Mərkəzi Aran Regional Təhsil İdarəsinin tabeliyində olan ümumi təhsil müəssisələrinin VIII-XI sinif şagirdləri arasında voleybol və basketbol idman növləri üzrə region birinciliyinin final mərhələsi təşkil olunub.

 

Mingəçevir şəhər Kür olimpiya tədris-idman mərkəzində keçirilən yarışda Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov, Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Elçin Kərimov, Mingəçevir Dövlət Universitetinin rektoru Şahin Bayramov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin müdiri Azad Gözəlov, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, ümumi təhsil müəssisələrinin rəhbərləri, müəllimlər və şagirdlər iştirak ediblər.

 

Çıxışlardan sonra final oyununa start verilib.

 

Maraqlı və gərgin keçən yarışda basketbol və voleybol idman növləri üzrə Mingəçevir şəhərinin qızlar və oğlanlardan ibarət komandası 1-ci yerə layiq görülüb.

 

Qalib komandalar Mərkəzi Aran Regional Təhsil İdarəsinin diplom və kuboku ilə təltif olunub.

 

Qeyd edək ki, 2 mərhələdə təşkil olunan regional birincilikdə 18 komanda olmaqla, 500-ə yaxın şagird iştirak edib. Yarışın keçirilməsində məqsəd idmançıların yarış və peşəkarlıq səviyyələrinin artırılması, voleybol idman növünün təbliği və inkişaf etdirilməsi, bacarıqlı və perspektivli yeniyetmə idmançıların aşkar olunmasından ibarətdir.

 

Şakir CƏFƏROV