Rektor imtahanların gedişi ilə tanış olub


Naxçıvan Dövlət Universitetində gün ərzində  70-ə yaxın imtahan  keçirilir. Tələbələr elektron qaydada  təşkil edilən imtahanlardan savayı  ənənəvi-yazılı qaydada da imtahan verirlər. Qeyd edək ki,  yazılı imtahanlar üçün də xüsusi nəzarət sistemi tətbiq olunan otaq quraşdırılıb.

 

Universitetin rektoru, AMEA-nın müxbir üzvü Saleh Məhərrəmov  növbəti elektron imtahanların gedişi  ilə tanış olub, tələbələrə uğurlar arzulayıb. Elektron imtahanların tətbiqi ilə bağlı tələbələrin arzu və təkliflərini öyrənib.

 

Qış semestrində 1202 monitorinq və elektron qaydada 21672 tələbənin iştirakı ilə imtahan keçiriləcək. Bundan başqa 210 xüsusi qalibiyyət tələb edən və şifahi qaydada imtahanların keçirilməsi nəzərdə tutulub.

 

İmtahanlar bu semestr  kamera ilə təchiz edilmiş 10 otaqda aparılır.

 

Qeyd edək ki, bu günədək elektron test üsulu ilə keçirilən imtahanlar obyektivlik və şəffaflığın gözlənilməsi, tələbələrin öz biliklərini operativ şəkildə ortaya qoyması, obyektiv qiymətləndirmə baxımından böyük üstünlükləri ilə özünü doğruldub. İmtahan zallarında quraşdırılan veb kameralar şəffaflığın ən  bariz nümunəsi hesab oluna bilər. Tələbələr  müəyyən olunmuş vaxt ərzində kompüterin köməyi ilə 50 sualı cavablandırır, nəzarətçilər tələbənin imtahanı başlamasını və bitirdiyini təsdiqlədikdən sonra, tələbə imtahan nəticələri ilə bağlı dərhal məlumatə əldə edə bilir.

 

Elektron imtahanların gedişində ciddi texniki problemlərə, xoşagəlməz hallara rast gəlinərsə, tələbənin şikayətinə baxılması və obyektiv həlli məqsədilə apelyasiya komissiyası yaradılıb. Gələcəkdə tədris edilən fənlərin keyfiyyətini daha da yüksəltmək üçün imtahan suallarının artırılması və təkmilləşdirilməsi nəzərdə tutulub.