· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil Nazirliyində görüş

 

Sentyabrın 29-da təhsil naziri Misir Mərdanov Cənubi Koreya Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Lyu Kvanq çul ilə görüşüb.  Görüşdə iki ölkə arasında təhsil sahəsində qarşılıqlı əməkdaşlığın qurulması istiqamətində görülən işlər və perspektiv məsələlər müzakirə olunub.

Qonağı səmimi salamlayan Misir Mərdanov Azərbaycanla Koreya arasında son illər inkişaf edən əlaqələrdən, təhsil sahəsində həyata keçirilən tədbirlərdən söz açıb. İki ölkə arasında tələbə mübadiləsi aparılmasının əhəmiyyətini bildirən nazir "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində 23, ümumilikdə isə 60-dan artıq azərbaycanlı gəncin hazırda Cənubi Koreya universitetlərində təhsil aldığını diqqətə çatdırıb.

Nazir həmçinin Cənubi Koreyanın "DAEWOO" şirkətinin Azərbaycanda Peşə Təlimi Mərkəzinin yaradılması istiqamətində atdığı addımlardan da söz açıb və bu sahədə konkret nəticəyə nail olunacağına inamını ifadə edib.

Misir Mərdanov Azərbaycanda öz missiyasını başa vuran səfir Lyu Kvanq çulun ölkəmizdə təhsil sahəsinin inkişafı istiqamətindəki səmərəli fəaliyyətini yüksək dəyərləndirib və həyata keçirilən layihələrə göstərdiyi dəstəyə görə ona təşəkkürünü bildirib.

Lyu Kvanq çul səmimi qəbula görə nazirə minnətdarlıq edib. ölkələr arasında elm və təhsil sahəsində sıx əlaqələrin qurulmasına xüsusi önəm verdiyini açıqlayan səfir koreyalı gənclərin Azərbaycan universitetlərində təhsil almaq marağından və tələbə mübadiləsi aparılmasının ikitərəfli əlaqələrin daha da inkişafında müsbət rolundan danışıb.

Sonra qonaq Koreyanın Hankuk Xarici Dillər Universitetində fəaliyyət göstərən türk dili kafedrasında yeni açılan Azərbaycan dili bölməsi və bu dilin tədrisi barədə nazirə məlumat verib.

Görüşdə tərəflər mövcud istiqamət üzrə əməkdaşlığın davam etdirilməsinin labüdlüyünü qeyd ediblər.

 

 

 

 

Təhsil Nazirliyində imzalanma mərasimi

 

Oktyabrın 1-də Təhsil Nazirliyində Azərbaycan hökuməti ilə Dünya Bankı arasında Azərbaycanda Dövlət İnvestisiyaları üzrə Kadr Potensialının Gücləndirilməsi Layihəsinin imzalanma mərasimi keçirildi.

Mərasimi açan təhsil naziri Misir Mərdanov Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qreqori Yedjeyçakı, Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələmi, Təhsil Nazirliyinin və Dünya Bankının nümayəndələrini, KİV təmsilçilərini və digər qonaqları salamladı. Təhsil Nazirliyi ilə Dünya Bankı arasında əməkdaşlıq əlaqələrinin 1999-cu ildən yarandığını deyən nazir keçən 10 il ərzində çox mühüm işlərin görüldüyünü, xüsusən ümumi orta təhsilin keyfiyyətinin yüksəldilməsi istiqamətində əhəmiyyətli nəticələrin əldə olunduğunu bildirdi.

 Bu layihənin əvvəlkilərdən çox ciddi şəkildə fərqləndiyini vurğulayan Misir Mərdanov imzalanacaq sənəd haqqında tədbir iştirakçılarına ətraflı məlumat verdi.  Qeyd etdi ki, bu sənəd həm layihə idarəetməsi üzrə müasir metodologiyalar sahəsində təlimlərin keçirilməsini, həm də yol, su təchizatı sektorları sahələrində xüsusi texniki təhsilin təmin edilməsini nəzərdə tutur. Belə ki, ilkin mərhələdə qeyd edilən sektorlar üzrə mütəxəssislərin seçilməsi, treninq proqramlarının hazırlanması və keçirilməsi, bacarıqların qiymətləndirilməsi, fəaliyyət dövründə inkişafın izlənilməsi fəaliyyət istiqamətlərinin əsasını təşkil edəcəkdir. Bu məqsədlə iki ali məktəbdə (Azərbaycan Memarlıq və İnşaat Universiteti və Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyası) videokonfrans imkanları olan mərkəzlərin yaradılması da planlaşdırılır. Eyni zamanda təlim sahəsində bacarıqlar və təcrübə əldə edildikdən sonra digər dövlət qurumları üçün də kadr hazırlığı sahəsində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.

4 komponentdən ibarət olan layihənin (mövzular üzrə potensialın gücləndirilməsi, konkret sektorlar üzrə potensialın gücləndirilməsi, kadr potensialının gücləndirilməsini dəstəkləyəcək fəaliyyətlər və layihənin icra məsrəflərinin maliyyələşdirilməsi) əhəmiyyətli cəhətlərindən biri  də odur ki, təcrübə əldə edildikdən sonra müvafiq sahələrdə kadr hazırlığını həyata keçirən ali məktəblərdə kurikulumlar yeniləşdiriləcək və müasir tələblər səviyyəsində kadr hazırlığı həyata keçiriləcək.

Nazir Misir Mərdanov məlumat verdi ki, iki ay sınaq müddəti olmaqla 2010-2013-cü illəri əhatə edən layihənin maliyyə təminatı 10 milyon ABŞ dolları təşkil edir. Həmin vəsaitdən 8 milyonu Beynəlxalq İnkişaf Assosiasiyasının Azərbaycan Respublikasına verdiyi uzunmüddətli güzəştli kreditdir. 2 milyon ABŞ dolları isə Azərbaycan hökumətinin payına düşür.

Qeyd edək ki, Azərbaycan Dünya Bankına 1992-ci ildə üzv olub. Həmin vaxtdan başlayaraq ölkədə 42 layihənin maliyyələşdirilməsi üçün ümumi öhdəliklər 2,16 milyard ABŞ dolları təşkil etmişdir.

Sonra Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm çıxış edərək təmsil etdiyi qurumun ünvanına deyilən xoş sözlərə görə təhsil naziri Misir Mərdanova öz təşəkkürünü bildirdi.

Dünya Bankı ilə Təhsil Nazirliyi arasındakı sıx əməkdaşlıq əlaqələrini çox yüksək qiymətləndirən Əsəd Ələm Azərbaycanda müasir tələblərə cavab verən təhsil sisteminin qurulması istiqamətində görülən işlərin davamlı olacağını qeyd etdi və bu layihənin uğurla həyata keçirilməsini arzuladı.

Sonda imzalanma mərasimi keçirildi. Sənədləri Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov və Dünya Bankının Cənubi Qafqaz üzrə regional direktoru Əsəd Ələm imzaladılar.

 

Hicran ƏKBƏROVA

 

 

 

 

 

İki ölkənin elm və təhsil sahəsindəki əməkdaşlığı yüksək səviyyədədir

 

Oktyabrın 1-də təhsil naziri Misir Mərdanov "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda beynəlxalq konfransda iştirak etmək üçün ölkəmizdə səfərdə olan Almaniyanın bir qrup təhsil işçisindən ibarət nümayəndə heyəti ilə görüşüb.

Qonaqları Təhsil Nazirliyində görməkdən məmnunluq hissi keçirdiyini söyləyən nazir Misir Mərdanov bu görüşün hər iki tərəf üçün mühüm əhəmiyyət kəsb etdiyini bildirdi.

Təhsil Nazirliyinin Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatı ilə təhsil sahəsində əməkdaşlığı çərçivəsində Bakıda "Azərbaycan-Almaniya ali təhsil günləri" mövzusunda keçirilən beynəlxalq konfransın məqsəd və məramından söz açan nazir 3 gün davam edəcək bu tədbirin işgüzar və səmərəli keçəcəyinə ümidvar olduğunu dedi. Təhsil naziri bu ilin aprelində Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının dəvəti ilə Almaniyaya səfərindən, orada keçirdiyi görüşlərdən danışaraq ölkələrimiz arasında elm və təhsil sahəsində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirdi.

Nazir Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatının fəaliyyəti, gördüyü işlər barədə məlumat verərək bu təşkilatın təqaüdləri hesabına çoxlu sayda azərbaycanlı gəncin Almaniyada təhsil aldığını bildirdi. DAAD ilə Azərbaycan Respublikası  Təhsil Nazirliyi arasında sıx əməkdaşlıq əlaqələrinin gələcəkdə daha da genişləndirilməsinin vacibliyini vurğulayan təhsil naziri bu istiqamətdə görüləsi işlərdən danışdı. Respublikamızın orta və ali məktəblərində alman dilinin tədrisinin keyfiyyətinin yüksəldilməsi ilə bağlı məsələlərə də toxunan nazir Misir Mərdanov həmin  işə diqqətin artırılmasının vacibliyini qeyd etdi.

Təhsil naziri beynəlxalq konfransın işində iştirak edən qonaqlara uğurlar arzulayaraq, onların  ölkəmizdən xoş təəssüratlarla ayrılacaqlarına  ümidvar olduğunu bildirdi.

Görüşdə iştirak edən DAAD-ın Şimal Yarımkürəsi departamentinin direktoru xanım Annette Culius  nümayəndə heyəti adından səmimi qarşılandıqlarına görə Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanova təşəkkür etdi. Belə bir beynəlxalq konfransın  Azərbaycanda keçirilməsindən məmnunluq duyduğunu deyən qonaq bunu hər iki ölkənin alim və mütəxəssislərinin  bir-biri ilə yaxından tanış olmaq, həmçinin ali təhsil müəssisələrinin nümayəndələri arasında əməkdaşlıq üzrə təcrübə və perspektivlərin müzakirə olunması baxımından faydalı olacağını söylədi.

Xanım Annette Culius   DAAD ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin bundan sonra da birgə əməkdaşlığının uğurla davam etdiriləcəyini deyərək, belə konfransların, görüşlərin davamlı olmasını arzuladı.

Görüşün sonunda qonaqlara xatirə hədiyyələri təqdim olundu.

 

Samirə KƏRİMOVA