Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın rəhbərlik etdiyi nümayəndə heyətinin Milan Politexnik Universitetinə səfəri başa çatıb.

 

AzMİU-dan “Azərbaycan müəllimi”nə bildirilib ki, səfərin son günündə rektor Milan Politexnik Universitetinin Dizayn fakültəsinin dekanı Francesco Zurlo, Dizayn məktəbinin professoru Mauro Ceconello, Silviya Kramegna və Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşları ilə görüşüb.

 

Görüşlərdə AzMİU və POLİMİ arasında “Dizayn” ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsinə dair məsələlər  müzakirə edilib.

 

AzMİU-da memarlıq və dizayn ixtisasları üzrə Qərbin, xüsusilə İtaliyanın ali təhsil təcrübəsinə böyük önəm verildiyini qeyd edən professor G.Məmmədova rəhbərlik etdiyi universitetin POLİMİ ilə əməkdaşlığı genişləndirmək niyyətində olduğunu vurğulayıb. Bildirib ki, “Dizayn” ixtisası üzrə həyata keçirilən ikili diplom müqaviləsi gələcək əməkdaşlıqlar üçün əlverişli mühit formalaşdırmaqdadır.

 

Mauro Ceconello ikili diplom proqramı çərçivəsində Milanda təhsil alan AzMİU tələbələrinin POLİMİ-də keçdikləri dərslər, laboratoriya işləri və icra etdikləri layihələr barədə məlumatlar verib. Eyni zamanda tələbələrin hazırlıq səviyyəsindən, dil və proqram biliklərindən razılığını ifadə edib. Layihənin gələcək inkişaf perspektivləri müzakirə olunub.

 

Sonra professor G.Məmmədova ikili diplom müqaviləsi çərçivəsində POLİMİ-də təhsil alan AzMİU tələbələri ilə görüş keçirib. Rektor tələbələrlə tədris prosesi, onların yaşayış şəraiti, üzləşdikləri çətinliklərlə bağlı ətraflı söhbət aparıb, onlara gələcək fəaliyyətləri ilə bağlı tövsiyələr verib.