Elm və Təhsil Nazirliyinin Aşqarlar Kimyası İnstitutunda “2 Fevral – Gənclər Günü” ilə əlaqədar tədbir keçirilib.

 

İnstitutun baş direktoru akademik Vaqif Fərzəliyev bildirib ki, bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müasir müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

 

V.Fərzəliyev qeyd edib ki, Azərbaycan dövləti hər zaman gənclərin qayğısına qalır, onların inkişafı üçün hər sahədə köməklik göstərir və qəbul edilən Dövlət Proqramları çərçivəsində minlərlə gənc dünyanın ən nüfuzlu ali məktəblərində təhsil alır.

 

Tədbirdə çıxış edən institutun icraçı direktoru kimya elmləri doktoru Əfsun Sucayev  əvvəlcə özünün  Gənc Alim və Mütəxəssislər Şurasının sədri olduğu dövrdən danışıb və vurğulayıb ki, elmin, texnologiyanın sürətli inkişafı ilə bağlı olaraq, indiki gənclər daha fəaldırlar.

 

Ə.Sucayev bildirib ki, 44 günlük Vətən müharibəsində gənclərimiz ön sırada oldular, mətinlik və cəsarət nümayiş etdirdilər.

 

Daha sonra institutun qocaman alimlərindən olan Nüsrət Əliyev çıxış edərək, gənclərə öz dəyərli məsləhətlərini verib.