· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan təhsili: yaxın keçmişə, bu günə və gələcəyə bir baxış

(Əvvəli qəzetimizin ötən saylarında)

   

Hörmətli oxucular, bu məqalədə Azərbaycan təhsili üçün yeni olan de-institutlaşdırma və bu sahədə həyata keçirilən tədbirlər barədə məlumat vermək istəyirəm. Bilavasitə həmin məsələyə keçməmişdən əvvəl ölkəmizdə internat tipli təhsil müəssisələrinin təşəkkülü tarixinə qısa nəzər salmaq yerinə düşərdi.

İngilis tədqiqatçısı E.Kareter "Mərkəzi və Şərqi Avropada, keçmiş Sovet İttifaqında uşaq qayğı sistemi" adlı tədqiqat əsərində göstərir ki, dünyada ilk belə müəssisələr, əsasən, kimsəsiz uşaqlar üçün sığınacaq yeri kimi yaradılmışdır. Həmin tədqiqatdan məlum olur ki, ilk uşaq qayğı müəssisəsi uşaqların öldürülməsinin qarşısını almaq üçün e.ə. III əsrdə Konstantinopol şəhərində yaradılmışdır. Orta əsrlərdə İtaliyada Katolik kilsəsi atılmış uşaqlar üçün xüsusi evlər ayırmış və bu təcrübə sonradan bütün Avropaya yayılmışdır.

Azərbaycanda uşaqlar üçün qayğı mərkəzləri rolunu oynayan ilk internat tipli müəssisələr və uşaq evləri neft milyonçuları tərəfindən 1910-cu illərin əvvəllərində yaradılmışdır. Həmin müəssisələr, əsasən, Birinci Dünya müharibəsində valideynlərini itirmiş uşaqlara qayğı məqsədilə təşkil edilmişdir.

ölkəmizdə internat tipli müəssisələrin şəbəkəsinin inkişaf mərhələsi sovet dövrünə təsadüf edir. Azərbaycan SSR Xalq Maarifi Komissarlığının 6 yanvar 1926-cı il tarixli Kollegiya qərarı ilə "Kəndli-gənclər məktəbləri haqqında Əsasnamə"nin təsdiq edilməsi bu sahədə əhəmiyyətli rol oynamışdır. Kəndli-gənclər məktəblərinə 12 yaşdan 17 yaşınadək gənclər qəbul edilirdi. Bu məktəblərdə təhsil müddəti 3 il idi. Məktəbi bitirənlərin texnikumlara və II pillə məktəblərinin müvafiq siniflərinə qəbul olunmaq hüququ var idı. Müxtəlif kəndlərdən təhsilə cəlb edilən və həmin məktəblərdə təhsil alanlar üçün internat tipli yataqxanalar təşkil edilirdi. Bu tipli məktəblərin təcrübəsi sonralar internat məktəblərinin yaranmasına gətirib çıxardı.

Azərbaycanda internat tipli müəssisələrin kütləvi şəkildə yaradılması İkinci Dünya müharibəsinin törətdiyi genişmiqyaslı sosial fəlakətlə əlaqədar olmuşdur. Müharibədən sonra keçmiş Sovetlər ölkəsində, o cümlədən Azərbaycanda sağlamlıq imkanları məhdud, əlil, valideyn himayəsindən məhrum olmuş və sosial cəhətdən müdafiəyə ehtiyacı olan ailələrin uşaqları üçün təhsil müəssisələri sistemi yaradılmış və inkişaf etdirilmişdir. Bu sistem bütövlükdə dövlətin nəzarətində olmuş və yalnız büdcədən ayrılan vəsait hesabına maliyyələşdirilmişdir.

Aztəminatlı ailələrə yardım, işləyən analara şərait yaratmaq məqsədilə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi və SSRİ Nazirlər Soveti 15 sentyabr 1956-cı ildə internat məktəblərin təşkili haqqında qərar qəbul etmişdi. Qərarın icrası ilə bağlı valideynlərini itirmiş və valideyn himayəsindən məhrum, sağlamlıq imkanları məhdud və imkansız ailələrdən olan uşaqların yaşaması və təhsil almalarına şərait yaratmaq məqsədilə internat məktəblərin təşkilinə xüsusi diqqət yetirilməsi nəticəsində artıq 1966-cı ildə Azərbaycanda 25,4 min şagirdi əhatə edən 65 internat məktəb fəaliyyət göstərirdi.

Kənd məktəblərinin problemlərini həll etmək məqsədilə Sov.İKP MK və SSRİ Nazirlər Soveti "Kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq tədbirləri haqqında" 6 iyul 1973-cü ildə xüsusi qərar qəbul etmişdi. Həmin qərarın icrası ilə əlaqədar 1974-1980-ci illər üzrə xüsusi plan təsdiq olunmuşdu. Planda kənd yerlərində məktəbyanı internatların tikintisinin sürətləndirilməsi və digər məsələlər öz əksini tapmışdı.

Həmin illərdə sağlamlıq imkanları məhdud olan uşaqlar üçün respublika tabeliyində olan xüsusi məktəblərin sayı 1970-ci ildəki 14-dən 1979-cu ildə 22-yə, məktəbyanı internatların sayı isə 215-ə çatdırılmışdı.

1990-cı ildə Azərbaycanda 63 dövlət uşaq müəssisəsində 20 mindən artıq uşaq yaşayır, təlim və tərbiyə alırdı. Digər keçmiş Sovet respublikaları ilə müqayisədə bu o qədər böyük rəqəm olmasa da, Azərbaycan üçün xarakterik deyildi. çünki ölkəmizdə uşaqların el arasında "detdom" adlandırılan təhsil müəssisələrinə verilməsi cəmiyyətdə birmənalı qarşılanmırdı və belə ailələrə tənə ilə baxırdılar. Ermənistanın Azərbaycana təcavüzü nəticəsində uşaqların valideynlərini itirməsi, qaçqın və məcburi köçkün ailələrinin maddi vəziyyətinin aşağı olması və digər sosial amillər də dövlət uşaq müəssisələrində uşaqların sayının artmasına səbəb olmuşdu.

Bir çox postsovet ölkələri kimi, Azərbaycanda da müstəqilliyin ilk illərində əhalinin həyat şəraitinin aşağı düşməsi və yoxsulluğun artması meyilləri özünü büruzə verirdi. Bazar iqtisadiyyatına keçid isə məşğulluq, ödənişsiz təhsil və səhiyyədən istifadə imkanları kimi bir çox sosial zəmanətlərin əhəmiyyətli dərəcədə azalmasına səbəb olmuşdu. Bunların hamısı əhalinin maddi durumuna mənfi təsir göstərir və bir çox ailələrin yoxsulluq həddinə çatması ilə nəticələnirdi. Yaranmış vəziyyət aztəminatlı ailələrin uşaqlarının internat tipli müəssisələrə yerləşdirilməsinə və bu müəssisələrdə uşaqların sayının artmasına gətirib çıxarırdı.

2004-cü ildən başlayaraq Təhsil Nazirliyi, YUNİSEF və digər beynəlxalq təşkilatlar tərəfindən dövlət uşaq müəssisələrinin və orada təlim-tərbiyə alan uşaqların vəziyyəti araşdırılmağa başlandı. Araşdırmalar nəticəsində uşaq evləri və internat məktəbləri haqqında məlumatlar toplanıb Heydər Əliyev Fonduna təqdim edildi və bu məlumatların təhlili əsasında Fond tərəfindən "Uşaq evləri və internat məktəblərinin İnkişafı Proqramı" adlı 5-illik proqram hazırlandı.

Proqram çərçivəsində Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı ilə xüsusi qayğıya ehtiyacı olan, kimsəsiz, valideyn himayəsindən məhrum, müəyyən mənada cəmiyyətin diqqətindən kənarda qalan uşaqların təhsilinin təşkili, onların təhsil aldığı müəssisələrin maddi-texniki və tədris bazasının möhkəmləndirilməsi istiqamətində məqsədyönlü işlər görüldü, ölkədə 39 internat və xüsusi məktəb əsaslı təmir olunub müasir avadanlıqlarla təmin edildi.

Bu müəssisələrdə uşaqlar üçün ev şəraitinə maksimum yaxın olan mühit yaradıldı. Bütün bu işlər Heydər Əliyev Fondunun, şəxsən onun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilmişdir. Mehriban Əliyeva xüsusi qayğıya ehtiyacı olan uşaqların təhsilinin təşkili sahəsində dünyanın aparıcı ölkələrinin mütərəqqi təcrübəsindən istifadə olunması zərurətini önə çəkərək qeyd etmişdir: "Konkret problemləri həll edərkən, qlobal problemləri də unutmaq olmaz. Məsələn, uşaq evləri və internat məktəblərinin bütün sisteminin sovet pedaqogikası və təhsilin sovet sistemi ilə idarəolunması çərçivəsində yarandığını nəzərə almaq son dərəcə vacibdir. Ona görə də digər ölkələrin təcrübəsindən faydalanmaq və istifadə etmək üçün qapıları açmaq zəruridir. Heç bir dövlət müəssisəsi, ən müasir, gözəl təmir olunmuş, avadanlıqla təmin edilən məktəb belə, heç zaman ailə mühitini əvəz edə bilməz. Fondun ən vacib və böyük məqsədlərindən biri də bu təhsil müəssisələrində təlim-tərbiyə alan uşaqların ailə şəraitində tərbiyə almasını təmin etməkdir".

Bütün bunlarla yanaşı, qeyd etmək lazımdır ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra insan hüquqları ilə bağlı bir sıra beynəlxalq konvensiyalara qoşulmuşdur. Bunlardan biri 1992-ci ildə ratifikasiya edilmiş Uşaq Hüquqları Konvensiyasıdır. Konvensiyadan irəli gələn vəzifələri həyata keçirmək məqsədilə uşaq hüquqları ilə bağlı müxtəlif qanunlar, Prezident fərmanları və Nazirlər Kabinetinin qərarları qəbul edilmişdir. Bütün bu sənədlərdə təsbit olunmuşdur ki, ailədə böyümək hər bir uşağın hüququdur, ailə isə uşağın sağlam inkişafı və cəmiyyətə inteqrasiyası üçün ən uyğun mühitdir.

Uşaq Hüquqları Konvensiyasının tələblərinə əsasən dövlət uşaq müəssisələrindən uşaqların bioloji və ya digər alternativ ailələrə verilməsi, bu uşaqların hüquqlarının qorunması daim diqqət mərkəzində olmalı, uşaqları qəbul edən ailələrə sosial yardım edilməlidir.

Son illərdə respublikamızda iqtisadiyyatın sürətli inkişafı, sosial sahələrə diqqətin artırılması, regionların inkişafı məqsədilə həyata keçirilən tədbirlər nəticəsində yeni iş yerlərinin açılması, adambaşına düşən gəlirin ilbəil artması əhalinin, o cümlədən hər bir ailənin sosial vəziyyətinin yaxşılaşması Azərbaycanda de-institutlaşdırma siyasətinin həyata keçirilməsinə əlverişli zəmin yaratmışdı.

Dünya təcrübəsi və uşaq hüquqları üzrə konvensiyaların tələbləri nəzərə alınaraq beynəlxalq təşkilatlarla birlikdə "Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (de-institutlaşdırma) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)" hazırlandı və 2006-cı il martın 29-da ölkə Prezidentinin sərəncamı ilə təsdiq olundu.

Proqramın əsas məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasında təsbit olunmuş uşağın şəxsiyyətinin tam və ahəngdar inkişafı üçün ailə mühitində xoşbəxtlik, məhəbbət və anlaşma şəraitində böyüməsinin zəruriliyi nəzərə alınaraq, dövlət uşaq müəssisələrində olan uşaqların ailələrə verilməsi və alternativ qayğının təşkili mexanizmlərinin yaradılması və səmərəli işləməsinin təmin edilməsi idi.

Proqrama əsasən de-institutlaşdırma aşağıdakı dövlət uşaq müəssisələrini əhatə etməlidir: 1) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün uşaq evləri; 2) valideynlərini itirmiş və valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün internat məktəbləri; 3) ümumtəhsil internat məktəbləri (ümumi təyinatlı internat evləri); 4) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbləri; 5) sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi məktəblər; 6) atılmış uşaqlar üçün körpələr evi (Səhiyyə Nazirliyi sistemində).

Proqramda aşağıdakı vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulmuşdur:

- normativ-hüquqi bazanın təkmilləşdirilməsi;

- dövlət uşaq müəssisələrində uşaqların ailələrə verilməsinin əsas istiqamətlərinin müəyyənləşdirilməsi, uşaqların ailələrə verilməsi, onların hüquqlarının qorunması və sosial müdafiəsinin işlək mexanizmlərinin tətbiq edilməsi;

- uşaq evləri və internat tipli dövlət uşaq müəssisələrinin tədricən uşaqlara ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması;

- uşaqlara ailə əsaslı sosial xidmətlərin maliyyələşdirilməsi və stimullaşdırıcı amillərdən geniş istifadə etmək məqsədilə uşaqlar yerləşdirilən ailələrə maliyyə yardımlarının göstərilməsi;

- dövlət uşaq müəssisələrinin kadr potensialı geniş istifadə olunmaqla uşaqlara ailə əsaslı sosial xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması;

- uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin ən sonuncu imkan olması baxımından uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, dövlət himayəsinə qəbul olunma meyarlarının dəqiqləşdirilməsi və onlara riayət olunmasına nəzarətin gücləndirilməsi;

- dövlət uşaq müəssisələrində olan uşaqların sayının artmasının qarşısını almaq məqsədilə risk qrupundan olan (uşaqların ailələrdən belə müəssisələrə verilməsi baxımından) uşaqlar və ailələr arasında sistemli preventiv tədbirlərin görülməsi;

- ailələrə verilmiş uşaqların təhsilə cəlb olunması, onlara səhiyyə və reabilitasiya xidmətlərinin göstərilməsinin təmin olunması;

- dövlət ilə qeyri-hökumət və beynəlxalq təşkilatlar arasında de-institutlaşdırma məsələlərinin həlli sahəsində səmərəli əməkdaşlığın təmin olunması.

Qeyd edilən vəzifələrin yerinə yetirilməsi üçün Proqramda aşağıdakı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulmuşdur:

 

I. Normativ-hüquqi bazanın təkmilləşdirilməsi ilə əlaqədar:

1. De-institutlaşdırmanın müvafiq beynəlxalq tələblərə uyğun səmərəli və intensiv həyata keçirilməsi üçün mövcud qanunvericilik bazasının stimullaşdırıcı amillər nəzərə alınmaqla təkmilləşdirilməsi məqsədi ilə təkliflərin hazırlanması;

2. De-institutlaşdırma ilə bağlı tədbirlərin yoxsulluğun azaldılması və davamlı inkişafla bağlı tədbirlərlə əlaqələndirilməsi;

3. Uşaq evlərində olan uşaqların ailələrə verilməsi, hüquqlarının qorunması və sosial müdafiəsi mexanizmlərinin hazırlanması və qəbul edilməsi;

4. Dövlət uşaq müəssisələrində uşaqların sayının artmasının qarşısını almaq məqsədilə uşaqların dövlət himayəsinə qəbul edilmə meyarlarının dəqiqləşdirilməsi, uşaqların belə müəssisələrə daxil olmasına ciddi nəzarət mexanizminin hazırlanması, bu məqsədlə mövcud normativ-hüquqi aktlara müvafiq əlavə və dəyişikliklərlə bağlı təkliflərin verilməsi;

5. Uşaqlar verilən ailələrin stimullaşdırılması, onlara maliyyə dəstəyinin verilməsi, ailədə belə uşaqlara ayrılmış müavinətin xərclənməsinin monitorinqi mexanizmlərinin hazırlanması;

6. Sosial işçilərin statusunun müəyyənləşdirilməsi, onların maddi təminatı ilə bağlı təkliflərin hazırlanması;

7. Uşaqlar üçün ailə əsaslı sosial xidmətlər mərkəzlərinin fəaliyyətini tənzimləyən müvafiq normativ-hüquqi aktların hazırlanması və təsdiqi;

8. De-institutlaşdırmanın həyata keçirilməsi ilə bağlı müvafiq normativ-hüquqi aktların, metodiki vəsaitlərin, təlimatların və s. hazırlanması.

 

II. Təşkilati tədbirlərlə əlaqədar:

9. Dövlət uşaq müəssisələrinə uşaqların düşməsi hallarının qarşısının alınması üçün risk qruplarından olan uşaqlar arasında və onların ailələri ilə sistemli preventiv tədbirlərin görülməsi;

10. Uşaq evləri və internat tipli təlim-tərbiyə müəssisələri bazasında uşaqlar üçün ailə əsaslı sosial xidmət mərkəzlərinin və alternativ xidmətlər sisteminin (qəyyumluq, himayədarlıq, tərbiyə edilmək üçün himayədar ailəyə verilməsi və s.) yaradılması;

11. Təhsil müəssisələrində müvafiq ixtisaslar üzrə sosial işçilərin, o cümlədən dövlət uşaq müəssisələri işçilərinin peşə yönümünü dəyişməklə uşaqlara ailə əsaslı xidmətləri həyata keçirən sosial işçilərin hazırlanması, onlarla müvafiq treninqlərin keçirilməsi;

12. Dövlət himayəsində olan uşaqlar saxlanılan dövlət təlim-tərbiyə müəssisələrinin şəbəkəsinə yenidən baxılması, onların sayının azaldılması üçün müvafiq tədbirlərin görülməsi;

13. ümumtəhsil internat məktəblərinin (ümumi tipli internat evlərinin) bazasında ümumi təyinatlı ümumtəhsil məktəblərinin, lisey və gimnaziyaların yaradılması məqsədilə tədbirlərin görülməsi;

14. Sağlamlıq imkanları məhdud uşaqlar üçün internat tipli təlim-tərbiyə müəssisələrinin bir hissəsinin reabilitasiya mərkəzlərinə çevrilməsi;

15. Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların müəyyən hissəsinin ümumtəhsil məktəblərinə inteqrasiyası və bu məktəblərdə onların sağlam uşaqlarla birgə təhsilinin təşkili üçün tədbirlərin davam etdirilməsi;

16. De-institutlaşdırmanın həlli sahəsində qeyri-hökumət və beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlığın təmin olunması üçün tədbirlərin görülməsi;

17. Ailələrə verilmiş sağlamlıq imkanları məhdud uşaqların təhsilə cəlb olunması, onların səhiyyə və reabilitasiya xidmətləri ilə təmin edilməsi;

18. Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyaların de-institusionalizasiyanın həyata keçirilməsində bilavasitə iştirakının təmin edilməsi və bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi;

19. Proqramın həyata keçirilməsinin təmin edilməsi üçün Koordinasiya qrupunun yaradılması.

 

III. Təbliğat və maarifləndirmə ilə əlaqədar:

20. Kütləvi informasiya vasitələri və digər yollarla de-institutlaşdırma ilə bağlı əhalinin məlumatlandırılması və bu barədə təbliğatın aparılması.

 

IV. Monitorinqin aparılması üzrə tədbirlər:

21. Dövlət uşaq müəssisələrində tərbiyə olunan uşaqların vəziyyətinin araşdırılması və monitorinqinin aparılması;

22. Sağlamlıq imkanları məhdud uşaqlar haqqında məlumat bazasının yaradılması və bu kateqoriyadan ailələrə verilmiş uşaqların vəziyyətinin monitorinqinin aparılması;

23. Ailələrə verilmiş uşaqlara nəzarətin təşkili və onların vəziyyətinin dövri monitorinqinin aparılması.

Proqramın reallaşdırılması nəticəsində dövlət himayəsində olan uşaqların ailə mühitində inkişafı, hüquqlarının qorunması və sosial müdafiəsi, dövlət uşaq müəssisələrində olan uşaqların və belə müəssisələrin sayının azalması, uşaq evləri və internat tipli müəssisələrin uşaqlar üçün ailə əsaslı sosial xidmətlər sistemi ilə əvəz olunması gözlənilən nəticələr kimi müəyyənləşdirilmişdir.

2006-cı ildə müvafiq dövlət qurumları və QHT-lərin geniş iştirakı ilə Koordinasiya Şurası yaradıldı, Əsasnamə işləndi. YUNİSEF, Səhiyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birgə 2007-ci il üçün Fəaliyyət Planı hazırlanıb təsdiq edildi. Koordinasiya Şurasının çoxsaylı iclasları keçirildi, Koordinasiya Şurası yanında "Sosial iş, xidmətlərin təşkili", "Uşaqların ailələrə verilməsi", "Müəssisələrin transformasiyası, monitorinq və qiymətləndirmə", "İnklüziv təhsil", "İctimai əlaqələndirmə və KİV-lə əlaqələr", "Məlumat bankının yaradılması", "Qanunvericiliyin təkmilləşdirilməsi" sahələri üzrə işçi qrupları yaradıldı. Beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Koordinasiya Şurasının üzvləri İtaliya, Polşa, Xorvatiya, Türkiyə, Qırğızıstan və digər ölkələrə səfərlər etdilər.

Etiraf edim ki, ilk dövrlərdə de-institutlaşdırma ilə əlaqədar hansı tədbirlərin həyata keçiriləcəyi, icra mexanizmlərinin necə olacağı barədə nəinki ictimaiyyətdə, hətta Koordinasiya Şurası üzvlərində belə geniş təsəvvür yox idi. Cəmiyyətdə və müvafiq təhsil müəssisələrində ən çox müzakirə olunan məsələ bu idi ki, internat tipli müəssisələr ləğv ediləcək, uşaqlar dövlət qayğısından məhrum olacaq, müəllim və digər işçilər isə iş yerlərini itirəcəklər.

Belə müzakirələrin aparılmasının əsaslı səbəbləri də var idi. Bir çoxları düşünürdülər ki, mövcud olan internat tipli müəssisələr xüsusi qayğıya ehtiyacı olan uşaqların dövlət təminatında saxlanması üçün ideal vasitədir. Bu tipli müəssisələrin ləğv olunması isə həmin uşaqların dövlət qayğısından məhrum olmasına gətirib çıxara bilər. Əlbəttə, belə düşünənlərin məlumatı yox idi ki, artıq əksər ölkələr internat tipli müəssisələr təcrübəsindən imtina etmişlər. çünki bu müəssisələrdə uşaqlar ailədən, sosial mühitdən və həmyaşıdları ilə ünsiyyətdən məhrum olur, sivil dünyadan təcrid olunmuş mühitdə yaşamaq məcburiyyətində qalırlar ki, bu da onların inkişafına mənfi təsir göstərir.

Digər bir problem onunla bağlı idi ki, Proqramın icrasına cəlb olunan strukturlar arasında koordinasiya və məsələlərin birgə həlli ciddi çətinliklərlə müşayiət olunurdu. Bu səbəbdən Koordinasiya Şurasının tərkibində bir neçə dəfə dəyişikliklər etmək  zərurəti meydana çıxmışdı.

Sadalanan və digər problemlər ilkin mərhələdə Proqramın səmərəli icrasına mane olurdu. Nazirlər Kabinetinin qərarı ilə 2007-ci ilin iyulunda Təhsil Nazirliyində Dövlət Proqramının həyata keçirilməsi və idarəolunması üzrə 5 nəfərdən ibarət işçi qrupunun yaradılması, YUNİSEF tərəfindən maliyyələşdirilən 2 nəfər məsləhətçinin bu işə cəlb olunması Proqramın icrasında müəyyən irəliləyişlərə səbəb oldu.

YUNİSEF, "Uşaqların xilası", "Azərbaycana birgə yardım" və digər beynəlxalq təşkilatların dəstəyi ilə Dövlət Proqramının ayrı-ayrı aspektləri ilə bağlı pilot layihələr həyata keçirilməyə başlandı. Əməkdaşlıq çərçivəsində 2007-ci il sentyabrın 24-də Açıq Cəmiyyət İnstitutu Əqli Sağlamlıq Təşəbbüsü Təşkilatı ilə Təhsil Nazirliyi arasında Qarşılıqlı Anlaşma Memorandumu imzalandı. 2008-2012-ci illəri əhatə edən bu layihə çərçivəsində bir pilot müəssisənin seçilməsi və icma əsaslı xidmət modelinin yaradılması nəzərdə tutulmuşdu.

Proqramın icrası istiqamətində atılmış əhəmiyyətli addımlardan biri 2006-cı ilin sentyabr-noyabr aylarında Təhsil, Maliyyə, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə birlikdə bütün internat məktəbləri və uşaq evlərinin fəaliyyətinin monitorinqinin aparılması oldu. Monitorinqin nəticələri 2007-ci ilin oktyabrında nazirliyin kollegiyasında geniş müzakirə edildi. Monitorinq Təhsil Nazirliyi sistemində olan 54, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi sistemində 2, Səhiyyə Nazirliyi sistemində 3 uşaq müəssisəsini əhatə etmişdi. Monitorinqin nəticələri göstərdi ki, həmin dövrdə Təhsil Nazirliyi sistemindəki müəssisələrdə 17045 nəfər uşaq təlim-tərbiyə ilə əhatə olunmuş, 2005-ci ilə nisbətən onların sayı 563 nəfər azalmışdır. Monitorinqdən sonra A.Makarenko adına humanitar fənlər təmayüllü internat məktəbinin bazasında humanitar fənlər təmayüllü gimnaziya, Gəncə şəhər 2 nömrəli internat məktəbinin bazasında xarici dillər təmayüllü gimnaziya, Ağdaş və Şamaxı rayonları internat məktəblərinin bazasında müvafiq olaraq texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziya və lisey, Naxçıvan MR Culfa rayon internat məktəbinin bazasında isə orta ümumtəhsil məktəbi yaradılmışdır. Bununla da Təhsil Nazirliyinin tabeliyində olan dövlət uşaq müəssisələrinin sayı azalaraq 50-yə endi. 2007-2008-ci dərs ilində 50 təhsil müəssisəsində uşaqların sayı 15103 nəfər təşkil etmişdi ki, bu da monitorinq aparılan dövrlə müqayisədə 1942 nəfər az idi.

Qarşıda duran əsas vəzifələrdən biri dövlət uşaq müəssisələrində qiymətləndirmənin keçirilməsi və hər bir müəssisə, onun infrastrukturu, orada yaşayan uşaqlar, müəssisələrdə çalışan işçilər barədə hərtərəfli məlumatların yığılması və məlumat bazasının yaradılması idi. Bu məqsədlə Dövlət Proqramının həyata keçirilməsi və idarəolunması üzrə İşçi Qrup və YUNİSEF-in ekspertləri tərəfindən səkkiz adda sorğu anketi tərtib edildi. Sorğu anketləri Təhsil Nazirliyinin və Dövlət Proqramının icrasına məsul olan digər əlaqədar nazirliklərin əməkdaşlarının iştirakı ilə müzakirə edildi. Sorğuların keçirilməsi üçün təlimat hazırlanaraq qiymətləndirməni aparan İşçi Qrupu ilə treninqlər keçirildi. Qiymətləndirmə əvvəlcədən müəyyən olunmuş cədvəl üzrə 55 müəssisənin hər birinə səfər edilərək həyata keçirildi. YUNİSEF-in ekspertləri, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Səhiyyə Nazirliyinin müvafiq əməkdaşları da bu qiymətləndirmənin keçirilməsinə cəlb edildi. Bu qiymətləndirmə əsasında aşağıdakı istiqamətlər üzrə məlumatlar toplandı:

* Müəssisə haqqında ümumi məlumat;

* Müəssisədə yaşayan uşaqlar haqqında məlumat;

* Müəssisədə çalışan işçi heyəti haqqında məlumat;

* Müəssisənin infrastrukturu;

* Müəssisədə göstərilən xidmətlər;

* Müəssisənin xərcləri;

* Müəssisənin yerləşdiyi ərazi üzrə nəqliyyatın əlverişliliyi;

* Müəssisənin yerləşdiyi ərazinin infrastrukturu.

 

 

  

(Ardı var)

Misir MƏRDANOV,

Azərbaycan Respublikasının

təhsil naziri, fizika-riyaziyyat

elmləri doktoru, professor