Emin Əmrullayev: “Azərbaycanın ərazi bütövlüyünün bərpası təhsil sistemi və təhsil işçiləri olaraq bizim qarşımızda böyük imkanlar açır”


(Əvvəli https://muallim.edu.az/news.php?id=14441 )

 

Yanvarın 22-də Təhsil naziri Emin Əmrullayev Xəzər TV-nin “Vaxtı gəldi” proqramının qonağı olub. Verilişdə xüsusi karantin rejimi dövründə tədrisin təşkili xüsusiyyətləri, öyrənmənin fəlsəfəsi, ictimaiyyət arasında təhsillə bağlı digər gözləntilər ətrafında müzakirələr aparılıb.

 

“Dəyişikliklərə çevik və tez bir formada hazır olmalıyıq”

 

- Həqiqətən, bəhs etdiyiniz məsələlər ciddi məsələdir. Nəzərə alsaq ki,  uşaq daha çox ev şəraitində, himayəsi altında olduğu insanların əhatəsində vaxt keçirir, internetdən düzgün istifadə, məqsədyönlü istifadənin qaydalarını da ona  həmin o əzizləri, doğmaları, yaxınları aşılamalıdır. Yəni, yenə də onun üzərinə gəlirik ki, bu  dönəmdə çox böyük bir məsuliyyət yükü, həm mənəvi, həm maddi, həm fiziki mənada ailənin,  himayədarların öhdəsinə düşür. Ona görə də müəllimlərimizə təşəkkür öz yerində, həm də valideynlərimizə, o övladları idarə edən, uşaqlara himayədarlıq edən insanlara da böyük minnətdarlıq payı düşür. Bu dövr  bizim dilimizin lüğət tərkibinə, ümumi işlək sözlərin siyahısına bir neçə yeni ifadələr də əlavə etdi. Teledərs, şəxsi kabinet, elektron təhsil, distant, hibrid dərslər, yəni, bütün bu virtual məktəb sözünün  özü... Məktəbin virtual olacağını heç kim təsəvvür edə bilməzdi. Ancaq bu reallığı yaşayırıq. Bax bütün bu reallıq,  bu ifadələr ənənəvi təhsil sisteminə, onun simasını dəyişəcək nələrsə bir əlavələr edəcəkmi?

 

- Təhsil və dəyişiklik sözü həmişə kifayət qədər həssas qarşılanır. Bununla bağlı bəlkə də ayrı bir verilişə, mövzuya bir ehtiyac var. O mənada ki, dəyişikliklərlə təhsilin dəyişməsi hansı sürətlə gedir. Təəssüf ki,  təhsilin dəyişməsini cəmiyyət daha böyük müqavimət və daha çox emosional qarşılayır. Amma biz, məsələn, mən təxminən 25 il bundan əvvəl, 30 il bundan əvvəl məktəbli partasında oturan bir insanam. Düşünürəm ki,  həmin dövrdə mobil telefonları yox idi, indi yaranıb. İnternet yox idi,  indi var. Maşınlar, insanların geyim tərzi, televiziyaların sayı, yəni, çox şey dəyişib. Amma təhsil nə qədər dəyişib sualını indi mən ritorik sual olaraq verirəm. Nəyə görə?  Çünki biz nə qədər təhsili dəyişmək istəyirik, bu ayrı bir sualdır. Bu, təkcə Təhsil Nazirliyinin və nazirinin istəyi ilə bağlı olan bir məsələ deyil. Və bizim təhsili dəyişməyimizlə bağlı, yəni, nədən nəyə dəyişməyimiz öz-özlüyündə böyük bir ictimai, çox geniş bir sualdır. Amma təbii ki, hər bir hadisə, baş vermiş makro dəyişiklik öz izini təhsildə buraxır.  Bu dövrdə mənə elə gəlir ki, başa düşdüyümüz bir  neçə məsələ oldu. Bir məsələ, başa düşməli olduğumuz desəm, daha düzgün olardı,  bizim gələcək daha çox qeyri-müəyyənliyə gedir. Bunu mən əvvəllər  bir dəfə də demişəm, çünki heç kim keçən ilin yanvarında - 2020-ci ildə baş vermiş 2 böyük hadisəni, yəni, həm 44 günlük Vətən müharibəsini və həm də COVID-19-la bağlı dəyişiklikləri proqnozlaşdıra bilməzdi və proqnozlaşdırma baş vermirsə, onda planlaşdırma da problemlidir. Amma biz bu cür dəyişikliklərə çevik və tez bir formada hazır olmalıyıq.  Bir şeyi də qeyd edim. Adətən bir proses bitəndə onun sonrakı qiymətləndirməsi olduqca vacibdir, misal çəkim yenə də. Hamının, bəlkə də çox böyük həvəslə izlədiyi,  dəfələrlə sosial mediada, hansısa direktorun fəaliyyəti ilə bağlı problemli videolar olub. Bizim üçün nazirlik olaraq bu proses həmin direktorun əmək fəaliyyətinə xitam verən gün bitmir. Bizim üçün daha bir vacib məsələ  də var. Bu, cəmiyyət üçün də vacib olmalıdır. Biz sual verməliyik ki, ümumiyyətlə, bu adam necə oldu ki, direktor oldu? Çox səmimi deyirəm, bu, çox vacib sualdır ki, biz səhvmi  etdik o direktor oldu, yoxsa, bu, sadəcə olaraq  sistemdə baş verə bilən hansısa yüz haldan biridir ki, indi  bu dəfə təsadüf olunub?

 

Və yaxud, həmin insan 10-15 il direktor kimi işləyib. Əgər bu belə idisə, necə oldu bu?  Yəni, prosesin bütün “bu necə oldu” suallarının qiymətləndirilməsi və təkrar olaraq eyni səhvlərin buraxılmaması, düşünürəm ki, ən vacib məsələdir.  Koronavirusla bağlı da eyni situasiyadır. Biz əgər sabah sıfır yoluxma müşahidə ediriksə, bundan sonra kifayət qədər vaxt götürüb düşünməliyik ki, nələri düz etdik, nələri düz etmədik. Və hər hansı bir növbəti dəfəki qısamüddətli və uzunmüddətli,  fərqi yoxdur, başqa xarakterli  bir böhranla üz-üzə qalanda necə edəcəyik ki, səhvləri bir də buraxmayaq. Və yaxud hazırlıqlı olduğumuz o aktivləri təkrar olaraq istifadə edək.

 

Kəmiyyət dəyişikliklərimizə keyfiyyəti qurban verməməliyik

 

- Biz sanki daha çox orta təhsil proqramından danışırıq, orta məktəblərə toxunuruq. Amma bizi izləyənlər arasında, əminəm ki, ali təhsil alanlar da var. Onları da maraqlandıran suallar və yaxud ali təhsil almağa hazırlaşan abituriyentlər də var. Onların da çoxsaylı sualları var. Sadəcə dövlət sifarişli və ödənişli ali təhsil yerləri ilə bağlı  sual həmişə aktualdır. Və həmişə də hamını narahat edir. Bax, o mütənasiblik necə qorunur? İldən-ilə necə dəyişir?

 

- Təhsilin hansı pilləsindən danışırıqsa danışaq, fərqi yoxdur, əsasən 4 başlıca məqsəd hər bir Təhsil Nazirliyinin, hər bir təhsil nazirinin, fərqi yoxdur, məqsədi olmalıdır. 4 əsas məqam - birincisi, təhsilin əlçatan olması. Yəni, biz təmin etməliyik ki, hər kəsin ali təhsil almağa ən azı imkanı vardır, yəni, hər kəs ali təhsil almalıdır başqa fikirdir. Amma hər bir kəsin ali təhsilə çıxışı var, başqa bir fikirdir. Təhsilin keyfiyyəti və bərabər imkanların olması, yəni, insanların kasıb və varlı, kənddə və ya şəhərdə yaşaması, qadın və ya kişi olmasından asılı olmayaraq hər bir adamın təhsilə və keyfiyyətli təhsilə çıxışı olsun. Və nəhayət,  4-cü məqsəd səmərəlilikdir ki, ayrılmış hər bir manatdan necə daha çox keyfiyyət əldə etmək olar. Yəni, bunları bir cümlədə qursaq əlçatan, bərabər imkanları olan, keyfiyyətli təhsil sistemini səmərəlilik təmin edilməklə həyata keçirmək təhsil siyasətidir, bu 4 makro siyasət bizim əsas işlərimizdir. O ki qaldı Azərbaycan kontekstində ali təhsilə,  təbii ki,  bizim ümumiyyətlə, uzun bir müddət ali təhsilə yanaşmamız sovet dövründən qalan elitar təhsildir,  biz  daim seçmişik, ali təhsildə ən yaxşılar oxumalıdır və s.  Müxtəlif sistemlər var. Ümumiyyətlə,  hələ də ali təhsil nöqteyi nəzərindən əhalimizin az bir hissəsi ali təhsillə əhatə olunub. Daha doğrusu, ali təhsil almış insanlardır. Bunun, təbii ki, son dövrlərdən daha çox əvvəlki dövrlə əlaqəsi var. Son dövrlərdə ali təhsilə qəbul saylarının  artmasını, yəqin ki, hamı müşahidə edir. Bu, iki əsas proses əsasında aparılır. Birinci proses ondan ibarətdir ki,  saylar artır, yəni, kəmiyyət dəyişiklikləri baş verir. İkinci proses ondan ibarətdir ki, biz keyfiyyət dəyişikliklərinin də artmasını istəyirik.

 

Siz maliyyələşməni qeyd etdiniz, maliyyələşmə olduqca vacib məsələdir. Çünki bu, təhsilin rəqabətliliyini təmin edən dövlət sifarişli, həm ayrı-ayrı fərdlər, həm də abituriyentlər, həm ali təhsil müəssisələri arasında rəqabətlililiyin təmin edilməsi üçün vacib bir elementdir. Yəni, başqa sözlə, hər bir abituriyent istəyir ki, pulsuz yerə düşsün, pullu yerə düşməsin. Bütün yerlər pulsuz olursa, onda faktiki olaraq rəqabət elementi azalır. Bu gün yenə də bir məsələ, bir fikir öz məcrasından çıxarılıb ictimaiyyətə fərqli bir formada təqdim edilmişdir. Bu gün brifinqdə qaldırılan fikirlərdən biri də bu idi ki, biz əgər təhsili 500 manat eləsək, onda hamı ali təhsil alar və ya çox adam ali təhsil alar. Bu, mən  qeyd eləmək istəyirəm, təhsilin qiyməti ilə onun keyfiyyəti arasında olan əlaqədir. Yəni, bu gün biz bir nəfərə 2500 manat ayırırıqsa, faktiki olaraq bunu 5 nəfərə ayıranda 5 nəfər ali təhsil alır. Amma hərəsinə 500 manat ayırırıq. Sual ondan ibarətdir  ki,  500 manata hazırlanmış mühəndislə  2500 manata hazırlanmış və yaxud 5 min manata hazırlanmış mühəndis arasında keyfiyyət fərqi var. Yəni, biz kəmiyyət dəyişikliklərimizə keyfiyyəti qurban verməməliyik. Başqa sözlə, insanları, özümüzü aldatmamalıyıq. Yəni, ali təhsildə kəmiyyət dəyişiklikləri mütləq baş verməlidir, saylar artmalıdır.  Və dediyim, xatırlatdığımız kimi,  hər bir insan üçün, hər  bir sosial qrant alanlar üçün imkanlar olmalıdır. Amma eyni zamanda bu, keyfiyyəti qurban verməklə olmamalıdır. Biz süni şəkildə sayları artırmaqla əhalimizin daha çox hissəsi ali təhsil aldı deməklə özümüzü aldatmamalıyıq. Çünki uzunmüddətli  vədədə həmin insanlar bizim əmək bazarımızın bir hissəsi olacaq. Mənə görə kəmiyyət və keyfiyyət arasındakı balansı qoruyub saxlamaq çox bəsit iqtisadi bir asılılıqdır.  Son dövrlər ərzində Azərbaycan hökumətinin bu istiqamətdə atdığı rəqəmlərə baxsaq, biz bunun şahidi oluruq ki, bizdə iki məsələ eyni anda baş verir. Gəlin mən konkret rəqəmlərdən danışım.

2015-2016-cı tədris ilində, bu, çox yaxın keçmişdir müəyyən mənada, bizim ümumilikdə ali təhsil müəssisələrinə faktiki qəbulumuz 31 min 699 nəfər olub.  2020-2021-ci tədris ilində isə bu rəqəm 43371 nəfər olub. Faktiki olaraq, ali təhsil müəssisələrinə qəbul olan insanların sayı artıb. Yəni, 31 mindən 43 minə qədər artıb.  Bu, kifayət qədər böyük rəqəmdir.

 

Ali təhsilin əlçatan olması bizim prioritetimizdir

 

- Bəs müraciət edənlərin sayında  hansı fərq olur?

 

- Müraciət edənlərin sayında, məsələn, elə yerlər var ki, müəyyən qədər azalma var. Çünki uşaqların da sayında azalma gedir,  rəqabətlilik aşağı düşüb.

Amma dövlət sifarişli yerlərlə bağlı bizdə əsaslı dəyişiklik baş verib. 2015-2016-cı tədris ilində dövlət sifarişli yerlərin sayı 11799, 2020-2021-ci tədris ilində isə 22681 olub. Bu isə təxminən 92 faiz çox göstərici deməkdir. Yəni, bu, dövlət başçısının və Azərbaycan hökumətinin müvafiq sərəncamları ilə mümkün olub.

Sosial təbəqələrin, aşağı təminatlı ailələrdən olanların da təhsil alması üçün bu baş verib. Bu, yəqin ki, davam edəcək. Yəni, bu faktdır, keçmişdə baş vermiş bir hadisədir. Eyni zamanda onu da qeyd edim ki, mənə görə istənilən polemika, istənilən fikirlərin fərdiliyi mümkündür, ancaq bunlar yalançı rəqəmlərə deyil, doğru faktlara əsaslanmalıdır. Hazırda bakalavr səviyyəsində təhsil alanların 56 faizi dövlət sifarişli və ya dövlət hesabına təhsil alır. Bir qismi dövlət sifarişli, bir qismi isə dövlət büdcəsi  hesabına maliyyələşir. Həmin insanlar sosial cəhətdən daha aztəminatlı ailələrdən, məcburi köçkün ailələrdən olanlardır, buraya əlilliyi olan insanlar, onların ailələri də aiddir. Eyni prosesi biz magistratura pilləsində də görürük. Sözümün mahiyyəti ondan ibarətdir ki, ali təhsillə bağlı, dediyim kimi, biz çalışmalıyıq ki, daha çox insanımız ali təhsil alsın. Amma bunun da keyfiyyət faktorunu unutmamalıyıq. Yəni, keyfiyyətə təsir edən, sözsüz ki,  birinci faktor maliyyələşmə faktorudur. Çünki bir tələbəyə ayrılan pulun müqabilində professora verilən əməkhaqqı, həmin ali məktəbdə olan laboratoriyanın keyfiyyəti, təhsil infrastrukturu, xarici  əlaqələri, beynəlmiləlləşməsi mümkün olur, yəni, bu nöqteyi-nəzərdən yalnız sayı artırarıqsa, onda keyfiyyətlə bağlı ciddi problemlərimiz olacaq. Keyfiyyətə çox fokus olub az sayda insanı ali təhsilə gətirəriksə, onda bizim say problemimiz yaranacaq. Çünki hər yerdə tələbəmiz olmayacaq. Bu balansı addım-addım qorumalıyıq. 

 

Bir məqamı da qeyd edim, adambaşına düşən maliyyələşmə də son 2 ildə təxminən 30 faiz dövlət hesabına artırılmışdır.  Yəni, bu mənada biz başa düşməliyik ki, ali təhsilin əlçatan olması və ali təhsilin gələcəkdə daha çox insanı əhatə etməsi bizim prioritetimizdir. Ona görə, “Təhsil naziri istəmir insanlar ali təhsil alsın” demək, müəyyən mənada, ya sözü başa düşməməkdir, ya da onu məcradan çıxarıb səhv şəkildə təqdim etməkdir. Amma başqa bir məsələ ondan ibarətdir ki, bu ilin yeniliklərindən, islahatlarından biri tələbə kreditləri  alətlərinin  ali təhsil alanlara təqdim edilməsidir. Burada da iki prinsip  öz əksini tapacaq. Bir tərəfdən biz sosial cəhətdən aşağı gəlirləri olan insanlara faizsiz kreditlərin verilməsi, 2-ci tərəfdən isə nəticələri yüksək olan tələblərə müəyyən standart paketin verilməsini düşünürük. Ancaq kreditlər ümumilikdə nə deməkdir? Həm də vətəndaş məsuliyyəti deməkdir. Çünki dövlətin məsuliyyəti ilə bağlı bu qarşılıqlı anlaşmadır. Çünki vətəndaş məsuliyyətini inkişaf etdirməliyik, həm də müəyyən mənada dövlətin rolunu yerinə yetirmiş oluruq. Dövlət həm sosial cəhətdən, həm aşağı gəlirli ailələrdən olan, həm də eyni zamanda bacarığı yüksək olan insanlara imkanlar yaradır. Bu nöqteyi-nəzərdən, mənə elə gəlir ki, yenə də deyirəm, böyük imkanlarımız gələcəkdə yenə də olacaq. Və bizim növbəti illərdə də abituriyentlərimizin ali təhsil almaq ehtimalı daha yuxarı olacaq. Bunu birmənalı demək olar. O cümlədən onu da unutmayaq ki, biz orta ixtisas təhsili müəssisələrindən də ali təhsil müəssisələrinə qəbul prosesini artıq həyata keçiririk. Burada da minlərlə Azərbaycan vətəndaşı ali təhsil almaq imkanı əldə edir. Və bütün bunları ümumiləşdirsək və ilkin fikrə qayıtsaq, biz çalışmalıyıq ki, bu, elə də asan məsələ deyil,  çünki  bir-biri ilə əks istiqamətli prosesdir, ali təhsil bacardığımız qədər əlçatan olsun. Əhalinin müxtəlif sosial qrupları onların varlı-kasıb olmalarından asılı olmayaraq, burada iştirak edə bilsin. Amma bilik faktorunu unutmamalıyıq. Biz sonda ali təhsilli mütəxəssislərdən - mühəndisdən, həkimdən, müəllimdən danışırıq. Bu insanların keyfiyyətli hazırlanması bizim gələcəyimizi müəyyən edən faktordur, onların sayı yox. Yəni, “5 nəfər bacarığı olmayan mühəndis, yoxsa bacarığı olan 1 mühəndis yaxşıdır” sualını mən müzakirə üçün insanlarımıza açıq buraxıram ki, bu barədə düşünsünlər. 

 

Tələbə yönlü olmaq olduqca vacibdir

 

- Çox minnətdaram. Çox geniş və əhatəli məlumatlar verdiniz. Mənə elə gəlir ki, bu andan etibarən Emin müəllimin dedikləri və altından xətt çəkərək açıqlamaq istədiyi fikirlər heç bir  mübahisə doğurmayacaq, qaranlıq tərəfləri qalmayacaq. Amma bir məsələni də istəyirəm vurğulayım. 2021-ci il üçün müəyyən olunan və  reallaşdırılması  nəzərdə tutulan bir çox məsələlər bir az dəyişikliyə uğraya bilər. Bəlkə də bu, çox subyektiv bir fikir olacaq. Amma bir çox şeylər dəyişdi. Müharibə, itkilərimiz, gəlirlərin azalması, ictimai iaşə obyektlərində işləyən bir ailə başçısının ailəsini təsəvvür edin... bütün bunları nəzərə alıb yeni güzəştlər, yenidən baxılmalar həyata keçirilə bilərmi? Təhsil ödənişini vaxtında ödəyə bilməyənlər necə olacaq? Bu hallarda hansısa güzəştlər olacaqmı? Belə bir düşüncələriniz, islahatlarınız varmı?

 

- Bu məsələ, bilirəm ki, çox həssas məsələdir. Eyni zamanda öz fikrimi bacardığım qədər aydın ifadə etməyə çalışacağam. Hər hansı  problemdən danışanda birincisi problemin miqyasını müəyyən etmək lazımdır. Ali təhsil haqqını ödəməmə əksər bakalavr və magistrlərimizin problemi deyil. Çünki onların təhsil haqlarını dövlət ödəyir. Yəni, 56 faiz tələbənin təhsil haqqını dövlət tam ödəyir. Ya dövlət sifarişli, ya dövlət büdcəsi hesabına və yaxud da koronovirus şəraiti ilə bağlı müəyyən edilmiş kriteriyalar əsasında  ən aşağı gəlirli,  sosial yardım alan, valideynlərinin əlillik dərəcəsi olan, valideynini itirmiş şəxslər - onların pulunu dövlət ödəyir.

 

Bunun bütün cəmində bizim, yəni, 56 faiz tələbəmizin, ümumiyyətlə, belə bir probleminin olması nəzəri cəhətdən mümkün deyil. Geridə qalır bizim bakalavr və magistr təhsili alan 44 faiz tələbəmiz.  Bu tələbələrin bir qisminin bu problem, deyək ki,  var, amma hamısının problemi yoxdur. Onlar ali təhsilə gələndən, təbii ki, öz həyatlarını planlaşdırıblar və ali təhsili ödənişli əsaslarla  almaları ilə bağlı qərar veriblər. Sadəcə olaraq, pandemiya baş verəndə, müharibə dövrü,  bunu  heç kim proqnozlaşdıra  bilmir.  Burada iki tərəf var.  Təhsil Nazirliyi burada müəyyən mənada tərəf deyil, daha çox məsələləri tənzimləyən qurumdur. Bir tərəfdən universitetlər, bir tərəfdən tələbələr var. Və tələbələrin bu probleminin həllində, mən elə düşünürəm, dialoq çox önəmli məsələdir.  Yəni, fərdi  yanaşma çox önəmlidir. Çünki biz bir formula tapıb hamıya tətbiq edə bilmirik. Hər bir halda müxtəlif yanaşma var. Bu say nə qədər böyükdür sualı vacibdir.  Mən düşünürəm ki, xeyli sayda belə tələbəmiz var.  Biz bundan xəbərdarıq, bunu görürük. İkinci məsələ, ali təhsil müəssisələrinin fonunda bunlar fərqli tipli problemlərdir. Məsələn, böyük ali təhsil müəssisələri üçün bir tələbənin təhsil haqqını ödəməməsi bir o qədər ciddi problem deyilsə, kiçik ali təhsil müəssisəsi üçün bu, hansısa professorun maaşını  ödəməmək  deməkdir. Bu nöqteyi-nəzərdən, biz gələcəkdə belə problemlər olmasın deyə daha çox alətlər üzərində düşünmək istəyirik ki, bu, birdəfəlik həll yolu olmasın.

Və dediyim kimi, daha çox düşünürəm ki,  ali təhsil müəssisələrinin rəhbərləri ilə verilmiş situasiyaya anlaşıqlı yanaşmaqla, situasiyanı başa düşməklə tələbə yönlü olmaq olduqca vacibdir.

 

Amma tələbə də eyni zamanda hər bir problemini verilmiş qısa zamanda həll etməyə çalışmamalıdır. Burada kompromis variantlar, mütləq ki, var.  Məsələn, hansısa bir tələbə bunu bir qədər gec edə bilər. Çinki tələbə kreditləri olacaq. Müəyyən mənada hansı halda universitet  güzəşt edə bilirsə, edə bilər deyə düşünürəm. Hansısa formada müəyyən zamanla verilə bilər və ya verilir. Çox hallarda bu var. Yəni, dediyim ondan ibarətdir ki, bəzi hallarda problemin həlli heç də bir nəfərdən və ya bir formuladan ibarət deyil. Bu, bir nəfərin həll edə biləcəyi problemlərdən deyil. Bizim ali təhsil müəssisələri ilə də, təbii ki, bu istiqamətdə onlarla ciddi şəkildə iş aparırıq. Tələbələrimizlə də bu iş aparılır. Amma hər bir halda bir yanaşmanın tələbə yönlü olması olduqca vacib məsələdir deyə düşünürəm. Amma tələbələrimiz vəziyyətdən müəyyən mənada anlaşıqlı yanaşıb başa düşməlidirlər ki, bu gün  ali təhsil müəssisələrinin maliyyələşməsinin yeganə mənbəyi tələbənin ödədiyi puldur, yəni, o maliyyələşmə yoxdursa, onda  ali təhsil müəssisəsi də öz xərclərini ödəyə, fəaliyyətini saxlaya bilmir. Ona görə burada iki həqiqət var. Və bu 2  həqiqətin mütləq ortaq yeri var və bunu tapmağa hamımız bir yerdə çalışmalıyıq. Amma düşünürəm ki, buna emosiyalarla, giley-güzarla yox, oturub konstruktiv şəkildə fərdi qaydada məsələlərə  baxmaqla edə bilərik. 

 

Biz birlikdə qarşımızda olan çağırışın öhdəsindən gələ bilərik

 

 - Təşəkkür edirik, Emin müəllim. 45 dəqiqəlik bir dərs müddətində bizim hamımızı maraqlandıran təhsillə bağlı suallar ətrafında maraqlı söhbət oldu. Sizə də fəaliyyətinizdə  uğurlar,  möhkəm cansağlığı arzulayıram. İki övladınız var və elə onların məktəb proqramını tərtib edib tənzimləyə-tənzimləyə digər valideynlərin də nələr çəkdiyini bilirsiniz. Ona görə də lütfən bir az hər kəsi düşünmək kimi məsuliyyətli bir işin başındasınız. Valideynin də bu dəqiqə nəzər-diqqəti sizin üzərinizdədir.

 

- Mən də valideynlərimizə təşəkkür edirəm. Onlara ən önəmli olan səbir arzulayıram. Önəmli olan budur ki,  yalnız səbirli olub hansısa bir şəkildə böyük ambisiyalara, məqsədlərə nail olmaq olar.  Bu, çox vacib məsələdir, eyni zamanda vəziyyətin mürəkkəbliyini hamımız başa düşürük. Yəqin ki,  hamını məmnun edəcək, xoşbəxt edəcək həll yollarını tapmaq çox çətindir. Amma daha çox əksəriyyət və bizim qarşımızda duran milli maraqlarımıza yönəlik qərarların verilməsi, düşünürəm ki, vacib məsələdir. Amma eyni zamanda inanıram ki, biz birlikdə qarşımızda olan çağırışın öhdəsindən gələ bilərik. Mən də sizə öz təşəkkürümü bildirirəm.

 

- Çox sağ olun. Bir daha minnətdaram. Təhsilin ayrıca ayrılmış bir vaxtı yoxdur.  Təhsil hər zaman aktualdır, vacibdir. Önəmli olan budur ki, səylərimizi birləşdirərək təhsilli gələcəyimiz üçün əlimizdən gələni əsirgəməyək.