Təlimlər “Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” layihəsi çərçivəsində baş tutub


Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) də tərəfdaşlarından biri olduğu “Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi” (EQAC) layihəsi çərçivəsində Litvanın paytaxtı Vilnüs şəhərində növbəti təlimlər keçirilib. 4-11 noyabr tarixlərində baş tutmuş Litva səfərində ADPU-nun Tədris işləri üzrə prorektoru, dosent Eldar Aslanov, Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov və Tədqiqat və inkişaf şöbəsinin mütəxəssisi Xəyyam Cəfərzadə iştirak ediblər.

 

Avropa Komissiyasının maliyyə dəstəyi ilə Erasmus+ proqramı çərçivəsində Bakı Biznes Universitetinin koordinatorluğu ilə həyata keçirilən bu layihədə Azərbaycan Respublikasının Təhsil Nazirliyi, ölkəmizin 11 ali təhsil müəssisəsi və Avropadan 5 tərəfdaş müəssisə iştirak edir. Qeyd edək ki, ADPU-da son illər rektor, professor Cəfər Cəfərovun rəhbərliyi ilə məhz keyfiyyətə əsaslanan inkişafı  təmin etmək məqsədilə tədris, elm, inzibati sahələrdə islahatlar aparılır, müvafiq sənədlər qəbul edilir, beynəlxalq əlaqələr genişləndirilir, professor-müəllim heyətinin, kafedra və fakültələrin illik fəaliyyətlərinin vahid və obyektiv meyarlarla müəyyənləşdirilməsi və s. istiqamətlərdə işlər uğurla həyata keçirilir.

 

Səfər çərçivəsində 5-6 noyabr tarixlərində Litvanın Ali Təhsildə Keyfiyyətin Təminatı Mərkəzində və tanınmış Mikolo Romerio Universitetində tanışlıq görüşləri keçirilib.  Təlimlər  7-10 noyabr tarixlərində Vilnüs şəhərində yerləşən Sosial-Tətbiqi Elmlər Kollecində (SMK) davam etdirilib. Litvada ali təhsildə keyfiyyətin təminatı sahəsində aparıcı mütəxəsisslər tərəfindən keçirilən təlimlərdə Azərbaycanın  ali məktəblərindən ümumilikdə 36 nəfər iştirak edib. 32 akademik saat çərçivəsində keçirilmiş təlimlərin məqsədi Azərbaycan universitetlərində Keyfiyyətin təminatı mərkəzlərinin iş prinsiplərinin beynəlxalq standartlara uyğunlaş­dırlması, o cümlədən QPR proqramı vasitəsilə universitetlərin bütün strukturlarının vəzifələrinin və yerinə yetirməli olduğu işlərin dəqiqləşdirilməsi, bu prosesin həyata keçirilməsinin müvafiq sxem və iyerarxiya üzrə onlayn şəkildə izlənilməsidir.  

 

Təlimin sonuncu günündə Azərbaycan ali məktəblərinin hər biri sözügedən proqramın köməyi ilə kompüter qrafikası üzrə təmsil etdikləri universitlərlə bağlı hazırladıqları təqdimatları nümayiş etdiriblər. Təlim iştirakçıları üçün nəzərdə tutulmuş müvafiq sertifikatların Bakı Biznes Universitetində keçiriləcək növbəti təlim zamanı təqdim olunması nəzərdə tutulub.