Səfər universitetlə bu qurum arasında ikitərəfli anlaşmaya uyğun olaraq həyata keçirilib


Azərbaycan Texniki Universitetinin (AzTU) beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazovun rəhbərliyi ilə universitetin bir qrup əməkdaşı – ümumi işlər üzrə prorektor Əbülfəz Talıbov, professorlar Rasim Əlizadə,  Nizami Yusubov,  Vaqif  Məhərrəmov, dosent Hikmət Əliyev Türkiyənin Havaçılıq və Kosmik Sənaye Şirkətinin (TUSAŞ) dəvəti ilə Ankara şəhərində ezamiyyətdə olublar. AzTU ilə TUSAŞ arasında əldə edilən ikitərəfli anlaşmaya uyğun olaraq həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti şirkətin müəssisələri ilə yaxından tanış olub və TUSAŞ-ın əməkdaşları üçün elmi məruzələrlə çıxışlar ediblər.

 

Nümayəndə heyyəti ilə TUSAŞ rəhbərliyi arasında keçirilən müzakirə zamanı bir sıra istiqamətlərdə əməkdaşlıqla bağlı razılıq əldə olunub. Razılığa əsasən AzTU əməkdaşlarının TUSAŞ-ın istehsalat sahələrində təcrübəkeçmə imkanı, bakavriat, magistrant və doktorantların işə cəlbolunma və təcrübəkeçməsi, bir sıra istiqamətlərdə qısamüddətli elmi-texniki seminarların təşkil edilməsi qərara alınıb. Həmçinin birgə elmi-texniki ədəbiyyatların hazırlanması üçün də razılaşma əldə edilib.

 

Səfər çərçivəsində nümayəndə heyəti Ankarada yerləşən Qazi Universitetinin Mühəndislik fakültəsi,  laboratoriyaları və ERASMUS ofisi ilə də tanış olub. Qazi Universitetində keçirilən müzakirələr zamanı gələcəkdə beynəlxalq proqramlarda birgə iştirak etmək üçün razılaşma əldə edilib.