İstedad axtarışında məktəblərə yardımçı olacaq kitab hazırlanır


Təhsildə inkişaf və  innovasiyalar üzrə 2-ci qrant müsabiqəsi” çərçivəsində fərdi kateqoriya üzrə həyata keçirilən “Məntiqi tapşırıqlara dair xüsusi vəsait” layihəsində məqsəd xüsusi istedadlı şagirdlər liseyində “Məntiq” kursunu  tədris edən müəllimlər və kursu öyrənən şagirdlər üçün zəruri vəsaitin hazırlanmasına nail olmaqdır. Bu vəsaitin hazırlanması təhsilimizdə “Məntiq” xüsusi kursunun tədrisindəki dərslik problemini qismən də olsa həll etməyə xidmət edir. İnanırıq ki, Təhsil Nazirliyinin maliyyə dəstəyi ilə həyata keçirilən bu layihə çərçivəsində hazırlanan vəsait istedadlı uşaqların axtarışında mühüm rol oynaya biləcək. Vəsait, əsasən, xüsusi istedadlı şagirdlər liseylərini əhatə edir, lakin ondan məntiqlə maraqlanan digər şagirdlər də istifadə edə bilərlər.

 

Layihənin rəhbəri Şirvan şəhər 1 nömrəli tam orta məktəb- xüsusi istedadlı şagirdlər liseyinin hərbi rəhbəri, liseydə tədris olunan “Məntiq” kursunun müəllimi, Əməkdar müəllim Rəfail Əliyevdir.

 

İyunun 20-dən başlanan layihənin icra müddəti üç aydır.

 

Layihə konkret olaraq Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə fəaliyyən göstərən istedadlı şagirdlər liseylərində həyata keçiriləcək. Layihənin əsas iştirakçıları liseyə bu il qəbul olunmuş V sinif şagirdləridir. Layihənin sonunda bu sinifdə təhsil alan 25 şagird həmin vəsaitlə təmin olunacaq. 200 nüsxə çap olunacaq vəsaitin 20 ədədi yekun mərhələsinin konfrans-təqdimat mərasiminin iştirakçılarına-məktəblərin nümayəndələrinə paylanacaq. Vəsaitin qalan nüsxələri növbəti dərs illərində 3-4 il ərzində burada təhsil alacaq V sinif şagirdlərinin istifadəsinə veriləcək. Respublikada fəaliyyət göstərən digər liseylərə də məlumat göndəriləcək. Həmin məktəblərin nümayəndələri də öz arzuları ilə bu vəsaitdən yararlana bilərlər.

 

Layihə “İstedadlı uşaqların aşkar edilməsində xüsusi vəsaitlərin rolu və əhəmiyyəti” mövzusunda elmi-praktik konfrans və vəsaitin təqdimat mərasimi ilə yekunlaşacaq. Tədbir layihənin həyata keçirildiyi Şirvan şəhər 1 nömrəli tam orta məktəbdə noyabrın 16-da keçiriləcək.

 

Layihənin icrasına 20 iyun 2018-ci il tarixdə start verilib. İlk öncə hazırlanacaq vəsaitin planlaşdırılması həyata keçirilib, zəruri ədəbiyyat araşdırılıb. Sonra vəsaitin əlyazması üzərində iş aparılıb, sentyabrdan vəsaitin mətninin kompüterdə yığılmasına başlanılıb. Hazırda bu iş başa çatmaqdadır. Vəsaitin dizaynı başa çatdıqdan sonra redaktə olunmaq üçün Təhsil İnstitutunun İstedadlı uşaqlarla iş şöbəsinə təqdim olunacaq və çapa hazırlanacaq.