Digər bölgələrdən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yerdəyişmə etmək mümkün olmayacaq


Aprelin 2-dən dövlət ümumi təhsil müəssisələrində fəaliyyət göstərən müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsi üzrə elektron ərizələrin qəbuluna başlanılıb. Ayın 8-dək davam edəcək prosesdə müsabiqədə iştirak etmək istəyən müəllimlər www.miq.edu.az/yerdeyishme linkinə daxil olaraq müraciət edə bilərlər. Xatırladaq ki, müəllimlərin iş yerinin dəyişdirilməsini Elm və Təhsil Nazirliyi mərkəzləşdirilmiş qaydada, proqram təminatı vasitəsilə həyata keçirir.

 

Kimlər müsabiqəyə qatıla bilər?

 

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi İnsan Resursları Mərkəzinin şöbə müdiri Muxtar Hacıyev “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində bildirib ki, müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində dövlət ümumi təhsil müəssisələrində müddətsiz müqavilə əsasında fasiləsiz olaraq 3 tədris ili çalışanlar iştirak edir. İştirakçıların təhsilverənlərin sertifikatlaşdırılması (test və müsahibə mərhələsindən uğur qazananlar), müəllimlərin işə qəbulu və ya diaqnostik qiymətləndirmə imtahanı nəticəsinin olmağı əsas şərtdir.

 

M.Hacıyevin sözlərinə görə, müsabiqə üzrə minimum keçid balı 30 bal müəyyənləşdirilib.

 

Sosial amillər nəzərə alınır?

 

M.Hacıyev təsdiq edib ki, bəzi sosial amillərlə əlaqədar namizədlərin topladıqları bal artım əmsalı ilə hesablanır: “Məsələn, əri və ya arvadı hərbiçi və ya özü şəhid ailəsinin üzvü olan namizədlərin topladıqları bal 1.1 (bir tam onda bir) artım əmsalına vurularaq hesablanır. İş yerini özünün faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirənlər üçün də üstünlük var. Həmin namizədlərin topladıqları bal 1.05 (bir tam yüzdə beş) artım əmsalına vurulur. Həvəsləndirmə tədbirlərinin tətbiq edildiyi müəssisələrdə 3-5 il ərzində fasiləsiz olaraq işləyən müəllimlərin imtahan nəticəsi 1.05 artım əmsalına vurularaq hesablanır. 5 il və daha artıq müddətdə fasiləsiz işləyən müəllimlərin imtahan nəticəsi isə 1.1 artım əmsalına vurulur”.

 

Müəllim iki ümumi təhsil müəssisəsində çalışırsa...

 

Müəllim iki ümumi təhsil müəssisəsində çalışırsa, müsabiqədə yalnız müddətsiz müqavilə əsasında çalışdığı əsas iş yeri üzrə yerdəyişmə etmək hüququna malikdir. Analıq məzuniyyətində olan şəxslər müsabiqədə iştirak edə bilmir.

 

M.Hacıyevin sözlərinə görə, bölgələrdən yerdəyişmədə bəzi məhdudiyyətlər də var: “Digər bölgələrdən Bakı, Sumqayıt şəhəri və Abşeron rayonu üzrə yerdəyişmə etmək mümkün olmayacaq.  Müsabiqə Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu istisna olmaqla həyata keçiriləcək. İş yerini bu regionlara dəyişmək istəyən şəxslər müəllimlərin işə qəbulu üzrə müsabiqədə iştirak edərək yerdəyişmə edə bilərlər”.

 

Ruhiyyə DAŞSALAHLI