İyunun 4-də Bakı Slavyan Universitetində (BSU)
Belarus Respublikasının Prezidenti Aleksandr
Lukaşenkoya universitetin fəxri doktoru
diplomunun təqdim edilməsi mərasimi
keçirilmişdir.
Universitetdə
Belarus Prezidentini səmimiyyətlə qarşılamış,
tələbələr ali qonağa gül-çiçək dəstələri təqdim
etmişlər.
Sonra universitetin akt salonunda təntənəli
mərasim keçirilmişdir. Tələbə xorunun ifasında "Haudeamus"
tələbə himni səslənmişdir.
BSU-nun rektoru, professor Kamal Abdullayev
universitetin professor-müəllim heyəti və
tələbələri adından ali qonağı salamlayaraq
bildirmişdir ki, ali məktəbin Elmi Şurası
Prezident Aleksandr Lukaşenkonun Belarus ilə
Azərbaycan arasında əməkdaşlığın inkişaf
etdirilməsində, xalqlarımız arasında dostluq
əlaqələrinin möhkəmlənməsində, ölkələrimiz
arasında elm, təhsil və mədəniyyət sahələrində
münasibətlərin genişləndirilməsində və
dərinləşdirilməsində xidmətlərinə görə ona Bakı
Slavyan Universitetinin fəxri doktoru diplomu
verilməsi haqqında yekdilliklə qərar qəbul
etmişdir.
Rektor universitetdə Belarus dili və
ədəbiyyatının tədrisi ilə bağlı planlar barədə
məlumat vermişdir. Bildirmişdir ki, bu istiqamət
universitetdə yeni yaradılır və "Belarusşünaslıq"
ixtisasının açılması planlaşdırılır.
Universitetdə yeni yaradılmış Belarus Dili və
Mədəniyyəti Mərkəzi uğurla fəaliyyət
göstərəcəkdir. Bu mərkəz həm tələbələrin və
müəllimlərin, həm də Azərbaycanda yaşayan və
işləyən belarusların ünsiyyət yerinə
çevriləcəkdir. Rektor bu mərkəzin açılmasına
fəal kömək göstərmiş Belarusun Azərbaycandakı
səfirinə və Belarus Dövlət Pedaqoji
Universitetinə təşəkkürünü bildirmişdir.
Sonra professor K.Abdullayev Belarus dövlətinin
başçısına Bakı Slavyan Universitetinin fəxri
doktoru diplomunu, mantiya və xatirə
hədiyyələrini təqdim etmişdir.
BSU-nun tələbələrinin ifasında Belarus dilində
şeirlər və mahnılar ifa olunmuşdur.
Mərasimdə çıxış edən Belarus Prezidenti
Aleksandr Lukaşenko qeyd etmişdir ki, Bakı
Slavyan Universitetinin yubiley ilində bu ali
təhsil ocağının fəxri doktoru adına layiq
görülməsini özü üçün böyük şərəf hesab edir.
Belarus dövlətinin başçısı xüsusi vurğulamışdır
ki, Belarus ilə Azərbaycan arasında sıx dostluq
münasibətləri vardır və ölkələrimizi bağlayan
cəhətlər çoxdur.
Keçmiş Sovet İttifaqı dağıldıqdan sonra
Belarusun da Azərbaycan kimi müəyyən
çətinliklərlə qarşılaşdığını qeyd edən
A.Lukaşenko ölkəsinin öz iqtisadi inkişaf
modelini müəyyən etdiyini və bu modelin
gətirdiyi uğurlar barədə ətraflı danışmışdır.
Azərbaycan xalqının ümummilli lideri Heydər
Əliyevin Belarus xalqını daim dəstəklədiyini,
buna görə də onun xatirəsinin bu ölkədə böyük
hörmətlə anıldığını vurğulayan A.Lukaşenko həmin
siyasətin bu gün Prezident İlham Əliyev
tərəfindən ardıcıl şəkildə uğurla davam
etdirildiyini bildirmişdir. Sonuncu dəfə üç il
bundan əvvəl Azərbaycana səfərindən sonra
ölkəmizin sürətli inkişafının şahidi olduğunu
deyən Belarus Prezidenti xalqımıza inkişaf və
rifah arzulamışdır.
Prezident Aleksandr Lukaşenko Belarus Dili və
Mədəniyyəti Mərkəzinin yaradılmasına görə
təşəkkürünü bildirərək vurğulamışdır ki,
Azərbaycan dili və mədəniyyətinin təbliği
məqsədilə Minskdə belə bir mərkəzin yaradılması
xalqlarımız arasında əməkdaşlıq əlaqələrinin
inkişafına mühüm töhfə olacaqdır.
Sonra Belarus Prezidenti BSU-nun tələbələri ilə
xatirə şəkli çəkdirmişdir.
2009-cu ildə Bakıda təsis edilmiş Azərbaycan-Belarus
Dostluq və Əməkdaşlıq Cəmiyyətinin üzvləri ilə
görüşən Prezident Aleksandr Lukaşenko təşkilatın
fəaliyyətini yüksək qiymətləndirmişdir.
Azərbaycan "Kitab" Cəmiyyətinin miniatür
kitabları ali qonağa hədiyyə olunmuşdur.
Daha sonra Belarus dövlətinin başçısı və
nümayəndə heyətinin üzvləri BSU-da yaradılmış
Belarus Dili və Mədəniyyəti Mərkəzinin
açılışında iştirak etmişlər. Buradakı şəraitlə
tanış olduqdan sonra Aleksandr Lukaşenko
Mərkəzin Fəxri qonaqlar kitabına ürək sözlərini
yazmışdır.
Belarus dövlətinin başçısı Mərkəzə Belarus
Respublikası haqqında kitabları hədiyyə etmişdir.
AzərTAc |