AMEA ak. H.Ə.Əliyev ad. Coğrafiya İnstitutunda akademik Ramiz Məmmədovun sədrliyi  ilə “Sudan İstifadə Sahəsində Mütəxəssislər” İctimai Birliyinin iclası keçirilib. İclasın sədri gündəlikdə duran məsələlərlə iştirakçıları tanış edib.

 

Coğrafiya  elmləri  doktoru  Vaqif  Məmmədov “Abşeron göllərinin müasir ekoloji vəziyyətinin qiymətləndirilməsi”mövzusunda hazırladığı layihə haqqında məruzə edib. O bildirib ki, bu günədək Abşeron yarımadasında göllərin morfometrik parametrləri, fiziki, kimyəvi, bioloji göstəriciləri, xüsusilə də müasir ekoloji vəziyyəti və onların zamanla dəyişmə xüsusiyyətləri tədqiq edilməyib, “Azərbaycan Respublikası Göllərinin Kadastrı” tərtib olunmayıb. Ceyranbatan su anbarı və kanalları istisna olmaqla, Abşeronun müasir hidroqrafık şəbəkəsinin əsasını göllərin təşkil etdiyini vurğulayan məruzəçi, bu göllərdən üzun illər əhali tərəfindən bir sıra təsərrüfat və sosial-iqtisadi ehtiyatların ödənilməsi üçün  istifadə olunduğunu diqqətə çatdırıb, Abşeron göllərinin hədsiz dərəcədə müxtəlif məişət, tikinti, sənaye zibilləri, yeraltı faydalı qazantılardan qalan tullantılarla çirkləndiyini bildirib.

 

Tədqiqat işinin üç mərhələdə aparıldığını deyən V.Məmmədov ilk dəfə olaraq Abşeron yarımadasındakı göllərin ərazi və yüksəklik  üzrə qiymətləndirilməsini, kəmiyyət və keyfiyyət göstəricilərinin müəyyənləşdirilərək xəritələşdiriləcəyini və göllərin qorunması və  idarə olunmasında əldə edilən  məlumatların yardımçı rolunu oynayacağını qeyd edib.

 

Akademik R.Məmmədov göllərin ekoloji vəziyyətinin insanların yaşayışına, insanların fəaliyyətinin isə qarşılıqlı olaraq, göllərin ekoloji vəziyyətinə təsirini qeyd edərək göllərin xüsusi öyrənilməsinə ehtiyac duyulduğunu diqqətə çatdırıb. O bildirib ki, kosmik peyk şəkilləri, dronlar və bu kimi müasir texnologiyaların köməyi ilə  xəritələşmə apararkən 250-dən artıq göllə zəngin Abşeron ərazisini kvadratlara ayırmaq və hər bir sahəyə düşən gölün mənşəyi, həcmi, yaranma mənbəyi, ekoloji vəziyyəti və s. görə ayrı-ayrılıqda təsnifatını vermək  daha münasibdir. Bu isə həmin ərazilərdə tikinti, əkin və ya digər xeyirli iş görmək istəyən təşkilat sahibləri, iş adamlarına kömək etmiş olar.

 

Movzu ətrafında gedən müzakirələr və təkliflərdən sonra qərara alınıb ki, Abşeron gölləri haqqında bütün məlumatlar toplanaraq əsaslı kitab işlənilsin və bunun üçün göllər sahəsində təcrübəli mütəxəssislərin iştirakı ilə proqram hazırlansın.  Proqramı hazırlayarkən Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nümayəndəsi Amin Məmmədovun yeni yaşayış komplekslərinin göllər ətrafında salınması haqqındakı təklifi nəzərə alınsın.

 

Sonra texnika elmləri doktoru Fazil Əbilov çirkab suların təbiətə axıdılmasının qarşısı alınması məsələsini müzakirəyə çıxarıb. Müəllif Avropa təcrübəsinə əsaslanaraq şəxsi ev və ya xidməti obyekt tikərkən  orada təmizləyici  qurğuların quraşdırılmasının sahiblərdən tələb olunmasını təklif edib.Milli Məclisin nümayəndəsi Şamil Hüseynov əlavə edib ki, ictimaiyyət arasında bu vacib məsələ barəsində çox ciddi təbliğat yolu ilə maarifləndirm işi aparılmalıdır və  “Azərcu”ASC-nin  pilot layihəsi  vaxtında  işlənmiş tədbir olardı.

 

Müzakirədə iştirak edənlər meşə və yol kənarlarında fəaliyyət göstərən restoran və digər xidmət obyektlərinin axıtdıqları çirkab sularının qarşısını almaq istiqamətində təkliflər səsləndiriblər. Bildirilib ki, suların çirkləndirilməsi dağ rayonlarında özünü daha qabarıq büruzə verir və çaylara axıdılan suların çirkabdan təmizlənməsinə sərf olunan vəsait daha artıq olduğundan çaylara axıdılan çirkabın qarşısını almaq üçün görülən tədbirlər daha məqsədəuyğundur.

 

İclasda cari məsələlərə də baxılıb.