· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

   

Bakıda "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev mərasimdə iştirak edib

Martın 20-də Beynəlxalq Muğam Mərkəzində "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimi olmuşdur.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və qızı Leyla, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura, habelə dünyanın 17 ölkəsindən festivala gəlmiş çoxsaylı qonaqlar mərasimdə iştirak etmişlər.

Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın birbaşa himayəsi ilə son illər Azərbaycanda muğam sənətinin qorunması, inkişafı və təbliği sahəsində böyük işlər görülür. Azərbaycan muğamının YUNESKO-nun bəşəriyyətin qeyri-maddi irsinin şah əsərləri siyahısına daxil olunması da bilavasitə bunun nəticəsidir.

YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanımın təşəbbüsü ilə keçirilən Beynəlxalq muğam festivalı da Azərbaycan mədəniyyətinin, musiqisinin bütün dünyada tanıdılması, təbliği və sevilməsi istiqamətində mühüm tədbirlərdən biridir. Festivalın təşkilatçıları Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyi və Azərbaycan Bəstəkarlar İttifaqıdır. Təhsil Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Mədəniyyətinin Dostları Fondu festivala dəstək verirlər. Beynəlxalq festivalın prezidenti Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri Mehriban Əliyevadır.

Martın 25-dək davam edəcək "Muğam aləmi" festivalında Azərbaycan ilə yanaşı, ABŞ, Fransa, İtaliya, Almaniya, Suriya, İraq, Mərakeş, özbəkistan, İran, Misir, Hindistan və digər ölkələr də təmsil olunur. Festival çərçivəsində elmi simpozium keçirilmişdir. Bundan başqa, muğam ifaçılarının beynəlxalq müsabiqəsi keçiriləcək, müxtəlif konsertlər də təşkil ediləcəkdir.

Azərbaycan Prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva, YUNESKO-nun Baş direktoru Koişiro Matsuura və digər qonaqlar mərkəzdə təşkil edilmiş qədim musiqi alətləri sərgisi ilə də tanış oldular. Burada Beynəlxalq muğam festivalında iştirak edən ölkələrin musiqi alətləri nümayiş etdirilir ki, bu da həmin ölkələrin mədəniyyəti, o cümlədən muğam sənəti barədə geniş təsəvvür yaratmağa imkan verir. Sonra festivalın rəsmi açılış mərasimi oldu. Salona toplaşanlar Prezident İlham Əliyevi hərarətlə qarşıladılar.

Dövlətimizin başçısı mərasimdə çıxış etdi.

***

Sonra gənc muğam ifaçıları konsert proqramı ilə çıxış etdilər. Konsertin gedişində xalq şairi Bəxtiyar Vahabzadənin "Muğam" poemasından parçalar səsləndi.

***

Həmin gün "Muğam aləmi" Beynəlxalq festivalının rəsmi açılış mərasimində iştirak edən qonaqların şərəfinə ziyafət verildi.

AzərTAc