Qran-pri mükafatçısı İnci Həsənli: “Qazandığım uğurlar mənə hədsiz stimul verir”


İnci  Həsənli 2009-cu ildə Bakı şəhərində anadan olub. 2017- 2023 -cü illərdə Süleyman Ələsgərov adına 1 nömrəli Uşaq İncəsənət Məktəbinin fortepiano sinfində  təhsil alıb. Həmin illərdə müəllimi  Zoya Səfərova olub. 2023- cü ildə  isə Azərbaycan Milli Konservatoriyası tərkibində İncəsənət Gimnaziyasına daxil olub. Hazırda   professor Kəmalə Neymanovanın sinfində  musiqi təhsilini davam etdirir. Yaşının az olmasına baxmayaraq,  bir çox xarici ölkələrdə Azərbaycanı layiqincə təmsil edib.

 

Ən sevimli musiqi aləti kimi  fortepianoda ifa etmək artıq onun hobbisidir. Lap erkən yaşlarından bu musiqi alətini  özünün ən yaxın dostu sayıb.  İnci Həsənli  bir-birinin ardınca kifayət qədər müsabiqə və istedad yarışmalarına qatılıb, müxtəlif kateqoriyalı festivallarda  iştirak edib və  uşaqlıqdan vurğunu olduğu bu musiqi alətinin  qüdrəti  sayəsində  öz əsrarəngiz  fantastik dünyasına qovuşub. Fortepianonun   şirmayı dilləri  üzərində   zərif  uşaq barmaqlarının  yaratdığı möcüzələr  hər dəfə dinləyicilərin alqışları, münsiflərin isə yüksək qiymətləri ilə cavablandırılıb. Hələ  2019-cu ildə “İslam dünyası gənc klassik musiqi ifaçılarının VIII müsabiqəsi”ndə, “Caspian Etude”, “World Harmony” müsabiqələrində  ifaçılıq məharəti yüksək qiymətləndirilib və adı qaliblər sırasında səsləndirilib. Görkəmli bəstəkar Fikrət Əmirovun anadan olmasının 100 illik yubileyində  isə “Gənc istedadlar”ın ifaçılıq müsabiqəsində  uğurlu çıxışına görə  İnci  Həsənli bu yarışmanın ən yüksək mükafatına  - Qran-priyə layiq görülüb  və  laureat adını qazanıb. 2022-ci il,  özünün dediyinə görə, onun  həyatında  ən yaddaqalan il olub. Portuqaliyada keçirilən  “Santa Cecilia XXIV International  Piano Competiton”  beynəlxalq müsabiqəsində  ölkə təmsilçimiz  I yerə  yüksəlib. “Heydər Əliyev 100” IV Respublika müsabiqəsində III yerə, “Fikrət Əmirov 100” Gənc piano ifaçılarının Respublika müsabiqəsində II  yerə layiq görülüb.

 

İnci  Həsənli ilə həmsöhbət olmaq  özü də insanı  xoş ovqata kökləyir. Olduqca mehriban və şirindil qızdır. Bu qədər uğurların fonunda  o, necə də sadə və səmimi görünürdü. Söhbət zamanı  İnci onlayn keçirilən  beynəlxalq müsabiqələrdə də  uğurlara imza atdığını  vurğuladı. Dedi  ki,  müxtəlif illərdə  İspaniyada, Böyük Britaniyada,  Fransada bir sıra beynəlxalq müsabiqələrə  qatılıb  və xoşbəxtlikdən  hər dəfə də  I yerlərə layiq görülüb. ABŞ-də isə  o,  böyük Azərbaycan bəstəkarı Cövdət Hacıyevin şərəfinə  keçirilmiş  festivalda  II yerə, eləcə də  İsraildə keçirilən müsabiqədə Qran-pri mükafatına sahib olub.

 

Uğurları ilə qürur duymağa əsas olan   İnci Həsənli  yeniyetmə pianoçu  olaraq “Gənclərə dəstək layihəsi”ndə də iştirak edir. Azərbaycan Dövlət Akademik Filarmoniyasında Dövlət Xalq Çalğı Alətləri Orkestri və onun bədii rəhbəri, baş dirijoru Ağaverdi Paşayevin rəhbərliyi ilə F.Əmirov və  E.Nəzirovanın bəstələdiyi ərəb mövzusunda konsertin I hissəsini  o ifa edib.

 

I Beynəlxalq Bakı Piano Festivalında Q.Qarayev adına Dövlət Kamera Orkestrı ilə F.Bədəlbəylinin “Dəniz” əsərini ifa edən İnci, həmçinin bu layihədə bir neçə solo ifa ilə də çıxış edib. Bundan əlavə, Azərbaycan Simfonik Orkestri ilə  Mendelsonun  “Concerto 1”  1-ci hissəsini də istedadlı yeniyetmə məharətlə canlandırıb.

 

- Bütün uğurlarımda sevimli  müəllimlərimin   əməyi var, - deyir  İnci Həsənli.  Hər dəfə  yaşıdlarımın beynəlxalq müsabiqələrdə qazandıqları uğurları eşidəndə sevincimin hədd-hüdudu olmur. Çünki həmin uğurlara tələbkar müəllimlərimizin əməyi sayəsində nail oluruq, - söyləyir. Bu uğurlarla biz musiqiçilər  həm  təhsil ocağımızın şərəfini ucaldırıq, həm   müəllimlərimizə  başucalığı qazandırırıq, həm də biz övladlar  üçün dünyada doğmadan-doğma olan valideynlərimizi sevindiririk.

 

Arzum  gələcəkdə  tanınmış  sənətkar  olmaq və milli musiqimizin şərəfini qorumaqdır. Bu gün qazandığım uğurlar mənə  hədsiz stimul verir. Çalışıram ki, musiqi sahəsində əzmkarlıq nümayiş etdirim və  Azərbaycan klassik musiqisini dünyaya  tanıtdırım.

 

Sifai  SƏFƏROVA