· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Ukrayna Prezidenti Bakı Slavyan Universitetinin müəllim və tələbələri ilə görüşüb

Ukrayna Prezidenti Viktor Yuşşenko və xanımı Katerina Yuşşenko aprelin 10-da Bakı Slavyan Universitetində (BSU) olmuşlar.

Xatırladaq ki, Ukrayna ilə Azərbaycan arasında əməkdaşlığın inkişafında, xalqlarımızın dostluq münasibətlərinin möhkəmlənməsində, elm, təhsil və mədəniyyət sahəsində əlaqələrin genişlənməsi və dərinləşməsində görkəmli xidmətlərinə görə Ukrayna Prezidenti Viktor Yuşşenko 2006-cı ildə BSU-nun fəxri doktoru adına layiq görülmüşdür.

Ukrayna Prezidentini və xanımını burada səmimiyyətlə, gül-çiçəklə qarşıladılar.

Ukrayna dövlətinin başçısı əvvəlcə Taras Şevçenko adına Ukrayna dili linqafon kabinetinin açılışında iştirak etdi.

Sonra Prezident Yuşşenko və xanımı Ukrayna Mədəniyyət Mərkəzi və Ukrayna bazar günü məktəbi ilə tanış oldular. Məktəbin dinləyiciləri və BSU-da ukraynaşünaslıq ixtisası üzrə təhsil alan tələbələr ali qonağı və xanımını Ukrayna dilində səmimiyyətlə salamladılar.

Prezident Viktor Yuşşenkoya məlumat verildi ki, 2001-ci ildə Ukrayna Ali Radasının sədri İvan Plyuş tərəfindən açılan Ukrayna Mədəniyyət Mərkəzi hazırda universitetdə fəaliyyət göstərən mərkəzlərdən birincisidir. Onun nəzdindəki Ukrayna bazar günü məktəbi isə respublikamızda ilk belə məktəbdir.

Daha sonra Prezident Viktor Yuşşenko universitetin elmi şurasının üzvləri, professor-müəllim heyəti və tələbələri ilə görüşdü.

BSU-nun rektoru, AMEA-nın müxbir üzvü Kamal Abdullayev ali qonağı universitetin professor-müəllim heyəti və tələbələri adından salamladı.

Rektor dedi ki, Ukrayna Prezidentini Azərbaycanda müdrik, iradəli siyasətçi, ölkəmizin böyük dostu kimi tanıyırlar. Elmi şuranın üzvləri və universitetin bütün kollektivi əmindir ki, BSU-nun fəxri doktoru Viktor Yuşşenko ölkələrimizin elmi-mədəni əlaqələrinin daha da genişlənməsinə, BSU ilə Ukraynanın ali təhsil müəssisələri arasında əməkdaşlığın dərinləşməsi üçün əlavə imkanlar yaradılmasına, Bakının bu təhsil ocağında ukraynaşünas mütəxəssislər hazırlanmasının keyfiyyətinin yaxşılaşmasına kömək edəcəkdir.

K.Abdullayev vurğuladı ki, ümummilli lider Heydər Əliyevin fərmanı ilə 2000-ci ildə yaradılan Bakı Slavyan Universiteti Azərbaycan ilə Ukrayna arasında mənəvi, elmi, mədəni əlaqələrin inkişafında xüsusi rol oynayır. BSU-da ukraynaşünaslıq həm bakalavr, həm də magistr pillələrində tədris olunur. Məzunlar Azərbaycanın müxtəlif təşkilatlarında uğurla çalışır, bir çoxları Ukrayna-Azərbaycan əlaqələrinə dair elmi araşdırmalar aparırlar.

Prezident Viktor Yuşşenko Azərbaycana rəsmi səfərini, aparılmış danışıqları yüksək qiymətləndirərək bildirdi ki, ikitərəfli münasibətlərimiz dinamik inkişaf edir. Konkret iqtisadi layihələrin həyata keçirilməsi də daxil olmaqla, bizi əla perspektivlər gözləyir.

Ukrayna rəhbəri Azərbaycan xalqını qazandığı uğurlar münasibətilə təbrik etdi və əminliklə dedi ki, Ukrayna dövlətinin və xalqının simasında Azərbaycan xalqının həmişə dostları olacaqdır. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinə toxunaraq bəyan etdi ki, Ukrayna münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasını dəstəkləyir.

Prezident Viktor Yuşşenko Azərbaycan paytaxtında onun ölkəsinin, xalqının tarixini, dilini və mədəniyyətini öyrənən universitetin fəaliyyət göstərməsinin Ukrayna üçün çox mühüm olduğunu vurğuladı, BSU-nun tələbələrinə və professor-müəllim heyətinə yeni uğurlar, dost Azərbaycan xalqına isə sülh və tərəqqi arzuladı.

Görüşdə iştirak edən Azərbaycan Baş nazirinin müavini Elçin Əfəndiyev BSU-nun avropaşünaslıq kafedrasının dosenti Habil Məmmədovun "Müasir Ukrayna tarixi" kitabını və Taras Şevçenkonun Azərbaycan dilində nəşr olunmuş seçilmiş əsərlərini Ukrayna dövlətinin başçısına təqdim etdi.

BSU-nun rektoru Kamal Abdullayevə Nizami Gəncəvinin "Leyli və Məcnun" poemasının Ukrayna və Azərbaycan dillərində yubiley nəşri təqdim olundu.

Ukrayna Prezidenti universitet tələbələrinin suallarına cavab verdi.

 

AzərTAc