Tədbirdə “Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri” mövzusunda məruzə dinlənilib


Noyabrın 27-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) himayəsi ilə təşkil edilən  Pedaqoji Forumun (PF) növbəti-VI dinləməsi keçirilib. Görüşdə tanınmış tədqiqatçı alim Əhməd Qəşəmoğlu “Milli Təhsil Konsepsiyasının yaradılması zərurəti və onun mühüm prinsipləri” mövzusunda məruzə  edib. Dinləmədə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra və şöbə müdirləri, professor-müəllimləri, tələbələri, ali təhsil müəssisələrinin alim-mütəxəssisləri, tanınmış ziyalılar, təhsil ekspertləri, pedaqoji ictimaiyyətin nümayəndələri, qeyri-hökumət təşkilatları və media təmsilçiləri iştirak ediblər.

 

Tədris işləri üzrə prorektor, dosent Eldar Aslanov tədbiri  açaraq məruzəçi haqqında məlumat verib.

 

Sonra Əhməd Qəşəmoğlu təqdimatın keçirilməsinə görə ADPU-nun rəhbərliyinə təşəkkür edib. Vurğulayıb  ki, onun məruzəsi dünyanın qabaqcıl elmi mərkəzlərinin də dəstəklədiyi “Ahəngyol” nəzəriyyəsi əsasında hazırlanıb. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”na görə, təhsil sahəsi qarşısında duran əsas hədəf   dünya ölkələri sırasında qabaqcıl mövqe tutan təhsil sisteminin yaradılmasıdır. Qabaqcıl mövqenin əsas meyarları isə ölkə əhalisinin, demoqrafik, iqtisadi, tarixi, mənəvi və s. potensialın xüsusiyyətlərindən, milli müstəqillik imkanlarından irəli gələn məxsusi bir təhsil sisteminin yaranmasıdır. Bu elə təhsil sistemi olmalıdır ki, ölkəmizin və ümumiyyətlə, bəşəriyyətin tərəqqisinə kömək edə biləcək yüksəkixtisaslı, mənəviyyatlı kadrlar yetişdirsin. Elə bir təhsil sistemi yaradılmalıdır ki,  hər kəs öz qabiliyyətinə, imkanlarına, üstünlük verdiyi dəyərlərə görə özünə peşə seçə bilsin. Bu peşələrin hər biri insanın həyat səviyyəsinin arzu edilən şəkildə qurulmasına imkan verməlidir. Hər kəs öz peşəsinin tələb etdiyi səviyyədə biliyə malik olmalıdır. Milli təhsil sistemi ölkənin, Yer üzünün tərəqqisinin mühüm şərtidir. Ölkə özü bir sosial sistemdir. Milli təhsil bu sistemin mahiyyətinə, mövcud xüsusiyyətlərinə uyğun  olaraq yaranmış, həmin sistemin potensialını daha çox aça bilən mühüm mexanizmdir. Millli təhsil - milli ruhun, milli potensialın oyanmasına, əhatəli hərəkətverici qüvvəyə çevrilməsinə kömək edən əvəzedilməz vasitədir.

 

Məruzəçiyə görə, milli təhsil sistemi bəşəri dəyərlərə uyğun olaraq elə  qurulmalıdır ki, həm də  bütün Yer üzünün inkişafına kömək etsin. Təhsil sistemimizin qarşısında duran əsas vəzifələr ciddi planlaşdırma mexanizminin qurulması,  hər bir ixtisas üzrə yalnız tələb  olunan qədər mütəxəssisin hazırlanması, ölkədə hər bir insan üçün öz təyinatına, qabiliyyətinə uyğun olan potensialını açmağa imkan verən təhsil sisteminin, hər kəsə öz qabiliyyətinə uyğun olaraq öz ixtisasını dəyişmək üçün şəraitin yaradılmasıdır. Bu gün təhsil sahəsində yeni Azərbaycan modelinin yaradılması bir tarixi, strateji, mənəvi, sosial sifarişdir. Məktəb-valideyn münasibətlərinin güclü mexanizmi yaradılmalı, ciddi, məzmunlu dərsliklər yazılmalı, xarici ölkələrin təcrübəsindən istifadə edilməlidir. Ali məktəblərdə sosial iş xidməti yaradılmalı, gələcək potensial iş yerləri ilə əlaqələr genişlənməli, ali məktəblərin fəaliyyəti dünyanın ən qabaqcıl ali məktəblərinin standartlarına uyğun qurulmalıdır. İdarəetmə ancaq struktur-funksional prinsiplə həyata keçirilməlidir. Struktur və funksiya daim ahəngdar şəkildə əlaqələndirilməlidir. Müəllimin əsas resursu onun biliyi, pedaqoji təcrübəsi, tədrisetmə qabiliyyətidir. Tələbənin resursu onun bilik səviyyəsi, təhsilə olan marağı, təhsil almaq imkanlarıdır. Təhsilalanlarda milli qürur, milli kimlik, vətənpərvərlik hisslərinin humanizm prinsipləri əsasında inkişaf etdirilməsi, yüksəldilməsi olduqca vacibdir.

 

Tədbirdə çıxış edən təhsil ekspertləri Etibar Əliyev, Almaz Həsrət, dosentlər Zahirəli Sadıxov, Əli Zalov, Amalya Həsənova və başqaları mövzu ilə bağlı fikir və mülahizələrini bölüşüblər. Ə.Qəşəmoğlu iştirakçıların mövzu ilə bağlı suallarını da cavablandırıb.

 

Tədbirin sonunda çıxış edən rektor Cəfər Cəfərov maraqlı və məzmunlu təqdimata  görə Ə.Qəşəmoğluna təşəkkür edib. Rektor qeyd edib ki, bu tipli tədbirlər, aparılan müzakirələr, fikir mübadiləsi universitetin həyatının canlanmasına, təhsilin keyfiyyətinin yüksəlməsinə xidmət edir və bizi qarşımıza qoyduğumuz ali məqsədlərə, strateji hədəflərə yaxınlaşdırır.