Layihə iştirakçılarının müxtəlif tipli təsərrüfat müəssisələrinə təcrübə səfərləri təşkil olunub


Təhsildə inkişaf və innovasiyalar üzrə VII Qrant müsabiqəsi çərçivəsində yerinə yetirilən “Şagirdlər Təsərrüfat Müəssisələrində” layihəsinə uyğun tədbirlər davam edir.

 

Balakən rayon Katex kənd 1 nömrəli tam orta məktəbin direktoru Nicat Mikayılovun rəhbəri olduğu layihənin məqsədi müxtəlif təsərrüfat müəssisələrinə təcrübə səfərlərinin təşkili ilə təhsilalanlarda iqtisadi dünyagörüşün formalaşdırılmasıdır.

 

Belə ki, layihənin icra müddətində test və müsahibə üsulu ilə layihənin məqsəd və vəzifələrinə uyğun namizədlər seçilərək onlarda ilkin iqtisadi nəzəri biliklərin formalaşdırılması üçün peşəkar iqtisadçı tərəfindən əyani təlimlər təşkil edilib. Təlimlər yekunlaşdıqdan sonra layihə iştirakçılarının müxtəlif tipli (istehsal, xidmət, kənd təsərrüfatı) təsərrüfat müəssisələrinə təcrübə səfərləri baş tutub.

 

Səfərlər zamanı iştirakçılara müəssisələrin əməkdaşları və layihə rəhbərləri tərəfindən iş prosesi, təsərrüfat sahəsinin yerləşməsi, idarəetməsi, marketinq siyasəti, infrastrukturu və.s haqqında ətraflı məlumat verilib, iştirakçılar bu məlumatları təlimlərdə qazandığı biliklərlə qarşılaşdırmaqla təhlillər aparıb, daha sonra dəyirmi masalarda müəssisənin qiymətləndirilməsi və müzakirəsi təşkil edilib.

 

Layihənin sonunda iştirakçılar fərdi şəkildə öz “Sahibkarlıq İdeyaları”-nı təqdim edəcək. Uğur qazanan layihələr hədiyyələrlə mükafatlandırılacaq.

 

“Şagirdlər Təsərrüfat Müəssisələrində” layihəsi fevralın 29-da başa çatacaq.