O, universitetdə Fulbrayt proqramı çərçivəsində fəaliyyət göstərəcək


Noyabrın 12-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru, professor Cəfər Cəfərov ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində ADPU-da fəaliyyətə başlamış ingilis dili mütəxəssisi Diane Whaley ilə görüşüb  

 

Qonağı salamlayan rektor ölkəmizin təhsil sistemi, universitetin tarixi, hazırda aparılan islahatlar haqqında ətraflı məlumat verib. Professor Cəfər Cəfərov qloballaşan təhsilin ən mühüm amillərindən biri kimi ingilis dilinin əhəmiyyətindən, eyni zamanda universitetdə onun tədrisi səviyyəsinin yüksəldilməsi məqsədilə atılan addımlardan bəhs edib. ABŞ-ın ölkəmizdəki səfirliyinin maliyyə dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə, həmçinin Fulbrayt proqramı çərçivəsində ADPU-da mütəxəssislərin fəaliyyəti barədə də qonağa ətraflı məlumat verilib   

 

Azərbaycana ilk dəfə səfər edən mütəxəssis qısa müddət ərzində fəaliyyət göstərəcəyinə baxmayaraq, universitetin professor-müəllim heyəti ilə sıx əməkdaşlıq çərçivəsində mühüm işlər görüləcəyinə ümid etdiyini bildirib.     

 

Qeyd edək ki, ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi İngilis dili Mütəxəssisi Proqramı çərçivəsində mütəxəssis Diane Whaley 2018-ci ilin noyabr-dekabr aylarında ADPU-da fəaliyyət göstərəcək. Bu müddət ərzində universitet rəhbərliyi, professor-müəllim heyəti və digər maraqlı tərəflərlə görüşlərin keçirilməsi, ingilis dili müəllimlərinin dərslərində iştirak, təlimlərin təşkili, həmçinin İngilis dili müəllimliyi ixtisası üzrə tədris planına dair təkliflərin verilməsi nəzərdə tutulur.