Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev Türkiyənin Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu ilə görüşüb.

 

Rektor E.Babayev Azərbaycan və Türkiyə arasındakı münasibətlərin bütün sahələrdə ən yüksək səviyyəyə çatdığını, ümummilli lider Heydər Əliyevin “Bir millət, iki dövlət” kəlamının bu münasibətlərin ən gözəl ifadəsi olduğunu qeyd edib. BDU-da mayın 26-dan 28-dək keçirilən I Türk Dünyası Ədəbiyyat və Kitab Festivalı barədə qonağa məlumat verən rektor bununla eyni gündə “TEKNOFEST” elm, texnika festivalının da keçirilməsini qardaş ölkələrimizin dostluğunun, birliyinin daha bir parlaq nümunəsi olduğunu vurğulayıb.

 

E.Babayev daha sonra qonağa Azərbaycanın ən böyük və qədim universiteti olan BDU haqqında məlumat verib. Bildirib ki, təhsil-elm-tədqiqat-innovasiya mərkəzlərindən birinə çevrilməkdə olan BDU-da elmin bütün sahələri üzrə kadr hazırlığı həyata keçirilir. Rektor beynəlxalq elm və təhsil təşkilatları, dünyanın nüfuzlu universitetləri və elm qurumları ilə əlaqələrin genişləndirilməsi,  xüsusilə qardaş Türkiyə universitetləri ilə əməkdaşlığın, ikili diplom proqramlarının qəbulu, birgə elmi tədqiqatların aparılması, müəllim-tələbə mübadiləsinin BDU-nun inkişaf strategiyasının əsas prioritetlərindən olduğunu qeyd edib.

 

Nəcməddin Ərbakan Universitetinin rektoru Cem Zorlu qəbula görə təşəkkürünü bildirib, rəhbərlik etdiyi universitet barədə ətraflı məlumat verib.

 

Görüşdə iki ali məktəb arasında əməkdaşlığın perspektivləri müzakirə olunub.