|
|
· Ana səhifə· Rəsmi· Heydər Əliyev Fondu· Əmrlər, sərəncamlar· Təhsil Nazirliyində· Xəbərlər· Pedaqoji yazılar· Məktəblərimiz· Bizimlə əlaqə
|
"Azərbaycan Respublikası təhsil islahatının yeni layihəsi - müasir
kurikulumların hazırlanmasında yeni addımlar"
Azərbaycanda gedən təhsil islahatları, xüsusən də Təhsil Sektorunun
İnkişaf Layihəsi çərçivəsində Milli Kurikulumun hazırlanması və tətbiqi
istiqamətində görülən işlər Amerika Təhsil Departamentinin marağına
səbəb olmuş və Nebraska ştatı Linkoln Universitetinin "Beynəlxalq
Xəbərlər" adlı elmi-publisistik jurnalı Kurikulum Mərkəzinin xarici
dillər bölməsinin böyük elmi işçisi Fəridə Hüseynovanın Azərbaycan
təhsilində olan uğurlar barədə geniş məqaləsini dərc etmişdir. Həmin
məqaləni oxuculara təqdim edirik.
Azərbaycan Respublikasında həyata keçirilən islahatlar təhsilin
inkişafına, onun müasir Avropa təhsil məkanında inteqrasiya olunmasına
və orta məktəblərdə təlimin səmərəli təşkilinə yönəlmişdir.
Bir gənc müstəqil ölkə kimi Azərbaycanın da müasir təhsilin yaradılması
sahəsində bəzi problemləri vardır. 1999-cu ildən bu problemlərin həlli
yolunda Azərbaycan Respublikası yeni Təhsil Sektorunun İnkişaf
Layihəsini qəbul etmiş və ölkənin təhsil sistemini inkişaf etdirmək üçün
Dünya Bankı ilə 10-illik Təhsil Sektorunun İnkişaf Layihəsi (2003-2013)
sazişi imzalamışdır.
Propqramın əsas məqsədi müxtəlif sahələri ehtiva edən inteqrativ təhsil
sistemini formalaşdırmaq idi. Həmin sahələr məktəblərin texnoloji
gücünün artırılmasını, pulsuz dərsliklər, yeni texnoloji avadanlıqlar,
kompüterlərlə təmin edilməsini və xüsusilə müəllimlərin inkişafını
gücləndirmək məsələlərini əhatə edirdi. Bu islahat çərçivəsində həmin
məsələlərə diqqət yetirildi, məzmun islahatlarının əsasını təşkil edən
Milli Kurikulum sənədi hazırlandı və müasir standartlar əsasında
məktəblər üçün yeni qiymətləndirmə sistemi yaradıldı.
Bu məqsədlə Təhsil Problemləri İnstitutunda Kurikulum Mərkəzi yaradıldı
və hazırda layihənin əsas məqsədləri bu mərkəz tərəfindən geniş şəkildə
həyata keçirilir.Mərkəzin bütün heyəti bu layihənin hazırlanmasına cəlb
olunmuşdur. Artıq ibtidai siniflər üçün fənn kurikulumları, o cümlədən
təlim standartları hazırlanmış, həmin standartlar əsasında fəal təlimin
tətbiqinə başlanılmışdır. Bu gün bu layihənin komponentlərini necə
tətbiq etmək təhsildə aktual bir problemə çevrilmişdir. Bunun üçün
kurikulum islahatını tətbiq etmək və eləcə də bu sahədə peşəkarlığımızı
artırmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr yaratmağa, yerli və
beynəlxalq məsləhətçilər, professorlar və təlimçilərin məsləhətinə və
dəstəyinə böyük ehtiyacımız yaranmışdır. Kurikulum İslahatı
təhsilimizdə yeni bir konseptual modelə çevrilmişdir.
Həyat dəyişikliklərdən ibarətdir və bu dəyişikliklər müxtəlifliklər
yaradır.Bu gün məktəblərimiz və şagirdlərimiz təlimdə yeni ideyalara,
problemlərin axtarılması və onların həllində yeni yanaşmaya böyük
ehtiyacı hiss edir. Şagird fəaliyyətinə və yaradıcılığına təlim
prosesində ehtiyac duyulur.Təlim fəaliyyəti bu gün real həyatla praktik
şəkildə balanslaşmalı və şagirdlərin əldə etdikləri biliklər praktikada
idraki bacarıqlar şəklində əks olunmalıdır. Bir praktik müəllim kimi mən
bu barədə çox düşünürdüm, fikirləşdim ki, şagirdlər həyatda sərbəst
qərar qəbul edən bir şəxsiyyət kimi yetişmək, öz yaradıcılıq
qabiliyyətlərini inkişaf etdirmək üçün nə etməlidirlər, hansı vərdişlər
qazanmalıdırlar.
Nə qədər yeni təlimdə standartlarımız, yeni texnologiyalarımız,
mənbələrimiz, müasir sinif otaqlarımız olsa da, əgər müəllim
hazırlığında, yeni fikir mübadiləsi təcrübəsində, təlimin müasir formada
təşkilində yeniliklərimiz yoxdursa, biz heç bir müvəffəqiyyət əldə edə
bilmərik. Bunun üçün mən beynəlxalq mübadilə proqramlarına müraciət
etdim.
"Əgər sən dünyanı dəyişmək istəsən, əvvəlcə özünü dəyişməlisən!" -
Mahatma Qandi.
İlk dəfə IREX Təşkilatının TEA proqramında müsahibə vaxtı mənə verilən
sual belə oldu:
"Əgər sən bu proqrama seçilsən, öz ölkənin təhsilinə nə kimi xeyir və
yenilikər gətirəcəksən?".
Bu sual məni öz ölkəmin gələcək təhsili barədə düşünməyə vadar etdi. Bir
çox təcrübələr əsasında mən həmişə təlimin müasir kurikulumlar,
standartlar, yeni texnologiyalar əsasında aparılmasını arzu edirdim.
Cavabım müxtəlif sahələri əhatə etdi:
"Əlbəttə, beynəlxalq məktəblərin təcrübəsi, yeni məktəb və fənn
kurikulumları, şagirdlərin dinləyib-anlama, oxu, yazı və danışma
fəaliyyətləri üzrə yeni təlim bacarıqları, təhsildə müəllim və şagird
liderliyi, məktəbdə şagirdin hüquqları, məktəbin inkişafı planı, icma
əlaqələrinin yaranması və valideynlərin məktəbə cəlb olunması yolları.
Məktəbin yeni dizaynı, quruluşu müəllim və şagirdlərin təlimə fəal
cəlbinə çox böyük təsir edir. Mən bütün bunların hansı yolla tapılmasını
bilmək istəyirəm". Cavabım onları qane etdi və bu problemlərin həlli
mənə ABŞ-ın Nebraska ştatı Linkoln Universitetinin təhsil və humanitar
fənlər fakültəsində təhsil almaq və orta məktəblərdə təcrübə əldə etmək
imkanı qazandırdı.
Azərbaycandan gedən 8 müəllim bütün lazım olan təhsil və yerləşmə
imkanları ilə təmin olunduq.İlk təlimçilərimiz məşhur təhsil işçiləri
olan professor Joe McNulty, Jenin Teyler, konstitusiya və məktəb
idarəolunması üzrə professor Larry Dluqoş bizə müxtəlif dərslər verərək
müəllimlik və əsl təlimçi bacarıqları qazandırdılar. Bu təlimlər
kurikulumun inkişafı üzrə məktəb və fənn kurikulumlarının, standartların
hazırlanması, təlimdə liderlik və sinfin ələ alınması yolları, yeni dərs
plan nümunələrinin hazırlanması, qiymətləndirmə vasitələri, film
çəkilişlərinin təlimdə öyrədilməsi, mikrotəlim, kompüter bacarıqları,
müxtəlif insanlar və müəllimlər arasında ünsiyyətin yaranmasını
öyrədərək öz ölkəsi üçün əsl qərar qəbul edən, problemlərinin həlli
yollarını bilən bacarıqlı kadrlar yetişdirdi. Proqram IREX Təşkilatı və
ABŞ Dövlət Departamenti Təhsil və Mədəni Əlaqələr Bürosu tərəfindən
maliyyələşdirilmişdi.
Təcrübə zamanı mən ibtidai sinif kurikulumu üzrə təlim prosesində
uğurların necə əldə olunması yollarını aşkar etdim.Eyni zamanda müəyyən
etdim ki, təlim nəticələrinin uğurlu alınması şagirdlərin idraki
fəaliyyətinin və seçilmiş dərsliyin səviyyəsindən asılı olur.Aşağı
səviyyəli mərhələdən yuxarı səviyyəyə qədər standartlar bir-birini
sadədən mürəkkəbə doğru izləməlidir. Dərs ilinin əvvəlində 1-ci sinif
şagirdləri heç bir problemin həllinə cəlb olunmamalı, ilkin mərhələ
şagirdlərin ideyalar toplaması mərhələsi kimi bir-iki ay davam etməlidir.
Bu, səmərəlilik baxımından əhəmiyyətlidir. Onlar istənilən mövzu
ətrafında şəkillərin, real obyektlərin, cizgi filmlərinin, rəngli
kartların nümayişi əsasında ideyalar toplayaraq, dinləyib-anlama
vərdişləri qazanır, bir-biriləri ilə ünsiyyətə girirlər."Mikrotəlim"-
şagirdlərin fiziki yorğunluğunu nəzərə almaqla 10-15 dəqiqə davam edir.
Sözlərin əyaniliklərlə müşayiət olunması, hərəkətlərlə nümayiş
etdirilməsi, təqdimat xarakterli hərəkətlərlə izlənməsi uşaqların
müxtəlif ideyalar toplamasına çox kömək edir. Bəzən belə dərslər sinifdə
parta arxasında yox, xalça üzərində sərbəst şəkildə bir-biriləri ilə
əl-ələ tutaraq birgə mahnı ifa edən şagirdlərin fəallığı şəraitində
qurulur. Bu, əsl mənada stimullaşdırıcı vasitə kimi rol oynayır.
"Meyvə səbəti", "Göy qurşağı", "Əşyanı tap"oyunları, "Ayaqqabı ipinin
bağlanması", "Məktəb çantanı yığ" kimi layihələr ibtidai siniflərdə
işlətmək üçün ən maraqlı təlim texnologiyalarıdır.
Bu gün mən fəxrlə deyə bilərəm ki, bir müəllim, təlimçi və tədqiqatçı
kimi ibtidai sinif mərhələsi üçün hazırlanmış standartlar əsasında yeni
dərs plan nümunələri hazırlamağı bacarıram.
Tədqiqatlara əsaslanaraq onu da deyə bilərəm ki, ibtidai sinif
kurikulumu əsasında dövlətin tələblərinə uyğun, şagirdlərin maraqları,
yeni təlim nəticələri əsasında qiymətləndirməsi üzrə yeni ibtidai
məktəbin inkişaf planını hazırlamaq lazımdır. Mən onu belə təsvir
edərdim:
1. İbtidai Fənn Kurikulumu standartları ( 1- 4 siniflər üzrə, dil,
riyaziyyat, həyat bilgisi, musiqi, texnologiya, təsviri incəsənət və
idman).
2. Məktəb nizam-intizam standartları (davranış qaydaları).
3. Şagirdlərə göstərilən xidmətlər üzrə standartlar (şagirdlərin həyatı,
təhlükəsizliyi, maraq ehtiyacları).
4. Şagirdlərin təlim nəticələri üzrə standartlar (fəaliyyətləri,
nəticələri, xüsusi layihələrdə iştirakı, qiymətləndirilməsi).
5. Valideynin təhsilə cəlbi üzrə standarlar (VMA, sinifdənxaric işin
təşkili).
6. Məktəb Məsləhət Şurası fəaliyyəti standartları (məsləhət otaqlarında
görüşlərin təşkili, klub,müsiqi və rəqs dərnəkləri).
7. Müəllim Mənbələri Mərkəzi (kitabxana, müəllim saytlarının
hazırlanması).
8. Müəllim İnkişafı Mərkəzi standartları (treninq, onlayn və məktəb
kurslarının, tədqiqat işlərinin təşkili).
9. Xüsusi tədbirlər və qrantlar üzrə standartlar (mükafatlar, dəstək
proqramları, yay düşərgələrinin təşkili).
10. Maliyyə və agentliklərin yaradılması üzrə icma ilə əlaqənin
yaradılması standartları.
Məncə, bu kurikulum modelini biz də ibtidai məktəblərimizdə tətbiq etsək,
təlimdə səmərəli nəticələr əldə edə bilərik. Mən bu gün respublikamızda
Təhsil Nazirliyi tərəfindən yeni təhsil islahatı - kurikulum islahatını
həyata keçirən Kurikulum Mərkəzinə, IREX Təşkilatı TEA proqramı
menecerlərinə və Nebraska ştatı Linkoln Universitetinin professor və
müəllim heyətinə kurikulum layihəsi üzrə bizə qazandırdıqları bilik və
məktəb təcrübələrinə görə dərin təşəkkürümü bildirirəm.
Fəridə HüSEYNOVA,
Bakıdakı 290 nömrəli məktəbin
ingilis dili müəllimi,
"Ən yaxşı müəllim"
müsabiqəsinin qalibi
|