Layihəyə daha 2 universitet də qoşulacaq


Azərbaycan ali məktəblərinin akademik heyəti və tələbələri arasında  IELTS imtahanlarında 6.5-dən yuxarı nəticə göstərənlərin ödənişini Təhsilin İnkişafı Fondu geri qaytarır.

 

Təhsilin İnkişafı Fondu (TİF) və Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) birgə həyata keçirdiyi layihə artıq ingilis dilinə hazırlaşan tələbə və müəllimlər arasında tanınır.

 

Layihə çərçivəsində 2023-cü il ərzində IELTS imtahanında iştirak edən, yüksək bal toplayan 300 nəfər akademik heyət üzvü, eyni zamanda tələbənin bu imtahan üzrə ödənişlərini Fond qarşılayıb, bu, layihə başlayarkən elan olunan rəqəmin tamamlandığı deməkdir.Elə isə layihə yekunlaşdımı?

 

 

TİF-də Təhsilin İnkişafı Fondunun Layihələrin idarə olunması şöbəsinin aparıcı mütəxəssisi, layihənin koordinatoru Fəridə Hüseynzadə “Azərbaycan müəllimi” qəzetinə bildirib ki, layihə 2024-cü ildə də davam edəcək və daha 200 nəfərin imtahan nəticələrinə baxıb ödədiyi məbləği geri qaytaracaqlar.

 

Tərəfdaşları da artır

 

Amma həmin 200 nəfər daha böyük siyahıdan seçiləcək. Belə ki, 2022-ci ildə Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, o cümlədən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tərəfdaşlığı ilə start götürən layihənin əhatəsi indi bir az da genişlənib. Belə ki, keçən il Bakı Slavyan Universiteti də tərəfdaşlar siyahısına daxil olub və bu, son deyil. F.Hüseynzadənin sözlərinə görə, 2024-cü ildə Bakı Mühəndislik Universiteti və Sumqayıt Dövlət Universitetinin layihənin yeni tərəfdaşları olacağı gözlənilir.

 

Bu şansdan kimlər istifadə edə bilər?

 

Odur ki, adıçəkilən təhsil müəssisələrində təhsil alan və ya çalışan akademik heyət üzvləri layihəyə cəsarətlə qoşula bilərlər. Müraciət edən həmin şəxslərin IELTS imtahanı nəticəsi ümumi 6.5 baldırsa, imtahan xərclərini fond qarşılayacaq.

 

“Layihə IELTS imtahanına hazırlaşmaq üçün stimul oldu, imtahana getmək üçün cəsarət verdi

 

Təhsilverən və təhsilalanların dəstəklənməsi, universitetlərin elmi-pedaqoji heyət üzvlərinin və təhsilalanların ingilis dilini mənimsəməsi üçün uyğun əlverişli şəraitin yaradılmasına xidmət edən layihə öz məqsədinə çatırmı?

 

Layihə qaliblərindən olan Nərmin Əliyeva Azərbaycan Memarlıq və İnşaat Universitetinin Tikinti iqtisad fakültəsinin tələbəsidir. “Marketinq” ixtisası üzrə təhsil alır: “Daha çox kompüter elmləri ilə maraqlanıram. İlk dəfə IELTS-də iştirak etdim və 7 bal topladım”.

 

Xaricdə təhsilini davam etdirmək istəyən N.Əliyeva layihənin çox faydalı olduğuna inanır: “Özümü yoxlamağım üçün bu, bir şans idi. 3 ay hazırlaşaraq bu nəticəni əldə etdim. İmtahanda yüksək nəticə göstərsəm, ödədiyim məbləğin geri qaytarılacağını ingilis dili müəllimimdən öyrəndim. Mənim üçün çox faydalı oldu bu layihə. IELTS imtahanına hazırlaşmaq üçün stimul oldu, imtahana getmək üçün cəsarət verdi. Düşünürəm ki, imkansızlıq üzündən IELTS-ə gedə bilməyənlər üçün möhtəşəm layihədir”.

 

 

“Qalib olmaq, ödənişsiz imtahan verə bilmək üçün çox çalışdım”

 

 

Aslan Kazımov da layihənin uğurlularındandır. Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “İnformasiya Təhlükəsizliyi” ixtisası üzrə IV kurs tələbəsidir. Banklardan birində informasiya təhlükəsizliyi şöbəsinin mütəxəssisi vəzifəsində çalışır: “Təhsilin İnkişafı Fondunun bu layihəsi  haqqında III kursdan məlumatlıyam, universitet rəhbərliyi məlumat vermişdi. Bu layihə mənə imtahanda iştirak etmək üçün imkan yaratdı. Qalib olmaq, ödənişsiz imtahan verə bilmək üçün çox çalışdım və uğur qazandım.  8.5 nəticə ilə imtahandan keçdim. Nəticə məlum olandan bir müddət sonra vəsaiti tam şəkildə qaytardılar”.

 

 

 

 

Ruhiyyə DAŞSALAHLI