İyulun 5-də Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) magistrlərinin “Məzun günü” keçirilib.

 

Tədbirdə AMEA rəhbərliyi, respublikanın aparıcı təhsil müəssisələrinin rektorları və digər dövlət qurumlarından nümayəndələr iştirak ediblər.

 

Öncə AMEA-nın 2019-cu il məzunlarından Aysel Məmmədova və Gəray Əşirov qonaqları salamlayaraq tədbiri açıq elan ediblər. Məzunların təqdimatında Azərbaycanın dövlət himni səsləndirilib.

 

Giriş nitqi ilə çıxış edən məzunlar AMEA-da dörd illik tarixi olan magistratura təhsilinin sabahın alimlərinin, yüksəkixtisaslı kadrların yetişdirilməsindəki rolundan bəhs ediblər. Bildiriblər ki, AMEA-nın elmi müəssisələrində aparılan elmi tədqiqat fəaliyyətinin tədris prosesinə nüfuz etməsi, qabaqcıl alimlərlə tələbələr arasında bilik və təcrübə mübadiləsinin aparılması sayəsində nəzəri biliklərin təcrübədə tətbiqi elmdə innovativ nəticələrin əldə olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

 

AMEA-nın akademik-katibi və müxbir üzvü Əminağa Sadıqov AMEA magistraturasının yaranma tarixindən danışıb. Yarandığı qısa müddətə baxmayaraq AMEA-nın magistraturasına maraq və tələbin getdikcə artdığını deyən Ə.Sadıqov statistikanı nəzərə çatdırıb. Bildirib ki, 2015-ci ildə AMEA-nın magistraturasına 19 tələbə qəbul edilib. 2016-cı ildə 9 ixtisas üzrə 56 tələbə, 2017-ci ildə 12 ixtisas üzrə 67 tələbə, ötən il 19 ixtisas üzrə 67 tələbə, bu il isə 43 ixtisas üzrə 121 tələbə magistraturaya daxil olub. Akademik-katib bu gün AMEA-dan 12 ixtisas və 37 ixtisaslaşma üzrə 63 magistrin məzun olduğunu bildirib. Cari ildə tədris prosesinə 8 akademik, 23 müxbir üzv, 82 elmlər doktoru və 141 fəlsəfə doktorunun cəlb olunduğunu deyən Ə.Sadıqov 4 akademik, 6 müxbir üzv, 24 professor və 29 dosentin magistrantların tədqiqat işlərinə elmi rəhbərlik etdiyini vurğulayıb.

 

AMEA-nın maddi-texniki tədris bazasının daha da təkmilləşdirildiyini söyləyən akademik-katib tədris prosesinin operativliyini və effektivliyini təmin etmək məqsədilə atılan addımlardan da danışıb.

 

Natiq AMEA-nın magistraturasını bitirən və təhsil aldığı müddətdə bilik və bacarığına görə fərqlənən tələbələrin məzun olduqdan sonra AMEA-da əmək fəaliyyətlərini davam etdirdiklərini söyləyib: “Hazırda AMEA-dan məzun olmuş 75 nəfərdən 51-i AMEA-nın əməkdaşıdır. Əmək fəaliyyəti ilə yanaşı yüksək səviyyədə öz təhsillərini alan məzunların 6-sı xaricdə olmaqla, 44 nəfəri doktorantura səviyyəsində uğurla davam edirir. Bu da Azərbaycanda  elmin varisliyinin qorunması baxımından olduqca vacibdir”.

 

Sonra Fizika İnstitutunun Bərk cisimlər fizikası ixtisası üzrə magistri Səidə Nuriyeva Akademiyada aldığı təhsillə bağlı təəssüratlarını bölüşüb.

 

Tədbirdə akademiyanın magistr məzunu, gənc geoloq Sadiq Yusifov, nanomateriallar kimyası üzrə məzun Rüfət Əsədzadə çıxış ediblər.

 

Mərasimdə Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Fizika İnstitutunun laboratoriya müdiri, fizika-riyaziyyat elmləri doktoru Mirbaba Babayev, Neft-kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov institutlarda magistrlərin keyfiyyətli təhsil alması üçün yaradılan imkanlardan söz açıblar.

 

Tədbirin sonunda AMEA-nın prezidenti, akademik Akif Əlizadə magistrləri təhsillərini uğurla başa vurmaları münasibətilə təbrik edib, bu günün Azərbaycan elm tarixində bayram olduğunu deyib. Bu uğurların dövlətin diqqət və qayğısı nəticəsində əldə olunduğunu vurğulayan akademik A.Əlizadə AMEA-da magistratura təhsilinin başladılması ilə güclü elmi potensialın toplandığını, gənc alimlərin səsinin dünyanın müxtəlif ölkələrindən gəlməsi ilə elmimizin dünyaya çıxışının təmin olunduğunu qeyd edib.

 

Sonda məzunlara diplomlar təqdim olunub.