· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Amerikalı müəllim azərbaycanlı tələbələrin səviyyəsindən razıdır

 

Fasiləsiz təhsilin bütün pillələri üzrə müəllim və tərbiyəçilərin, rəhbər pedaqoji kadrların ixtisasının artırılması, nəzəri-metodik səviyyəsinin yüksəldilməsi və yenidənhazırlanması sahəsində kifayət qədər işlər görmüş Azərbaycan Müəllimlər İnstitutunda son illər dünyanın inkişaf etmiş ölkələrinin institutları ilə qurulan səmərəli əlaqələr, əməkdaşlığın inkişafı istiqamətində görülən işlər öz müsbət nəticələrini verməkdədir.

Azərbaycan Müəllimlər İnstitutu Amerika, Fransa, Almaniya, Böyük Britaniya və digər ölkələrin Azərbaycandakı səfirliklərinin xətti ilə institutda işləyən müəllimlərin ixtisasının artırılmasına, təkmilləşdirilməsinə yönəlmiş staj kurslar və treninqlər təşkil etmişdir. Bundan başqa, institut ölkəmizdə fəaliyyət göstərən bir sıra beynəlxalq təşkilatların nümayəndəlikləri və beynəlxalq qurumlarla  da sıx əməkdaşlıq edir, onlarla birlikdə ortaq layihələr  həyata keçirir.

Yeni tədris ilindən isə ingilis dilinin tədrisinin keyfiyyətini yüksəltmək, tələbələrin dili mükəmməl bilmələri, həmin fəndən dərs deyən müəllimlərin peşəkarlıq və hazırlıq səviyyəsinin artırılması məqsədilə Azərbaycan Müəllimlər İnstitutuna dərs demək üçün Amerikadan ingilis dili müəllimi dəvət olunub.

Amerikalı qonaqla oxucularımızı daha yaxından tanış etmək, ölkəmiz və onun təhsili, tələbələrimizin hazırlıq səviyyəsi, müəllimlərimizin peşəkarlığı ilə bağlı fikirlərini öyrənmək məqsədilə onunla görüşməyi qərara aldıq.

Cənab Metyu Millerlə institutun beynəlxalq əlaqələr üzrə prorektoru, hüquq elmləri namizədi  Mehdi Abdullayevin iş otağında görüşdük. Ali təhsil ocağının  beynəlxalq əlaqələrindən geniş söz açan Mehdi müəllim bildirdi ki, Metyu Miller 2009-2010-cu tədris ili ərzində Azərbaycan Müəllimlər İnstitutunda çalışacaqdır. Bu müddətdə o, nəinki Bakıda, həmçinin institutun filiallarında həm müəllimlərə, həm də tələbələrə seminarlar, qısamüddətli dərslər keçəcəkdir.

Amerikalı müəllim özü haqqında məlumat verərək bildirdi ki, o, 1981-ci ildə ABŞ-ın Kaliforniya ştatında anadan olub. Məktəbi bitirdikdən sonra La Miradada yerləşən Biola Universitetinə  qəbul olunub. Elə həmin vaxtdan rus dilini öyrənməyə başlayıb. 2003-cü ildə bakalavr pilləsini bitirdikdən sonra tətbiqi dilçilik üzrə magistraturaya  daxil olub və 2007-ci ildə magistraturanı qurtarıb. Təhsil aldığı müddətdə bir sıra pedaqoji vəzifələrdə işləyib. Magistr dərəcəsini aldıqdan sonra 2 il müddətinə Ukraynada sülhməramlı korpusda könüllü ingilis dili müəllimi kimi fəaliyyət göstərib. Orada amerikaşünaslıq, Amerika ingiliscəsinin fonetikası, Amerika mediasında müasir hadisələr fənlərini tədris edib. Amerikaya qayıtdıqdan sonra 18 ay ərzində Renton Texniki Kollecində çalışıb.

- Necə oldu ki, bizim ölkəmizə işləməyə gəldiniz - sualına M. Millerin cavabı bu oldu ki, onun üçün Azərbaycanda müəllim kimi fəaliyyət göstərmək olduqca maraqlıdır. Onu da əlavə etdi ki, ABŞ Dövlət Departamenti və Corciya Universitetinin xətti ilə ingilis dili müəllimliyinə müraciət etdikdən sonra Azərbaycanda işləmək təklifini alanda sevinib. Müasirliyi və qədimliyi özündə birləşdirən bu gözəl ölkədə olmaq, buranın mədəniyyəti və tarixi ilə yaxından tanışlıq onun üçün xoşdur. O, artıq Bakıya gələndə bizim ölkə haqqında kifayət qədər məlumat toplayıb. çox qısa bir müddətdə şəhərimiz, əhatəsində olan insanlar onun üçün doğmalaşıb. Metyu Miller Bakının doğrudan da gözəl şəhər olduğunu deyərək, buranın əhalisinin qonaqpərvərliyinin, öz milli adət-ənənələrinə bağlılığının onda gözəl təəssürat oyatdığını söylədi.

İşlədiyi Azərbaycan Müəllimlər İnstitutunun rəhbərliyi tərəfindən onun üçün yaradılmış şəraitdən razılıq edən amerikalı müəllim, həmçinin ona qayğı və diqqətlə yanaşan azərbaycanlı həmkarlarına, beynəlxalq əlaqələr üzrə prorektor Mehdi Abdullayevə, beynəlxalq əlaqələr şöbəsinin metodisti Rəşidə Ağayevaya və  digər müəllimlərə öz təşəkkürünü bildirdi.

Cənab Metyu Miller dərs dediyi azərbaycanlı tələbələrin bilik və hazırlıq səviyyəsindən razılıqla danışdı. Qeyd etdi ki, gənclərimiz oxumağa, yaxşı təhsil almağa böyük maraq göstərirlər, məsuliyyətlidirlər, bilik almağa, öyrənməyə can atırlar. Burada müəllim-tələbə münasibətlərinin yüksək səviyyədə qurulmasını da  müsbət hal kimi qiymətləndirən qonaq belə bir səmimi münasibətdən xoşlandığını dedi. Elə bir neçə dəqiqədən sonra pedaqoji fakültənin ibtidai sinif müəllimi ixtisası üzrə II kursda (rus bölməsi) dərsinin başlanacağını deyən Metyu Miller bizi həmin dərsdə iştirak etməyə dəvət etdi.

Dərs boyu ünsiyyət əsaslı (kommunikativ) yanaşma metodikasından istifadə edən müəllim qarşısına qoyduğu məqsədinə çata bildi. Onu da qeyd edək ki, amerikalı müəllim söhbətimiz zamanı bildirmişdi ki, fəaliyyətinin  başlıca məqsədi azərbaycanlı tələbələrin ingilis dilində sərbəst danışıb öz fikirlərini çatdırmalarına nail olmaq, onları əzbərçilikdən uzaqlaşdırmaqdır.

Metyu Miller öz dərsində bunların öhdəsindən uğurla gəldi. Bunu dərs boyu bütün tələbələrin fəallığından, verilən tapşırıqlar üzrə onların ingilis dilində fikirlərini sərbəst çatdıra bilməsindən, suallara ətraflı cavablar  vermələrindən görmək mümkün idi.

Samirə KƏRİMOVA,

foto Fazil İDRİSOĞLUNUNDUR