Mingəçevir Dövlət Universitetinin (MDU) rektoru Şahin Bayramov universitetə müvafiq ixtisaslar üzrə ən yüksək balla, eləcə də 500-dən yuxarı balla qəbul olan birinci kurs tələbələri ilə görüşüb.

 

Universitetdən bildirilib ki, Microsoft Teams platforması üzərindən onlayn formatda keçirilən görüşdə rektor Ş.Bayramov, ilk növbədə  Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun əldə etdiyi şanlı qələbələr münasibətilə tədbir iştirakçılarını təbrik edib və işğal altındakı bütün torpaqlarımızın tezliklə düşmən tapdağından azad olunacağına əminliyini söyləyib.

 

Həm tələbə adını qazanmaları, həm də yüksək bal toplamaları münasibətilə görüşdə iştirak edən tələbələri, onların valideynlərini və müəllimlərini təbrik edən rektor MDU-nu seçdiklərinə görə gənclərə təşəkkürünü bildirib. Tələbələrin doğru seçim etdiklərini, təhsil müddətində bu seçimdən məmnun qalacaqlarına əminliyini vurğulayıb.

 

Son dövrlərdə universitet həyatında baş verən müsbət və dinamik keyfiyyət dəyişikliklərindən bəhs edən rektor tələbələrin MDU-da təhsil, o cümlədən ölkənin nüfuzlu paytaxt universitetlərində, eləcə də xaricdə təhsil, elmi-tədqiqat fəaliyyəti, idarəetmədə iştirak, könüllülük fəaliyyəti, sosial həyat, əmək bazarına hazırlıq və digər istiqamətlər üzrə faydalana biləcəkləri çoxşaxəli imkanları diqqətə çatdırıb. Bildirib ki, hazırda universitetin yeni müasir kampusunun yaradılması istiqamətində işlər görülür. O,  universitetin professor-müəllim heyətinin yüksək potensialından da bəhs edib, tələbələri öz ixtisaslarını sevməyə, təqdim olunan imkanlardan maksimum faydalanmağa, xarici dillərin öyrənilməsinə xüsusi əhəmiyyət verməyə və universitetin ictimai həyatında fəal iştirak etməyə çağırıb.

 

Rektor MDU-da tələbələrin yüksək ixtisaslı mütəxəssis kimi formalaşması ilə yanaşı, xalqına və dövlətinə sadiq vətənpərvər ruhlu vətəndaş yetişdirilməsinə də xüsusi diqqət yetirildiyini qeyd edib, tələbələrə təhsil və şəxsi həyatlarında uğurlar arzulayıb.

 

Görüşdə birinci kurs tələbələri MDU haqqında ilkin təəssüratlarını bölüşüb, arzu və istəklərini bildiriblər.

 

Qeyd edək ki, cari tədris ilində MDU-ya bir nəfər 624 bal, 14 nəfər isə 500-dən artıq bal toplayaraq qəbul olub.