Aprelin 5-də Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) “Facebook” səhifəsində agentliyin İctimaiyyətlə əlaqələr sektorunun məsləhətçisi Fəridə Sahibin aparıcılığı ilə təqdim edilən canlı yayımda Ümumi təhsilin inkişafı şöbəsinin müdir müavini Nurlan İsmayılbəyli Agentliyin fəaliyyəti dövründə görülən işlərdən danışıb və izləyicilərin suallarını cavablandırıb.

 

Müdir müavini N.İsmayılbəyli qeyd edib ki, ümumtəhsil istiqaməti çox böyükdür, burada 4200-dən çox müəssisə 1 milyon yarımdan çox şagirdi əhatə edir və həmin şagirdlərin təhsili ilə təxminən 150 minə yaxın pedaqoji heyət çalışır.

 

2024-cü ilin ilk rübü ərzində xüsusilə şagird təhlükəsizliyinin əsas istiqamətlərdən biri olduğunu diqqətə çatdıran N.İsmayılbəyli Agentlik tərəfindən  təlimatlar göndərildiyini, məktəblərdə müvafiq istiqamətlər üzrə hüquq- mühafizə orqanlarının, psixoloqların iştirakı ilə Pedaqoji şuralar təşkil olunduğunu bildirib: “Sevindirici haldır ki, Regional təhsil idarələrinin təşkilatçılığı ilə ümumilikdə şagird sayı 300-dən çox olan 1000-dən artıq müəssisədə Pedaqoji Şura təşkil olunub və onların faydası, müsbət dinamikasını müşahidə edirik. Mühüm olan məsələlərdən biri də burada yalnız təhsilverənlərin deyil, həm valideynlərin iştiraklılığının təmin olunması, şagirdlərimizin təhlükəsizliyidir. Biz bu istiqamətdə müxtəlif təlimatlar hazırlayıb təqdim edəcəyik. İstəyimiz daha tətbiq oluna bilən prosedurların işlənməsi, hazırlanmasıdır”.  

 

N.İsmayılbəyli Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101 illiyi ilə əlaqədar olaraq “Ən yaxşı təqdimat” müsabiqəsinin yerli mərhələlərinin artıq tamamlandığını və yaxın müddətdə respublika mərhələsinə start veriləcəyini bildirib.

 

O, Təhsil İnstitutu ilə birlikdə Respublika fənn müsabiqələri, Lütfizadə Məntiq Olimpiadası və digər olimpiadaların təşkili ilə bağlı işlərin görüldüyünü, respublika və beynəlxalq əhəmiyyətli müxtəlif layihələrlə bağlı rəy, təkliflər hazırlanaraq ictimaiyyətə təqdim olunduğunu qeyd edib.

 

Övladlarının rus bölməsində təhsil almasını istəyən valideynlərin sualına cavab olaraq ənənəvi müsahibə prosesinin təşkili istiqamətində işlər aparıldığını, komissiya üzvlərinin seçilməsi və onların təlimləndirilməsinə start verildiyini diqqətə çatdırıb.

 

2013-2018-ci illəri əhatə edən Diaqnostik qiymətləndirmə zamanı təxminən 140 mindən çox müəllimin prosesdə iştirak etdiyini bildirən N.İsmayılbəyli 2022-ci ildən etibarən isə növbəti addım olaraq müəllimlərin sertifikatlaşdırılması prosesinə start verildiyini deyib. Bu prosesdə təhsilin fundamental istiqaməti olan ibtidai təhsildən başlanıldığını, ötən iki il ərzində ölkə üzrə ibtidai sinif müəllimlərinin demək olar ki, hamısının bu prosesdən keçdiyini söyləyib, Bakı, Abşeron-Xızı, Gəncə-Daşkəsən və Quba-Xaçmaz Regional təhsil idarələrində olan ibtidai sinif müəllimlərinin ilk və təkrar sertifikatlaşdırılmasının həyata keçirildiyini diqqətə çatdırıb: “Ölkənin digər bölgələrindən olan müəllimlərin ibtidai sinif üzrə ilk sertifikatlaşdırılması həyata keçirilib və ötən il ilk cəhddə uğur qazana bilməyən müəllimlər üçün Təhsil İnstitutu tərəfindən təlimlərə start verilib. Bu prosesin əsas məqsədlərindən biri müəllimlərin təlim ehtiyaclarının ödənilməsidir. Nəticə də göstərdi ki, ötən il ilk cəhddə uğur qazana bilməyən müəllimlərimiz məhz onların ehtiyac duyduqları istiqamətlərə fokuslanmış təlimlərin nəticəsində təkrar sertifikatlaşmanı daha uğurla başa vura biliblər. Prosesi uğurla tamamlayan müəllimlərin əməkhaqqısı müvafiq artımlarla hesablanıb. İnanırıq ki, ötən il ilk cəhddə uğur qazana bilməyən müəllimlər də təlimlər nəticəsində daha uğurlu olacaqlar”.

 

Azərbaycan dili və ədəbiyyatı müəllimlərinin də sertifikatlaşdırma prosesinə diqqət çəkən müdir müavini bildirib ki, bu prosesə ötən il start verilib və sevindirici haldır ki, buradakı nəticələr ibtidai siniflə müqayisədə olduqca yaxşıdır.

 

Lamiyə Əlimərdanova