətt özünü göstərir:
vətənpərvərlik və lirizm. Bu xətlərin
hər ikisi Azərbaycan bəstəkarlarının sonrakı
yaradıcılıqlarına böyük təsir göstərmişdir. Azərbaycanda Sovet hakimiyyətinin qurulmasını,
əməkçi xalqın, xüsusən də Azərbaycan qadınının
əsrlərlə davam edən əsarətdən qurtulmasını
qızğın alqışlayan Asəf Zeynallı "Qızıl
bayraq", "10 il" mahnılarını və "çadra"
romansını yazır. Vətənə sonsuz məhəbbət,
onun gözəlliklərindən vəcdə gəlmək
lirik xarakteri ilə dolub-daşan "ölkəm" romansında
öz aydın təcəssümünü tapıb. Ancaq Zeynallı
romanslarının daha əhəmiyyətli xəttini
bəstəkar tərəfindən aydın ifadə olunan
məhəbbət lirikası təşkil edir. Onun lirik
romansları sırasına konservatoriyada oxuduğu
illərdə yazılmış "Ceyran",
"Sual" və digərləri də daxildir. A.Zeynallının romanslarının
melodiyası gözəl və təbiidir. Rahat, yaddaqalan
melodik ifadələr A.Zeynallının
əsərlərini, sözün tam mənasında, vokal adlandırmağa
imkan verir. Onlar təkcə peşəkar musiqiçilər
yox, həm də xalq tərəfindən asan oxunur. İstedadlı bəstəkarın romanslarının
melodiyasında ahəngdarlıqla yanaşı aydın
ifadəlilik də xasdır. Ahəngdarlıq
ifadəliliklə birləşərək, şübhəsiz,
romansların intonasiya dilini zənginləşdirir, onları
daha ifadəli edir. Onun ansambl əsərləri də özünün
azlığına baxmayaraq, (bəstəkar
tərəfindən cəmi 3 ansambl əsəri yazılıb:
fortepiano, violonçel və skripka üçün "Beşik mahnısı",
skripka və fortepiano üçün "A la magam", (Muğamsayağı)
iki violonçel və fortepiano üçün "Qoyunlar")
Azərbaycan musiqisində mühüm rol oynamışdır.
Asəf Zeynallının fortepiano yaradıcılığında
ən maraqlı əsərlərdən biri də onun 6
pyesdən ("Kuklaların marşı", "Uşaq
və buz", "Oyun", "Rəqs",
"Qoyunlar", "Mübahisə") ibarət olan "Uşaq
süitası"dır. Sadə vasitələrlə
bəstəkar uşaq həyatının riqqət doğuran
səhnələrini təsvir edir. A.Zeynallı bu
pyesləri ilə Azərbaycanda uşaq fortepiano miniatürünün
inkişafının əsasını qoymuşdur. Bəstəkarın "Uşaq süitası",
habelə bir sıra digər kiçik fortepiano pyesləri -
"çahargah", "Durna", "Səndən
mənə yar olmaz" kiçik və orta yaşlı uşaqların
repertuarında ən sevimli əsərlərdir. Onun xalq üslubu tematikasında yazdığı
fortepiano fuqaları da musiqimizin sonrakı inkişafında
müsbət rol oynamışdır. A.Zeynallı yaradıcılığında
"Fraqmentlər" simfonik süitası xüsusi yer tutur. "Fraqmentlər" ilk simfonik
əsər olmaqla Azərbaycan simfonizminin erkən inkişaf
dövrünün əsərləri sırasında obrazların
konkretliyi, parlaq ifadəliliyi ilə fərqlənir. Asəf Zeynallı 20-ci illərin sonu - 30-cu
illərin əvvəllərində Azərbaycan vokal müsiqisinin
və milli bəstəkarlıq məktəbinin inkişafında
böyük rol oynamışdır. Azərbaycan konservatoriyasının
bəstəkarlıq bölməsinin ilk azərbaycanlı
məzunu olan A.Zeynallı Azərbaycan xalq melodiyasının
işlənməsinin elə formalarını tapmağa
cəhd edirdi ki, onun qarşısında yaradıcılıq
inkişafının geniş perspektivlərini aça bilsin.
Bu tendensiya bəstəkarın simfonik, fortepiano və vokal
əsərlərində özünü aydın büruzə verir. İstedadlı Azərbaycan bəstəkarı
Asəf Zeynallı qısa ömür sürsə də, onun özündən
sonra qoyduğu irs bədii əhəmiyyətini heç vaxt
itirməyəcəkdir. Bu əsərlər sadəliyi
və duyğularının səmimiliyi ilə bizi
həmişə valeh edir. Asəf Zeynallının
demək olar ki, bütün əsərləri populyarlıq
qazanaraq tədris-pedaqoji ədədiyyatlara və konsert
repertuarlarına daxil olub. Bu baxımdan Asəf Zeynallının
həyat və fəaliyyəti Azərbaycan musiqiçilərinin
gənc nəsli üçün ən yaxşı nümunədir. ölümündən 80 ilədək bir müddət
keçməsinə baxmayaraq, Asəf Zeynallının
həyat və yaradıcılığına,
əsərlərinə diqqət heç zaman azalmamışdır.
Onun bir çox əsərləri indi də müğənnilərmiz,
musiqi kollektivləri tərəfindən
sevilə-sevilə ifa olunur. Dahi üzeyir bəy Asəf Zeynallı yaradıcılığını,
istedadını yüksək qiymətləndirərək
demişdir: "Asəfin əsərlərinə ötəri
bir nəzər saldıqda aydın olur ki,
gələcəkdə o, olduqca böyük, orijinal və
dərin düşüncəli bir sovet bəstəkarı ola
bilərdi". Nazim KAZIMOV, Azərbaycan Milli Konservatoriyası nəzdində Musiqi Kollecinin direktoru, əməkdar incəsənət xadimi, professor |