· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

"Ən yaxşı müəllim" müsabiqəsinin ilk mərhələsindən keçən müəllimlərin II mərhələdə sınaq dərsləri dinləniləcək

Aprelin 14-də Təhsil Nazirliyində nazir Misir Mərdanovun "Ən yaxşı müəllim" müsabiqəsinin II mərhələsini keçirən fənn komissiyalarının üzvləri və bu mərhələnin keçiriləcəyi məktəblərin direktor və direktor müavinləri ilə görüşü oldu.

Görüş iştirakçılarını salamlayan təhsil naziri Misir Mərdanov "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin artıq ikinci ildir ki, keçirildiyini, ötən il respublikamızın ən tanınmış və nüfuzlu müəllim və məktəblərinin bu müsabiqənin qalibi olduğunu söylədi. Respublika Prezidenti cənab İlham Əliyev tərəfindən təhsil işçilərinə daim diqqət və qayğı göstərildiyini vurğulayan nazir müsabiqələrin keçirilməsinin, həmçinin təhsil işçilərinin mütəmadi olaraq fəxri ad və mükafatlara layiq görülməsini  buna bariz nümunə olduğunu dedi.

Nazir "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin keçirilməsi ilə bağlı   xeyli  hazırlıq işlərinin görüldüyünü deyərək   qeyd etdi  ki, ötən il olduğu kimi, bu il də müsabiqələrlə əlaqədar işləri Təhsil Nazirliyində yaradılmış Təşkilat Komitəsi istiqamətləndirir və koordinasiya edir. "Ən yaxşı müəllim" müsabiqəsində iştirak etmək üçün Təşkilat Komitəsinə 450 nəfər müraciət etmişdir. Sənədləri qəbul olunmuş müəllimlərin göstəriciləri müvafiq əmsallar tətbiq edilməklə 16 parametr üzrə qiymətləndirilmiş,  1,0 və daha çox bal toplayan 217 nəfər növbəti mərhələyə buraxılmışdır. Həmin müəllimlər II mərhələdə sınaq dərsi deməlidirlər. Sınaq dərslərinin keçirilməsi üçün artıq Bakı şəhərində 35 məktəb müəyyənləşdirilmişdir.

 "Ən yaxşı müəllim" müsabiqəsinin I mərhələsinin yekunları ilə bağlı məlumatları diqqətə çatdıran nazir  bildirdi ki, müsabiqənin ikinci mərhələsinin iştirakçıları arasında bu dəfə  ibtidai sinif müəllimləri çoxluq təşkil edir. Onların sayı 46 nəfərdir. Müsabiqədə 40 rayon və şəhərin, Təhsil Nazirliyinin  tabeliyindəki lisey və gimnaziyaların, universitetlərin nəzdindəki məktəblərin və bir özəl məktəbin müəllimləri təmsil olunub. 17 rayonun müəllimləri az bal topladıqları üçün II mərhələyə buraxılmayıblar.

Bütün bunlar barədə geniş məlumat verən təhsil naziri müasir dövrdə müəllimə verilən tələblərin 15-20 il bundan əvvəlkindən xeyli fərqləndiyini dedi. Qeyd etdi ki, bu günün müəllimi daha çox istiqamətverici, təşkilatçı keyfiyyətləri ilə seçilməli, şagirdlərə öyrənməyi öyrətməyi bacarmalıdır. Müasir müəllimin başlıca xüsusiyyəti ondan ibarət olmalıdır ki, o, şagirdlərlə əməkdaşlıq edə bilsin, onların təlim müstəqilliyini, təşəbbüskarlığını layiqincə qiymətləndirməyi bacarsın. Onları yaradıcı düşünməyə, tədqiqatçılığa istiqamətləndirsin, şagirdlərdə öz potensial imkanlarına inam oyada bilsin. Müəllimi qiymətləndirərkən onun lazımi səviyyədə elmi-nəzəri hazırlığa malik olması ilə bərabər, digər  keyfiyyətləri  nəzərə alınmalıdır. Müxtəlif səviyyəyə malik şagirdlərlə işləmək, onlara dövrün tələblərinə uyğun həyati bacarıqlar aşılamaq qabiliyyəti, qeyri-standart düşünməyə, bilikləri müstəqil mənimsəməyə yönəltmək, hər bir şagirddə ən yaxşı cəhəti görüb qiymətləndirmək, təlim prosesində qeyri-ənənəvi metodikalar  tətbiq etmək bacarığı və digər keyfiyyətlər hazırkı dövrdə müəllimin pedaqoji ustalığını və metodik cəhətdən kamilliyini şərtləndirən əsas xüsusiyyətlərdir. Təhsil naziri bildirdi ki, Təşkilat Komitəsində dinləniləcək dərslərin qiymətləndirilməsi meyarları müəyyən edilərkən qeyd olunan  cəhətlərin nəzərə alınmasına çalışılıb. Nazir qeyd etdi ki, fənn komissiyalarının üzvləri tərəfindən müəllimlərin dinləniləcək sınaq dərsləri müəyyən edilmiş 12 meyar əsasında, hər biri maksimum 10 bal olmaqla  dəyərləndiriləcəkdir. Həmin   meyarların hər biri haqqında geniş söz açan təhsil naziri fənn komissiyalarının üzvlərinə, ilk növbədə, ədalətlilik və obyektivlik prinsiplərini gözləməyi tövsiyə etdi.  Nazir Misir Mərdanov onu da bildirdi ki, fənn komissiyalarının tərkibinə ötən il keçirilmiş müsabiqə qaliblərindən 31 nəfər daxil edilmişdir. Hər bir sınaq dərsi videolentə alınacaqdır.  Nazir daha sonra görüşdə  iştirak edən məktəb direktorlarına və direktor müavinlərinə müraciət edərək sınaq dərslərinin  səmərəli və yüksək səviyyədə təşkil olunması ilə bağlı görəcəkləri işləri bir daha onlara xatırlatdı və  bir sıra tövsiyələrini verdi. Təhsil naziri  müsabiqənin II mərhələsində iştirak edən müəllimlərin sınaq dərslərinin dinlənilməsinə aprelin 20-dən etibarən  başlanılmasının nəzərdə tutulduğunu bildirdi.

Görüşün sonunda  ölkə ictimaiyyətinin diqqət mərkəzində olan "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" müsabiqələrinin ötən il olduğu kimi, bu il də uğurla həyata keçiriləcəyinə, nəticədə  ən layiqlilərinin seçiləcəyinə ümidvar olduğunu deyən nazir Misir Mərdanov  bu yolda bütün təhsil işçilərinə müvəffəqiyyətlər arzuladı.

 

Samirə KƏRİMOVA