· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Gədəbəydə yeni məktəb binaları tikilir  

Rayon icra hakimiyyətindən bildirmişlər ki, son beş ildə Gədəbəydə 14 məktəb binası tikilmiş, 70-i isə əsaslı təmir edilmişdir.

Hazırda rayonun Xarxar kəndində 240 şagird yerlik, Dəyəqarabulaq kəndində 200 şagird yerlik, Arısu kəndində isə 180 şagird yerlik yeni məktəb binalarının tikintisində son tamamlama işləri görülür. Yaxın günlərdə həmin məktəblərdə dərslər geniş və yaraşıqlı, müasir avadanlıqla təchiz olunmuş sinif otaqlarında davam etdiriləcəkdir.

 

 

Gəncədə şagirdlər arasında ekoloji müsabiqə keçiriləcək

 

Aprelin sonlarında Gəncənin orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Ekologiya və mən" mövzusunda müsabiqə keçiriləcəkdir.

Gəncə Şəhər Təhsil İdarəsi ilə Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Regional Elm Mərkəzinin birgə təşkil etdikləri müsabiqədə IV-XI sinif şagirdlərinin hava, su, torpaq və bioloji mövzularda rəsm, foto və digər yaradıcılıq nümunələri nümayiş olunacaqdır. Bundan əlavə, ilk dəfə məktəblilərin Poer-paint proqramı vasitəsilə hazırladıqları ekoloji layihələrin təqdimatı da keçiriləcəkdir.

Müsabiqənin qaliblərinə qiymətli hədiyyələr və fəxri fərmanlar veriləcəkdir.

 

AzərTAc

 

 

 

 

 İnternetə çıxış təmin olunub

Bakıdakı 265 nömrəli orta məktəbdə Təhsil Nazirliyinin dəstəyi ilə İnternetə çıxış açılmış, gündəlik informasiyalardan xəbərdar olmaq üçün   müəllim və şagirdlərə hər cür şərait yaradılmışdır.  Məktəbin direktoru Y.Qurbanova bildirdi ki, informatika kabinetində dərs deyən  müəllimlər noutbuk proyektlərindən,   ayrı-ayrı fənlər üzrə əldə edilmiş elektron dərsliklərdən  istifadə yolu ilə şagirdlərdə alqoritmik təfəkkür elementlərinin yaradılmasına və kompüter texnikasından istifadə  qabiliyyətinin  formalaşdırılmasına  ciddi  yanaşırlar.

Məktəbin informatika   müəllimləri Nərminə Kərimova və Gülxar Tağıyevanın səyi nəticəsində şagirdlər informasiya və kommunikasiya texnologiyasının sirlərinə dərindən yiyələnirlər.

 

Ş.CƏFƏROV

 

 

 

Məktəbdə yubiley tədbiri

Bakıdakı 163 nömrəli orta məktəbdə  müəllim İlyas Abbasovun anadan olmasının 60 illiyi ilə əlaqədar yubiley tədbiri keçirildi. Məktəbin direktoru Afət Qafarlı yubilyarın keçdiyi şərəfli ömür yolundan söz açdı.

Əvvəllər ibtidai sinif müəllimi işləmiş İlyas Abbasov  hazırda ibtidai siniflər üzrə  direktor müavini vəzifəsində çalışır. O, işlədiyi pedaqoji kollektivdə  sinif müəllimlərinin yaxın köməkçisi olmaqla  bərabər, həm də  nümunəvi ailə başçısıdır.

Tədbirdə digər çıxış edənlər də İlyas müəllimin yüksək insani keyfiyyətlərindən, uşaqların tərbiyəsində pedaqoji bacarığından səmərəli istifadə etməsindən danışaraq onu  təbrik etdilər.

Sonda  pedaqoji işdə səmərəli fəaliyyətinə görə İlyas Abbasov Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Səbail Rayon Komitəsi tərəfindən Fəxri fərmanla və pul mükafatı ilə təltif olundu.