Valideyn: “Üzərimizə düşən əsas öhdəlik övladlarımıza insani keyfiyyətləri aşılamaqdır”


Uşaqların formalaşmasında ailənin rolu danılmazdır. Hər bir ana-ata “valideyn” statusu aldığı andan övladının təlim-tərbiyə prosesinə həssas yanaşmağa başlayır. Görkəmli pedaqoq A.S.Makarenko qeyd edirdi ki, ata hətta qəzeti necə oxuması ilə belə uşağı tərbiyə edir. Başlanğıcı ailədə qoyulan tərbiyənin inkişafında mühit də olduqca önəmli rol oynayır. Tədqiqatlar göstərir ki, uşaqların inkişaf səviyyəsindən asılı olaraq mühitin eyni bir elementi onlara müxtəlif formalarda təsir göstərə bilər. Belə ki, müxtəlif yaş səviyyəsində olan iki uşaq hətta eyni şəraitdə  böyüsə belə, onu eyni şəkildə başa düşmürsə, demək ki, mühit onlar üçün eyni məna kəsb etmir.

 

Araşdırmaçılar qeyd edirlər ki, uşaq tərbiyəsi səbir, sevgi və mənəvi güc tələb edən uzun və mürəkkəb bir prosesdir. Təlim prosesi məktəbdə həyata keçirilirsə, tərbiyə həm ailədə, həm ictimaiyyətdə, həm də təhsil ocaqlarında  aşılanır.  Bu səbəbdən də uşaqlarda yaranmış hər hansısa bir xoşagəlməz hərəkət zamanı bir istiqamətə doğru fokuslanmaq düzgün deyil.  Bəs ailədə nizam-intizamlı böyüyən şagirdin məktəbdə özünü doğrultmamasına səbəb nədir? Bu zaman məktəbi, valideyni, yoxsa cəmiyyətimizə müxtəlif cür təsir edən sosial mühiti günahkar bilək?

 

“Valideyn çalışmalıdır ki, övladı ilə güvənli dost münasibəti qursun”

 

“Məktəblinin dostu” layihəsinin Psixoloji Mərkəzinin psixoloqu Nərmin Abbasova mövzu ilə bağlı bizimlə  fikirlərini bölüşüb.

 

Uşaqlarda təlim və tərbiyə prosesinin düzgün təşkili zamanı məktəb-valideyn-şagird üçbucağını möhkəmləndirməyin vacibliyini qeyd edən psixoloq uşaqlara düzgün dəyərlər sistemini aşılamağın vacib olduğunu deyir: “Valideynlər hər zaman övladlarını nəzarətdə saxlamağa, savadlı, yaxşı bir “çevrəyə” düşməsinə çalışırlar. Çünki uşaqların bir-birlərinə təsiri böyükdür. Ailədə bir uşağa müəyyən bir dəyərlər aşılanırsa, yaşıdlarının əhatəsinə düşdüyü zaman onlardan da müəyyən bir xüsusiyyətlər götürmüş olur. Buna görə də ən əhəmiyyətlisi odur ki, onlara yaş səviyyəsinə uyğun düzgün dəyərlər, davranış qaydaları  aşılansın”.

 

Bəzən valideynlər baş vermiş hadisələrdə sosial şəbəkə mühitini günahlandırırlar. Bu məsələ ilə bağlı psixoloq uşaqların sosial şəbəkələrdən istifadəsi zamanı valideynlərə öz tövsiyələrini bildirir: “Dövrümüzün tələbatı olan internetdən, sosial şəbəkələrdən övladlarınızı təcrid etmək düzgün çıxış yolu deyildir. İnternet o zaman onlara mənfi təsir göstərir ki, yanlış şəkildə ondan istifadə etmiş olsunlar. Valideyn çalışmalıdır ki, övladı ilə güvənli dost münasibəti qursun. Onları cəzalandırma, günahlandırma, ittiham etmək metodları ilə deyil, anlayışlı ünsiyyət yolu  ilə internetin faydalı və zərərli tərəfləri barədə məlumatlandırsın. Yalnız bu zaman valideyn övladına müsbət təsir göstərə bilər. Çünki ittihamlar, sərt çıxışlar onlarda aqressiyanı daha da artıracaq və bu da valideyn və övlad arasında münasibətlərin pozulmasına gətirib çıxaracaq. Buna görə də internetdən yeni dostlar qazanmaq, biliklər əldə etmək, faydalı məlumatlar öyrənmək, araşdırmalar aparmaq kimi fikirlər aşılamaq lazımdır ki, uşaqlar sosial mühitin, virtual aləmin düzgün istifadəçisinə çevrilmiş olsunlar”.

 

Məktəblərdə uşaqlar arasında münaqişə yaşanan zaman  məktəb psixoloqları tərəfindən treninqlər təşkil olunduğunu deyən N.Abbasova valideynləri iclaslarda fəal şəkildə iştirak etməyə, övladları ilə düzgün söhbətlər aparmağa dəvət edir, eləcə də tədris zamanı yaranmış çətinliyi məktəb rəhbərliyindən, müəllimlərdən  və ya psixoloqlardan dəstək almaqla həll etməyin mümkünlüyünü söyləyir.

 

Şagirdlərin düzgün istiqamətlənməsi, təlim və tərbiyə prosesində aparacı rol oynayan tərəflərdən biri valideyndir. Bəs görəsən valideynlər  özləri  bu barədə nə düşünürlər?

 

“Mən övladımda yaranmış gerilikləri, çatışmazlıqları zamanında həll etməyə çalışıram”

 

 

Övladının biri bu il ali məktəbə daxil olan, digəri isə 11-ci sinifdə təhsil alan valideyn Aysən Kərimova mövzu ilə bağlı fikirlərini bildirir: “Oğlumun keçid dövrləri zamanı psixoloqa çox ehtiyacı yaranmışdı. O zaman məktəb psixoloqunun onunla təklikdə və bizimlə birgə söhbətindən sonra hər şey öz qaydasına düşdü. Lakin psixoloq bizimlə əlaqəni kəsmədi və mütəmadi olaraq  övladımı nəzarətdə saxladı”.

 

“Uşaq evin güzgüsüdür” deyən valideyn qeyd edir ki, evdə uşaqlara tərbiyə ilə bağlı  müəyyən dəyərlər aşılanmalıdır ki, onlar fərd olaraq özünü  nümunəvi bir şəxs  kimi cəmiyyətdə təqdim edə bilsinlər: “Şagirdin təlim prosesində müəllim əsas rəhbərdirsə, tərbiyə sistemində aparıcı rolu valideyn oynayır. Buna görə də valideyn iclaslarında tək analar yox, atalar da iştirak etməlidir. Hər iki tərəf tərbiyə prosesində öhdəliklərini yerinə yetirməlidir. Əksər valideynlər bəlli səbəblərdən məktəbdə tez-tez ola bilməsələr də, sosial şəbəkələr vasitəsilə müəllimlərlə mümkün olduqca əlaqə qururlar. Biz valideynlərin üzərinə düşən  əsas öhdəlik  övladlarımıza düzgün tərbiyə, davranış, mədəniyyət aşılamaqdır. Bunu tək özümüz üçün deyil, gələcəyə yaxşı nəsillər yetişdirmək üçün etməliyik”.

 

 

Tərbiyənin ailədən başladığını deyən valideyn Fidan Əliyevaya görə, uşaqların tərbiyəsi ilə körpəlikdən məşğul olmaq lazımdır. O qeyd edir ki, valideyn hər zaman övladına qarşı məsuliyyətlə yanaşmalıdır. Onlarla ünsiyyət qurmaq, zaman keçirmək uşaq psixologiyasına müsbət təsir göstərir. Mən özüm də daim övladımın müəllimləri ilə əlaqə saxlayıb, onda yaranmış gerilikləri, çatışmazlıqları zamanında həll etməyə çalışıram. Düşünürəm ki, biz valideynlər tez zamanda övladlarımızın çətinliklərini bilib onları həll etməklə müsbət nəticələrə nail ola bilərik”.

 

Bəli, unutmayaq ki, hər bir uşaq individualdır, onlara yanaşma düzgün istiqamətlənməlidir. Gəlin, övladlarımızın problemlərini zamanında həll edək və onlara daha yaxın - dost olaq.

 

Nəzrin XƏLİLOVA