Bakı Mühəndislik Universitetində (BMU) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunan “Gənc Tədqiqatçıların V Beynəlxalq elmi konfransı”nın açılış mərasimi keçirilib.

      

Hər il ənənəvi olaraq təşkil edilən konfransın əsas məqsədi dünyanın müxtəlif universitet, akademiya və elmi-tədqiqat institutlarında fəaliyyət göstərən gənc tədqiqatçıları bir araya gətirmək, bu sahədə əldə olunan elmi nailiyyətləri və təcrübələri digərləri ilə bölüşmək, eləcə də gənclərin elmə olan marağını artırmaqdır.

 

Universitetdən bildirilib ki, tədbirdə BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycan elminin sürətlə inkişaf etdiyi dövr məhz Ulu öndərin hakimiyyəti illərinə təsadüf edir. Rektor diqqətə çatdırıb ki, Ümummilli liderin sovet Azərbaycanına rəhbərlik etdiyi dövrdə ölkəmizdə 5 yeni ali təhsil müəssisəsi fəaliyyətə başlayıb. Ümumilikdə ali məktəblərdə təhsil alanların sayı 70 mindən 100 minə qədər yüksəlib:”Ümummilli liderin təşəbbüsü, şəxsi nüfuzu, səyləri nəticəsində 1970-ci ildən başlayaraq, hər il 800-900 gənc tanınmış ali məktəblərdə təhsil almağa göndərilib”.  

    

H.Məmmədov Ulu öndər Heydər Əliyevin müstəqillik illərində də elm və təhsilin inkişafına göstərdiyi diqqətdən bəhs edib, bu istiqamətdə imzalanan tarixi fərman və sərəncamları nəzərə çatdırıb. Qeyd edib ki, ölkəmizdə elmin, təhsilin və insan kapitalının inkişafı istiqamətində yürüdülən bu siyasət Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilməkdədir.

      

Elm sahəsinin dövlət siyasətinin prioritet istiqamətlərindən biri olduğunu qeyd edən H.Məmmədov Azərbaycanda gənclərin elmə marağının artırılmasının önəminə, bu sahədə ail təhsil müəssisələrinin üzərinə düşən vəzifələrə toxunub.

            

Konfransın plenar iclasında “Avtomobillərin utilləşdirilmə problemi” ( Bəxtiyar Namazov-Bakı Mühəndislik Universiteti), “Tatar ve Azerbaycan türklerinde düğün, doğum ve cenaze töreni gelenekleri” ( Büşra Küçükler-Kars Kafkas Universiteti, Türkiyə), “Hesablama dumanı mühitində əşyaların interneti əsaslı tətbiqetmələr üçün optimallaşdırılmış xidmət yerləşdirmə texnikası” (Cavid Misirli-Roma Sapienza Universiteti, İtaliya),  “Role Of Equity Financing In Innovative Entrepreneurship Ecosystem” ( Odiljon Abdurazzakov CBS International Business School Cologne, Almaniya) mövzularında elmi araşdırmalar təqdim olunub. Eyni zamanda, Azərbaycan Milli Elmlər Akademiyası Gəncə Bölməsinin Nizami Gəncəvi Mərkəzinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarovun “Nizami Gəncəvi İli”nə həsr olunan məruzəsi dinlənilib. Məruzədə Azərbaycanda bu ilin Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə “Nizami Gəncəvi İli” elan edilməsinin əhəmiyyətindən bəhs olunub.

       

BMU-nun elmi işlər üzrə prorektoru, dosent Elçin Süleymanov diqqətə çatdırıb ki, konfransda məqalələrin qəbul edilib rəyə göndərilməsi, düzəliş üçün müəllif-anonim rəyçi arasındakı dialoqlar, ümumilikdə konfransın bütün işlərinin gedişinə nəzarət “Konfrans Elektron İdarəetmə Sistemi” vasitəsilə həyata keçirilib. Elektron sistemdə qeydə alınan statistikaya əsasən, konfransa ümumi olaraq 650-yə yaxın məqalə ilə müraciət edilib. Anonim rəyçilər tərəfindən bu məqalələrdən ən yaxşı 485 məqalə qəbul edilib.

      

Konfransa İngiltərə, Almaniya, İtaliya, Türkiyə, Pakistan, Ukrayna və digər 10-a yaxın ölkədən məqalə göndərilib. Ölkəmizin Bakı, Gəncə, Naxçıvan, Sumqayıt, Şamaxı, Quba, Mingəçevir, Lənkəran, eləcə də  digər regionlarından olan 60-a yaxın universitet və institutdan gənc tədqiqatçılar konfransa öz tezislərini göndərib.

      

Elmi istiqamətləri mühəndislik, memarlıq və inşaat, təbiət, iqtisadiyyat, filologiya, pedaqogika, hüquq, tarix və sosiologiya elmləri olan konfrans ayrı-ayrı seksiyalar üzrə işini davam etdirir. İki gün keçiriləcək tədbirdə, həmçinin ortaq problemlər müzakirə ediləcək, onların həlli yolları üçün təkliflər irəli sürüləcək.