36 nömrəli tam orta məktəbdə Elm və Təhsil Nazirliyinin “Təhsildə İnkişaf və İnnovasiyalar üzrə VI Qrant müsabiqəsi” çərçivəsində "Virtual aləmə səyahət" klubu layihəsinin bağlanış mərasimi keçirilib. Mərasimdə Bakı şəhəri üzrə Təhsil İdarəsinin əməkdaşı Mövlan Yusupov, idarənin İnkişaf Layihələri üzrə sektorunun baş məsləhətçisi Sevinc Əzimova, Azərbaycan Texniki Unversitetinin rəqəmsallaşma və layihələr üzrə prorektoru Rəşad Əliyev, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin İctimaiyyətlə əlaqələr üzrə meneceri  və İctimai televiziyada yayımlanan “itvtech” verilişinin  aparıcısı Vüsalə Səid Əyyubqızı, yazıçı, şair, filologiya elmləri doktoru, professor Zahid Xəlil və digər qonaqlar iştirak ediblər.

 

Tədbirdə çıxış edən layihə rəhbəri Aytən Bağıyeva İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolunun orta məktəbdən başlandığını bildirib. Qeyd edib ki, peşəkar və səriştəli müəllimlər yeniliyə meyilliliyi, pedaqoji prosesə yaradıcı yanaşması ilə seçilməlidirlər: “Layihəmizin başlıca məqsədi VR yeni və daha maraqlı öyrənmə üsulları təqdim etməklə şagirdləri daha innovativ və ağıllı ideyalar təklif etməyə, yaradıcılığa həvəsləndirməyə sövq etməklə müasir texnologiyalardan tədris mühitində səmərəli istifadəyə istiqamətləndirmək, istedad və qabiliyyətlərini daha müasir avadanlıq və texnologiyanın tətbiqi ilə müəyyənləşdirməkdən ibarətdir”.

 

Virtual reallığın sinif mühitində istifadəsini araşdırmaqla ən müasir və sınanmış beynəlxalq təcrübələrin öyrənildiyini qeyd edən layihə rəhbəri bildirib ki, layihə çərçivəsində  “Virtual aləmə səyahət” klubu yaradıldı və şagirdlər bu kluba cəlb olundu:”Qeyd edilən fəaliyyətlə bağlı qeydiyyat forması hazırlanaraq kluba üzv olmaq üçün sosial media hesablarında elan paylaşıldı. İlk müraciət edən 45 nəfər şagirdin kluba üzvlüyü təmin olundu”.                                                   

 

A.Bağıyeva qeyd edib ki, layihə çərçivəsində 291 nömrəli Ekologiya liseyi ilə də əməkdaşlıq əlaqələri qurulub: “”Virtual aləmə səyahət” klubunda müasir beynəlxalq təcrübələrin öyrənilməsində şagirdlər fəal iştirak edir, özlərinin həvəskar videolarının yaradılması prosesini çox böyük bacarıq və həvəslə icra edirlər. Bundan əlavə, layihə çərçivəsində yalnız hazır VR videolarından istifadə ilə kifayətlənməyib, şagirdlərin https://edu.cospaces.iosaytından istifadə edərək öz təxəyyüllərinin məhsulu olan məzmunların da bu platformada yaradılmasının metodunu izah etdik. Bunun effektiv və müsbət cəhətlərindən biri də usaqların bu prosesdə özlərinin iştirak etməsi, situasiyaların birbaşa içində olması, yaradıcı təfəkkürlərinin və  İKT bacarıqlarının inkişafıdır”.

 

Tədbirdə çıxış edən qonaqlar layihə haqqında öz təəssüratlarını bölüşüb, belə  yaradıcı və innovativ  müsabiqələrin müsbət cəhətlərindən danışıblar.

 

Sonda “Virtual aləmə səyahət” klubu layihəsinin iştirakçıları olan şagirdlər sertifikatlarla mükafatlandırılıb.