· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Qəza vəziyyətində olan bir çox məktəb binası yeniləşdiriləcək

 

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev bu il iyunun 23-də "Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə" sərəncam imzalayıb. Dövlət başçısının təhsilimizə qayğısının növbəti təzahürü olan həmin sərəncama əsasən ölkədə qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işlərinin davam etdirilməsi üçün 2009-cu ilin dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Təhsil Nazirliyinə 13 milyon manat məbləğində vəsait ayrılıb.

Təhsil Nazirliyindən aldığımız məlumata görə, ayrılan həmin vəsait hesabına paytaxtda və bölgələrdə qəza vəziyyətində olan 10-dan çox məktəb binası yenidən qurulacaqdır. Həmin binaların bir hissəsi yeni dərs ili başlananadək, qalanı isə ilin sonunadək təmir olunub şəbəkəyə qaytarılacaqdır.

 

Y.ƏLİYEV

 

 

 

 

 

 

Estoniyada "Azərbaycanlılar" kitabı çap olunub

 

Estoniya İnteqrasiya Fondu Azərbaycanı estonlara tanıtmaq məqsədi ilə "Azərbaycanlılar" kitabını nəşr etmişdir. Estoniya Təhsil Nazirliyinin tədris proqramına əsasən çap olunmuş kitab estonlar üçün əlavə dərs vəsaiti kimi nəzərdə tutulmuşdur. Kitaba Azərbaycanın dövlətçilik tarixi, mədəniyyəti və təbiəti, milli adət-ənənələri, musiqisi, mətbəxi, görkəmli şəxsiyyətləri haqqında məlumatlar daxil edilmişdir. Burada 1918-ci il 31 mart soyqırımı, 20 Yanvar və Xocalı faciələri, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumatlar da öz əksini tapmışdır. Nəşr kitabxanalara və məktəblilərə pulsuz veriləcəkdir.

 

 

 

 

Avropalı gənclər Diplomatik Akademiyada olublar

 

Bakıda keçirilən "Mədəniyyətlərarası dialoqda gənclərin rolu" mövzusunda beynəlxalq konfransın iştirakçıları Azərbaycan Diplomatik Akademiyasında olmuşlar.

Avropanın 10-a yaxın ölkəsini təmsil edən gənclərlə görüşdə xarici işlər nazirinin müavini, akademiyanın rektoru Hafiz Paşayev Azərbaycan-Avropa əlaqələrinin tarixindən danışmışdır. Rektor bildirmişdir ki, 17 il əvvələ qədər Sovetlər Birliyinin qapalı rejimində yaşayan Azərbaycan Avropa dövlətləri ilə əməkdaşlıq edə bilməsə də, müstəqillik qazandıqdan sonra bu əlaqələr daim diqqət mərkəzində olmuşdur. Hazırda Azərbaycanın Avropa ailəsinin fəal üzvlərindən biri olması ölkəmizin hərtərəfli inkişafına böyük töhfə verir.

Konfrans iştirakçıları Diplomatik Akademiyada çalışan avropalı mütəxəssislərlə də tanış olmuş, təhsil ocağının perspektivlərinə və beynəlxalq əlaqələrinə dair filmə baxmışlar.

AzərTAc

 

 

 

 

 

 

Dərsliklər bölgü üzrə yerlərə göndərilib

 

Təhsil Nazirliyindən aldığımız məlumatda bildirilir ki, respublikanın ümumtəhsil məktəblərinin V-XI sinifləri üçün nəzərdə tutulan 47 adda dərslik çap olunaraq nazirliyin Maddi-Texniki Təchizat İdarəsinə təhvil verilib və bu dərsliklər bölgü üzrə yerlərə göndərilib.

Həmçinin, ümumtəhsil məktəblərinin II sinifləri üçün 2009-2010-cu tədris ilinə dərslik komplektlərinin hazırlanması və çapı üzrə açıq tender proseduru başa çatıb. Tenderin nəticələrinə uyğun olaraq dərslik komplektləri təsdiq olunub və onların çapı üzrə 6 nəşriyyat-poliqrafiya müəssisəsi ilə müvafiq satınalma müqavilələri bağlanıb. Həmin dərsliklər yeni dərs ilinədək çap edilib məktəblərə çatdırılacaq.

 

Şakir CƏFƏROV