· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Praktik işçilərlə gənc tədqiqatçıların

əməkdaşlığı məsələsi müzakirə olunub

 

İyulun 17-də Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunda "Təhsildə fəal təlim prinsipləri: canlı təcrübənin təmsilçiləri ilə gənc tədqiqatçıların əməkdaşlığı" mövzusunda "dəyirmi masa" keçirilib.

"Dəyirmi masa"nı giriş sözü ilə açan Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun rektoru, professor Asəf Zamanov vurğuladı ki, müasir dövrdə uşaqların, gənclərin istedadlarının aşkar edilməsi aktuallıq kəsb edərək ölkəmizdə dövlət siyasətinin tərkib hissəsinə çevrilmişdir. Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyevin 17 aprel 2006-cı il tarixli sərəncamla təsdiq etdiyi  "Xüsusi istedada malik uşaqların   (gənclərin) yaradıcılıq potensialının inkişafı üzrə Dövlət Proqramı (2006-2010-cu illər) " bunun bariz nümunəsidir.

Tədbiri həmin sərəncamdan irəli gələn məsələlərin reallaşmasının məntiqi davamı kimi qiymətləndirən A.Zamanov "dəyirmi masa"nın məqsədinin xüsusi istedada malik olan gənc tədqiqatçılarla canlı təcrübənin təmsilçiləri arasında qarşılıqlı əməkdaşlığın həyata keçirilməsi olduğunu bildirdi. Qeyd etdi ki, bu istiqamətdə münasib formaların tapılması və səmərəli nəticələr əldə edilməsi arzu olunur. Gənc istedadlarla aparılan işdə psixoloqların rolunun xüsusilə böyük olduğunu deyən natiq məhz buna görə də "dəyirmi masa"ya  psixoloq, sosioloq, filosof alimlər və qabaqcıl məktəb psixoloqlarının dəvət edildiyini söylədi. Bildirdi ki, bu istiqamətlər üzrə işləri sürətləndirmək və koordinasiya etmək məqsədilə ötən ay institutda "Gənc istedadlar" məktəbi təşkil edilmiş, professor Əbdül Əlizadə onun elmi məsləhətçisi təyin olunmuşdur. A.Zamanov diqqətə çatdırdı ki, istedadın  potensialının reallaşmasında sosial mühitin rolu haqda psixoloq alimlər hələ ötən əsrdə dəyərli tədqiqatlar aparmışlar və "dəyirmi masa"da tanınmış alman alimi E.Frommun bu istiqamətdə aparmış araşdırmalarının nəticələrinin təqdim edilməsi nəzərdə tutulmuşdur.   

Frommun elmi tədqiqatlarına qısa ekskursdan sonra professor Asəf Zamanov sözü Prezident təqaüdçüsü, professor Əbdül Əlizadəyə verdi.

Professor Əbdül Əlizadə qeyd etdi ki, istedadı təkcə verbal üsulla inkişaf etdirmək olmaz.  Uşaqlar öyrənmə prosesində fəal iştirak etməklə istədiklərinə nail ola bilərlər və bu baxımdan fəal təlim metodunun təhsildə xüsusi yeri vardır. Tərbiyə də inkişafa doğru yönəldilməlidir. Lakin bir məqamı nəzərə almaq lazımdır ki, qruplar şəklində təşkil edilən metodun da öz xüsusiyyətləri vardır. Məlumdur ki, qrup üzvlərinin  sayı 3, 6, bəzi hallarda   isə 9 nəfər ola bilər. Qrup üzvlərinin sayı çoxaldıqca onun məhsuldarlığı azalır. Hazırda qrup üzvlərinin sayının optimallığı da tam müəyyənləşməyib. Bu problemlərlə bağlı araşdırmalar davam edir. 

BDU-nun sosiologiya kafedrasının müdiri, professor  İzzət Rüstəmov  öz çıxışında  vurğuladı ki, istedadın inkişaf proqramı yalnız  vunderkindləri hazırlamağa xidmət etmir. Bu, geniş və əhatəli bir prosesdir. Məqsədə çatmaq  üçün  cəmiyyət zəruri informasiya şəbəkəsinə  malik olmalıdır. Bunun  üçün tədrisdə  informasiya- kommunikasiya texnologiyaları geniş tətbiq edilməlidir. İstedad dedikdə biz təkcə genofondu nəzərə almamalı, həm də onun inkişafı üçün real şərait yaratmaq barədə düşünməli, gənc tədqiqatçıların fəaliyyətlərini izləməli və düzgün istiqamətləndirməliyik.

Psixologiya elmləri namizədi Hökümə Əliyeva məruzəsində qeyd etdi ki,   E.Fromm humanist şəxsiyyət nəzəriyyəsinin formalaşmasında sosioloji, siyasi, iqtisadi, elmi və antropoloji amillərin xüsusi rolu ilə yanaşı, psixoanalitik nəzəriyyənin üfüqlərini də genişləndirməyə cəhd etmişdir.

"Dəyirmi masa"nın mövzusu ətrafında müzakirələrə yekun vuran professor Asəf Zamanov çıxış edənlərə yüksək fəallıq nümayiş etdirdiklərinə görə minnətdarlığını bildirdi və qeyd etdi ki, növbəti məsələ  2001-ci ildə Bakı Pedaqoji Kadrların İxtisasartırma və Yenidənhazırlanma İnstitutunun nəzdində yaradılmış,  müəyyən səbəblərdən fəaliyyətini dayandırmış Azərbaycan Praktik Psixoloqlar Assosiasiyasının işinin yeni məzmunda qurulmasıdır.

O, assosiasiyanın yeni idarə heyəti və prezidenti seçilmiş professor Əbdül Əlizadənin rəhbərliyi altında qəbul ediləcək plan əsasında öz fəaliyyətini müasir dövrün tələblərinə uyğun quracağına əmin olduğunu bildirdi.

 

Şakir DAYANDUROĞLU