Gəncə Dövlət Universiteti (GDU) 9-cu Beynəlxalq Kitab Sammiti çərçivəsində keçirilən Qərbi Balkanlar İnformasiya və Media Savadlılığı konfransında təmsil olunub.

 

Konfrans universitetin beynəlxalq kredit mobilliyi proqramından tərəfdaşı olduğu Limerik Texnologiya Universiteti tərəfindən təşkil edilib.

 

GDU-dan bildirilib ki, konfransda bölmə sədri qismində universitetin fəxri professoru, İsgəndəriyyə kitabxanasının təsisçi direktoru, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri İsmayıl Seragəldin də çıxış edib. Tədbirdə dünyanın informasiya və media savadlılığı sahəsindən olan çoxlu sayda mütəxəssislər bir araya gəlib. Beynəlxalq Kitabxana İnstitutları və Assosiasiyaları Fedarasiyasının prezidenti Christine MacKenzie və İnternetin yaradıcılarından hesab olunan Vinton Gray Cerf kimi tanınmış simalar məruzəçi qismində çıxış ediblər.

 

Konfransda GDU-nu Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ruslan Məmmədov və Texnologiyanın transferi şöbəsinin müdiri Razim Əliyev təmsil edib.