Lənkəran Dövlət Universiteti (LDU) Elmi Şurasının  onlayn iclası keçirilib.  Şura sədri, universitetin rektoru vəzifəsini icra edən professor Natiq İbrahimov iclas iştirakçılarını  gündəlikdə duran məsələlərlə tanış edib.

 

Elmi Şura üzvlərinin müzakirəsinə çıxarılan ilk məsələ “2020/2021-ci tədris ilinə hazırlığın vəziyyəti və yaz semestrinin gedişi” olub.

 

Tədrisin təşkili və təlim texnologiyaları üzrə prorektor vəzifəsini icra edən dosent İdrak  Əsgərov 2020/2021-ci tədris ilinə hazırlıqdan söz açaraq bildirib ki,  tədrisin onlayn qaydada təşkili üçün lazımi işlər görülüb, texniki imkanlar cəmləşdirilib. Həmçinin, tədris  tapşırıqları fakültələr üzrə kafedralara göndərilib və  dərs yuklərinin müəllimlər arasında ilkin bölgüsü aparılıb. Bu il bütün ixtisaslar üzrə yeni təhsil proqramları hazırlanıb və  hazırda yekunlaşmaq üzrədir.

 

İ.Əsgərov  qeyd edib  ki, 2019/2020- ci tədris ilinin yay semestri  Microsoft Teams proqramı əsasında onlayn qaydada davam edir. Bu tədris ilində yay semestrində 40 fənn üzrə qrup yaradılıb   və  dərslər  təsdiq edilmiş cədvəl üzrə aparılır. Yay semestrinin dərsləri  29.08.2020-ci il tarixində yekunlaşacaq və 31.08.2020-ci il tarixdən 05.09.2020-ci il tarixinədək  onlayn qaydada imtahanlar  təşkil ediləcək. Bu tarixlərdə eyni zamanda, təkrar imtahan üçün müraciət edən tələbələrə də maksimum iki fənn üzrə  imtahanlar  (4-5 sentyabr)  təşkil olunacaq.

 

İclasda  Maliyyə və mühasibat şöbəsinin müdiri Rəşad Rzazadə çıxış edərək bildirib ki, sentyabrın 1-dən LDU-da əmək haqları növbəti dəfə artırılacaq.

 

Yeni tədris ilinin əsaslı yeniliklərindən biri də  Lənkəran Dövlət Universiteti nəzdində Sosial və Aqrar Texnoloji Kollecinin təşkil edilməsidir. Bu məsələ ilə bağlı Lənkəran Humanitar  Kollecinin  direktoru Ruslan Həmidov  məruzə edərək idarəetmə strukturunun təşkil edilməsi istiqamətində işlərin yekunlaşmaq üzrə olduğunu, müvafiq təhsil proqramlarına uyğun tədris planlarının yenidən hazırlandığını  deyib.

 

Elmi Şurada “Universitetin maddi-texniki bazasının gücləndirilməsi ilə bağlı görülən işlər haqqında” təsərrüfat işləri və iqtisadi məsələlər üzrə prorektor vəzifəsini icra edən Azər Əliyevin hesabatı  dinlənilib. Məruzəçi yeni tədris ilinə və qarşıdakı payız-qış  mövsümünə hazırlıq işlərinin yekunlaşmaq üzrə olduğunu söyləyib. Diqqətə çatdırılıb ki, I korpusda qazanxana binası yenilənib, bütün korpuslarda  su-kanalizasiya, işıqlandırma sistemləri əsaslı təmir edilib , aqrar ixtisasda təhsil alan tələbələr üçün tədris-təcrübə otaqları və yeni istixana binası  tikilir. Bildirilib ki, cari  tədris ilində LDU-da  yeni 1500  yerlik  tədris korpusunun inşasına da başlanılacaq.

 

İclasda cari məsələlərə də baxılıb və müzakirə olunan bütün məsələlər barədə səsvermə qaydasında qərarlar qəbul edilib.