İnstitut tərəfindən kənd məktəbinə dərs ləvazimatları, kitablar hədiyyə edilib


Azərbaycan İlahiyyat İnstitutunun əməkdaşları və tələbələri 9 noyabr 2018-ci il tarixdə  Dövlət Bayrağı Günü münasibətilə Cəbrayıl rayonunun işğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinə səfər ediblər.

 

Səfər iştirakçılarını Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov, kənd icra nümayəndəsi Atakişi Atakişiyev, Novruz Aslanov adına kənd tam orta məktəbinin direktoru Zamin Həziyev, 25 ildir Cocuq Mərcanlıda yaşayan,  kənd sakini Oktay Həziyev və digərləri qarşılayıb.

 

Rektor Ceyhun Məmmədovun rəhbərliyi ilə Aİİ heyəti ilk olaraq “Aprel şəhidlərinin xatirəsinə ucaldılmış abidə-kompleksi”ni ziyarət edib, abidənin önünə əklil qoyub. İnstitut kollektivi  daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş məktəblə tanış olub. Heyəti məktəb şagirdləri və müəllimlər qarşılayıb. Məktəbin foyesində ümummilli lider Heydər Əliyevin büstünün önünə əklil qoyulub, dahi rəhbərin xatirəsi ehtiramla anılıb. Ziyarət zamanı institut tərəfindən orta məktəbə dərs ləvazimatları, kitablar və bir sıra zəruri avadanlıqlar hədiyyə edilib. Məktəbin direktoru Zamin Həziyev təhsil müəssisəsi, o cümlədən buradakı tədris prosesi haqqında məlumat verib, Aİİ heyətinə göstərdikləri diqqətə görə təşəkkür edib. Sonra şagirdlər şer oxuyublar.

 

Daha sonra Cocuq Mərcanlıda yeni inşa olunmuş Mədəniyyət  evində milli-vətənpərvərlik mövzusuna həsr edilmiş tədbir keçirilib.

 

Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov Azərbaycan Respublikası Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili, xarici və ordu quruculuğu siyasəti nəticəsində Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndinin qısa müddətdə yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə  çevrildiyini xüsusi vurğulayıb.

 

İnstitutun rektoru Ceyhun Məmmədov 9 noyabr - Dövlət Bayrağı  Günü münasibətilə tədbir iştirakçılarını təbrik edərək bildirib ki, ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi uzaqgörən və müdrik siyasət nəticəsində Dövlət bayrağımız dünyanın müxtəlif mötəbər və nüfuzlu beynəlxalq təşkilatlarında, elm, mədəniyyət mərkəzlərində dalğalanır. O qeyd edib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurla gerçəkləşdirdiyi uzaqgörən siyasət ölkəmizin beynəlxalq siyasi nüfuzunun yüksəlməsini, dünya birliyində öz layiqli yerini tutmasını təmin edib. Aİİ rektoru qeyd edib ki, düşmənin xarabalığa çevirdiyi Cocuq Mərcanlı kəndi Prezident İlham Əliyevin sərəncamlarına əsasən qısa vaxtda yenidən qurulub, bütün infrastruktura malik abad qəsəbəyə çevrilib.

 

Daha sonra C.Məmmədov institut haqqında ümumi məlumat verərək təhsil müəssisəsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 9 fevral 2018-ci il tarixli sərəncamı ilə yaradıldığını qeyd edib.  Bildirib ki, institut keyfiyyətli tədrislə yanaşı, tələbələrin dünyagörüşünün formalaşdırılmasına, intellektual səviyyəsinin, mənəvi dünyasının zənginləşdirilməsinə, vətənpərvərlik hisslərinin gücləndirilməsinə də xüsusi önəm verir. Cocuq Mərcanlıya səfərin əsas məqsədinin tələbələrdə vətənpərvərlik ruhunun gücləndirilməsinə töhfələr vermək olduğunu qeyd edən C.Məmmədov gənc nəslin milli ruhda yetişməsi, milli təəssübkeşliyin, torpağa bağlılığın, dövlətə sevginin gücləndirilməsi üçün İnstituda maarifləndirici tədbirlər silsiləsinin davam etdiriləcəyini bildirib. 

          

Səfər zamanı institut heyəti, həmçinin Cocuq Mərcanlı kəndində inşa edilmiş Şuşa şəhərindəki Gövhər Ağa məscidinin bənzəri olan kənd məscidi ilə də tanış olub, axund Elman Piriyev ilə söhbət aparıblar.