· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

 

 

Dərsə yaradıcı yanaşmağa imkan verən dərslik komplekti

 

2-ci sinif "Təsviri incəsənət" dərslik komplekti  haqqında qeydlər

 

Təsviri incəsənət  fənn kurikulumu

 

Təhsil islahatının mühüm hissəsi olan Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu)n tətbiqi Azərbaycanda təhsilin keyfiyyətcə yeni mərhələyə keçməsini təmin edir.

Kurikulum şagirdin hansı mərhələdə hansı akademik bilik və praktik bacarıqlara yiyələnməsini dəqiq müəyyən edir: şagird həyatda tətbiq edə biləcəyi ən sadə bacarıqlara yiyələnməlidir.

Kurikulumda dəqiq qeyd olunur ki, şagird məktəbi bitirərkən nələri bilməli və bacarmalıdır. Müəllim isə, ilk növbədə, tədris nəticəsi olaraq şagirdin əldə etdiyi nailiyyətləri müəyyən etməyi və onları qiymətləndirməyi bacarmalıdır.

Kurikulum bu və ya digər informasiyanı uşağın hansı yaş dövründə qavraya biləcəyini nəzərə alır. Burada son məqsəd uşağa bilik vermək deyil, onu praktik bacarıqlara yiyələndirməklə ölkə vətəndaşı kimi formalaşdırmaqdır.

Müxtəlif informasiya mənbələrinin mövcud olduğu dövrümüzdə təhsildə məzmun və keyfiyyət dəyişikliklərinin həyata keçirilməsi üçün yeni tələblərə cavab verəcək orta məktəb dərsliklərinin hazırlanması əsas yer tutur.

Müasir dərsliyin vəzifəsi anlayışları, tərifləri, qaydaları və s. şagirdlərin yaddaşına sadəcə olaraq həkk etdirməkdən ibarət deyil. Tədris prosesi şagirdlərdə müstəqil tədqiqatçılıq, yaradıcılıq vərdişləri aşılamalı, onları tənqidi düşünməyə sövq etməlidir. Məhz bu keyfiyyətlər şəxsiyyətin  formalaşmasında əsas amillərdir. Müxtəlif elmi kəşflər, texniki yeniliklər və texnoloji nailiyyətlər məhz genişmiqyaslı təfəkkürün nəticəsidir. Ona görə də təhsilin yeni məzmunu onun nəticəyönümlü olmasını tələb edir.

Tədris prosesinin qarşısında duran məqsədlərə çatmaqda onun ayrılmaz və mühüm komponenti olan dərslik komplektləri mühüm rol oynayır.

Bu baxımdan dərslik komplektləri tətbiqi  və inteqrativ xüsusiyyətə malik olmaqla yanaşı, elmi, pedaqoji, psixoloji və texnoloji meyarlar əsasında tərtib olunmalıdır. Bu gün təhsil ictimaiyyətinin, təhsil sisteminin, bütövlükdə cəmiyyətimizin qarşısında duran əsas vəzifələrdən biri məktəbi bu cür dərslik komplektləri ilə təmin etməkdir.

Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli Kurikulumu) əsasında hazırlanmış təsviri incəsənət fənni üzrə 2-ci sinif dərslik komplekti dərslik, iş dəftəri və müəllim üçün metodik vəsaitdən ibarətdir.

Təqdim olunan komplektdə müasir metodlardan istifadə edərək Milli Kurikulum tələblərinə əsasən şagirdlərin təsviri sənətdə, ümumiyyətlə, incəsənət sahəsində  bacarıq və vərdişlərinin inkişafına yeni yanaşma təklif olunur.

Təsviri incəsənət fənninin kurikulumu müasir dövrdə hər bir şəxsin əmək, istedad və bacarığının müstəsna əhəmiyyət kəsb etdiyini nəzərə almaqla cəmiyyətin inkişafının əsas hərəkətverici qüvvəsi olan gənc nəslin dünyagörüşünün, uşaq psixologiyasının, onun yaradıcılıq qabiliyyətinin və intellektinin formalaşdırılmasına yönəldilmişdir.

Təsviri incəsənət fənni üzrə standartlar orta təhsil kursu çərçivəsində bütün şagirdlər üçün vacib olan məzmunu əhatə edir, şagirdlərin qavrama qabiliyyətlərinin, bilik və bacarıqlarının təsvirini verir, hər bir şagirdin təsviri sənət sahəsində öyrənə biləcəyi və öyrənməli olduğu məsələləri müəyyənləşdirir, şagirdləri orta təhsildən sonrakı pilləyə hazırlayır.

Təsviri incəsənət fənninin əsas məqsədi estetik dünyagörüşünə, zəngin mənəviyyata, bədii zövqə və yaradıcı təxəyyülə malik olan, milli və ümumbəşəri dəyərlərə hörmətlə yanaşan şəxsiyyətin formalaşdırılmasına yönəldiyindən onun təlimi prosesində şagirdin meyil və maraqları, arzu və istəkləri əsas götürülür, onların fəallığına üstünlük verilir. Bu zaman müəllim istiqamətləndirici, əlaqələndirici rolu ilə şagirdin estetik dünyagörüşünə, zəngin mənəviyyata , bədii zövqə, yaradıcı təxəyyülə yiyələnmə prosesinin bələdçisinə çevrilir. Təsvir etmək insanın görmə yaddaşını, mühit və məkan duyumunu, obrazlı təsəvvür qabiliyyətini inkişaf etdirir. Təsviri incəsənət fəaliyyəti şagirdləri məkan və forma ölçülərini hiss etməyə, obrazlı və məntiqli düşünməyə və bu düşüncələri vizual obrazda əks etdirməyə istiqamətləndirir. 

Təsviri incəsənət fənni üzrə təlimin təşkili zamanı şagirdlərin ümumi inkişafı diqqət mərkəzində dayanır. Onların idrakı, hissi və psixomotor bacarıqları inkişaf etdirilir. Bu prosesdə fənnin imkanlarından irəli gələn xüsusiyyət kimi hissi və psixomotor bacarıqlara üstünlük verilir. Şagirdlərin yaş xüsusiyyətləri, meyil və maraqları nəzərə alınır. Təlimin ənənəvi formaları ilə yanaşı, aşağıdakı təşkilat formalarından da istifadə olunur:

*         Müzakirə dərslər.

*          Yaradıcı fəaliyyətə əsaslanan dərslər.

*          Ekskursiya dərsləri.

 Fəal təlimə əsaslanan bu dərslər qruplar, fərdi və kollektiv şəkildə aparıla bilər. Kollektivlə birgə yaradıcılıq prosesi zamanı şagirdlər yeni bilik və vərdişlər əldə edir, yəni səslənən ideyaları, özlərinə məxsus bədii, texniki üsulları uşaqlar təcrübə prosesində bir-birlərindən istər-istəməz mənimsəyirlər. Həmçinin şagirdlərin birgə əməyinin ilk təcrübəsi meydana çıxır ki, bunun da əsasını qarşılıqlı anlayış və hörmət təşkil edir. Uşaqlar yoldaşlarının müxtəlif yanaşmalardan irəli gələn rəylərini dinləməyi, eyni zamanda öz fikirlərini də müdafiə etməyi öyrənirlər.  

 

2-ci sinif dərslik komplekti haqqında

 

Milli Kurikulum əsasında hazırlanmış 2-ci siniflər üçün "Təsviri incəsənət" dərsliyi 4 hissədən və 32 məşğələdən ibarətdir. Dərslikdə mövzular üzrə məlumat, tanınmış rəssamlar və onların əsərləri, dünya incəsənətinin görkəmli nümayəndələri və muzeyləri ilə tanışlıq, təsvir qaydaları, ətraf aləmin gözəlliklərini əks etdirən mənzərələr, şagirdlərin rəsm və əl işləri verilmişdir. Dərsin məzmunu ilə bağlı bəzi lakonik məlumatların "Yadda saxla!" işarəsi ilə təqdim olunması şagirdlərdə biliklərin mənimsənilməsinə yardım edir. Dərslikdəki məlumatlar beş məşğələ növü vasitəsilə təqdim olunur:

1. Təsviri incəsənət əsərləri ilə tanışlıq.

2. Naturadan rəsm.

3. Mövzu üzrə rəsm.

4. Dekorativ-tətbiqi fəaliyyət.

5. Yapma.

Bütün uşaqlar az da olsa, şəkil çəkmək, aplikasiyalar düzəltmək və müxtəlif yapmalar hazırlamaq təcrübəsinə malikdirlər. Bu isə dünyanın təbii və özünəməxsus şəkildə dərk edilməsi, onların şüurlarında müxtəlif obraz və epizodların canlanması nəticəsində şəxsi təcrübələrinin zənginləşməsi deməkdir. 

Müəllimin isə əsas məqsədi uşaqları gözəllik dünyası ilə - incəsənət aləmi ilə yaxından tanış etmək, bu aləmlə ünsiyyət yaratmaq və estetik tərbiyəni inkişaf etdirməkdir. Müəllim şagirdi incəsənət aləminə yavaş-yavaş uyğunlaşdırmaqla onda yaratmaq həvəsi oyatmalı, sonrakı mərhələdə isə yaradıcının və yaradılan əsərin daxili aləminin emosional durumunu əks etdirməyə can atmalıdır.

Şagird ətrafda baş verən hadisələrə münasibət bildirməyi, yaratdığı obraza xarakter verməyi bacarmalıdır. Bu xüsusiyyətlərə isə müəllim tərəfindən düzgün tədris olunan təsviri incəsənət fənninin köməyi ilə yiyələnmək mümkündür. Şagirdlərin bilik səviyyəsinin artmasına  və bədii yaradıcılığa cəlb olunmasına səbəb olan təlimin bütün metodoloji və pedaqoji aspektləri diqqətlə və sistemli şəkildə işlənərək müəllimlərin istifadəsinə verilir.

Dərslik komplektinə daxil olan müəllimlər üçün metodiki vəsaitin funksiyaları bunlardır:

 

a)         Bilik və bacarıqların ötürülmə üsulları barədə tövsiyələr.

b)         Bacarıq və vərdişlərin reallaşdırılması yolları.

c)         Bilik və bacarıqların yaradıcı tətbiq etdirilməsi.

ç)         Biliyin qiymətləndirilməsinin forma və üsulları.

d)         Bilik və bacarıqların inteqrativ olaraq reallaşdırılması.

e)         Mədəni və sosial tərbiyə üsulları.

 

Müəllim üçün vəsaitdə aşağıdakı materiallar öz əksini tapmışdır:

*          2-ci sinif üzrə məzmun standartları.

*          Dərslik komplektində dərslərin mövzular üzrə planlaşdırılması.

*          Fənn üzrə məzmun standartlarının reallaşma  cədvəli və illik iş planı.

*          Fənlərarası inteqrasiya imkanları və digər fənlərin uyğun alt-standartları ilə inteqrasiya cədvəli.

*          Şagird nailiyyətlərinin qiymətləndirilmə prinsipləri və formaları barədə.

*          Təlimin təşkilində istifadə olunan üsullar.

*          Dərsin mərhələlər üzrə planlaşdırılma nümunələri.

 

Dərsin planlaşdırılması nümunələrində tövsiyə olunan materiallardan tədris prosesində istifadə edilməsi konkret situasiyalardan asılı olaraq müəllim tərəfindən müəyyən olunur. Bu, əsasən müəllimin özünün fəal təlim üzrə iş təcrübəsindən, şagirdlərin qruplarda, cütlərlə və s. iş vərdişlərindən və onların hazırlıq səviyyəsindən asılı ola bilər.

 Təsviri incəsənət fənni üzrə təlimi şagirdlərin fəallığı şəraitində qurmaq üçün interaktiv metodlara müraciət olunur. Müəllim-şagird münasibətlərini müasir tələblər əsasında qurmaq, şagirdin ümumi inkişafını təmin etmək üçün müzakirələrin (əyani vəsaitlərdən istifadə etməklə), baxış-sərgilərin keçirilməsi kimi üsullardan, eləcə də beyin həmləsi, ziqzaq, ESSE, BİBö, VENN diaqramı, şaxələndirmə (klaster), diskussiya, debatlar, İnteraktiv Qeydetmə Sistemi-İQS (insert) kimi interaktiv üsullardan istifadə olunur.

Şagirdlərin qiymətləndirilmə üsullarından istifadə imkanları da müəllimlər üçün tövsiyə edilir. 

İş dəftərindəki mövzular kurikulumda verilən məzmun standartlarına uyğundur və şagirdin fərdi fəaliyyəti üçün nəzərdə tutulmuşdur. Hər bir məzmun xətti üzrə qiymətləndirmə standartları əsasında diferensial təlim nəzərə alınmaqla hazırlanmış iş dəftərinə bilik və bacarıqları möhkəmləndirmək üçün tapşırıqlar, yaradıcı tətbiqetmə xarakterli çalışmalar, praktik işlər üzrə tapşırıqlar, istiqamətləndirici suallar, hər tədris vahidinin sonunda şagirdin özünü yoxlaması üçün test tapşırıqları, summativ (yekun) qiymətləndirmə vasitələri daxildir. İş dəftərində tapşırıqlar sadədən mürəkkəbə doğru yerləşdirilmişdir.

Nümunə kimi təqdim olunan əl işləri ayrı-ayrı uşaqların istedadını qeyd etmək və ya onun surətini köçürmək üçün deyil, sadəcə olaraq bu tapşırığı yerinə yetirməyə cəhd edən balacaların  təsəvvürlərini oyatmaq, onları yaradıcı axtarışlara istiqamətləndirməyə kömək məqsədilə verilir. İş dəftərində incəsənət əsərlərindən verilmiş nümunələr, muzeylərə vizual ekskursiya onların müşahidə qabiliyyətinə və dünyanı dərk etməsinə təkan verən başlıca əlaqə üsuludur.

Görmə (müşahidə) bacarığı uşağın şəxsi keyfiyyətlərini formalaşdıran əsas amildir və bu, iş dəftərinin əsas məqsədidir.

Məktəbdə tədris prosesinin təşkilində nümayiş üsullarının, o cümlədən nümayiş sərgilərinin böyük rolu vardır. Şagirdlər sərgi mövzularını sərbəst seçməlidirlər. Bu zaman onların sərbəst yaradıcılıq imkanları nəzərə alınmalıdır.

Sərgi üçün bədii obrazların yaradılması şagirdlərə hadisələrin mahiyyətini araşdırma bacarığı ilə sıx əlaqədə öyrədilməlidir. Uşaqlarla iş zamanı  bu, vacib faktordur. Yekun göstərici kimi yaxşı tərtib olunmuş sərgini üzə çıxarmaqla bərabər, müəllim tədris zamanı uşaqların təhliletmə bacarığını və düşünmə qabiliyyətlərini də inkişaf etdirməlidir. Bu, şagirdlərdə əməyə hörmət hissini aşılamaq və yaradıcı fəaliyyətin yekun məhsulunu insanlara layiqli şəkildə çatdırmaq mədəniyyətini də tərbiyə edir.

Şagirdlərdə estetik dünyagörüşünün və incəsənətə analitik yanaşma tərzinin formalaşmasında yaradıcılıq sərgiləri ilə yanaşı, ekskursiyaların da xüsusi əhəmiyyəti vardır. Müntəzəm surətdə muzeylərə, sərgi salonlarına, qalereyalara ekskursiyalar təşkil etməklə (məktəbin hansı məkanda - şəhərdə, rayonda, qəsəbədə, kənddə yerləşməsindən asılı olaraq), uşaq təfəkkürünü incəsənətlə bağlı məlumatlarla zənginləşdirmək lazımdır. Rayon və kənd yerlərində dünyanın məşhur muzeyləri haqqında məlumatları uşaqlara İnternet və çap məhsulları vasitəsi ilə də çatdırmaq mümkündür. Şagirdlər müasir cəmiyyətin mədəni həyatına (yaşından asılı olaraq) düzgün istiqamətləndirilməli və incəsənət əsərlərinə dəyər verərkən və ya onu tənqid edərkən savadlı yanaşmağı bacarmalıdırlar.

Psixoloqların saysız-hesabsız tədqiqatları sübut etmişdir ki, dərs zamanı müxtəlif janrlarda olan  bəstəkar və xalq musiqiləri uşaq psixikasına, yaradıcılıq qabiliyyətinə güclü müsbət təsir göstərir. Uşaqların estetik qavramasını tərbiyələndirməkdə musiqinin rolu böyükdür.

"Bakı" nəşriyyatında hazırlanmış və Yeganə Cəlilova ilə birgə həmmüəllifi olduğum 2-ci siniflər üçün "Təsviri incəsənət" dərslik komplektini hazırlayarkən müəllimlərə dərsə yaradıcı yanaşmaları üçün geniş imkanlar verməyə çalışmışıq. Hər bir müəllim keçəcəyi dərsi tövsiyə olunmuş dərs planlaşdırılması ilə yanaşı, konkret situasiyadan asılı olaraq öz baxışına uyğun qurmalıdır. Təsviri incəsənət fənnini digər fənlərdən fərqləndirən cəhətlərdən biri də odur ki, bu fənnin məzmunu müəllimdən dərsin özünə yaradıcı proses kimi yanaşmasını tələb edir.

Hörmətli müəllimlər! Yadda saxlayın ki, təqdim olunan dərslik komplektlərinin müəllifi biz, hər bir dərsin isə müəllifləri sizlərsiniz!

 

Kəmalə CƏFƏRZADƏ,

Bakı Avropa Liseyinin təsviri incəsənət müəllimi,

1-ci və 2-ci siniflər üçün "Təsviri incəsənət"

dərslik komplektlərinin  həmmüəllifi