Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun əməkdaşları Kənd Təsərrüfatı Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat İnstitutunun təşkilatçılığı ilə “Müasir tərəvəzçiliyin inkişafında innovasiyaların rolu” mövzusunda keçirilən onlayn konfransda iştirak ediblər.

 

İnstitutun elmi işlər üzrə direktor müavini, dosent Ələmdar Məmmədov bitki xəstəliklərinin molekulyar diaqnostikası, identifikasiyası, həmçinin xəstəlikləri yayan həşəratların identifikasiyası və həyat tsiklinin öyrənilməsi, bu həşəratlara qarşı mübarizə vasitələrinin işlənib hazırlanması üçün kompleks tədbirlər haqqında fikirlərini söyləyib. O qeyd edib ki, biotexnoloji metodlarla bir çox bitkilərin əkin materialının çoxaldılması üçün tədqiqatların birgə aparılması, yeni özəl biotexnoloji kompaniyaların təşkili və hazırlanmış metod əsasında həmin bitki materialının təsərrüfatların tələbatını təmin etmək üçün çoxaldılması zəruridir. Ə.Məmmədov əmin olduğunu bildirib ki, nazirliyin və AMEA-nın bioloji institutlarının iştirak etdiyi kompleks layihələrin hazırlanması, birgə həyata keçirilməsi, institutların maddi-texniki və kadr potensialından səmərəli istifadə edildiyi təqdirdə müsbət nəticələr verəcək.

 

Konfransda, həmçinin institutun elmi katibi, dosent Durna Əliyeva, institutun bitki biotexnologiyası laboratoriyasının aparıcı elmi işçiləri - dosent Sədaqət Əsədova,  dosent Mahirə Məmmədova, bioadaptasiya laboratoriyasının kiçik elmi işçisi Nərgiz Bayramova da iştirak ediblər.