Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib. Öncə AMEA-nın prezidenti, akademik Akif Əlizadə Prezident İlham Əliyevin sərəncamı ilə  1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi və 70 illik yubileyi münasibətilə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylini təbrik edib və ona  AMEA-nın Fəxri Fərmanını  təqdim edib.

 

Azərbaycan Respublikasının Prezidentinin Sərəncamına əsasən, təltif olunmuş AMEA-nın Yusif Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutunun əməkdaşlarına mükafatlar, eləcə də AMEA-nın Xatirə nişanı, “Gənc  kimyaçılar elmdə” müsabiqəsinin qaliblərinə isə diplomlar təqdim olunub.

 

İclasda AMEA prezidentinin başçılıq etdiyi nümayəndə heyətinin Bolqarıstana səfərinin yekunları və  Azərbaycan alimlərinin Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (BNTİ) fəaliyyəti,  AMEA Rəyasət Heyətinin nəzdində İpək Yolu Mədəni İrsinin Elmi Araşdırma Mərkəzinin yaradılması məsələləri müzakirəyə çıxarılıb.

 

“Elmi kadrlar” Milli İnformasiya Sistemi ilə bağlı məsələyə də baxılıb. Bununla bağlı çıxış edən AMEA-nın vitse-prezidenti, akademik Rasim Əliquliyev artıq sistemin yaradılmasına başlanıldığını deyib. AMEA-nın elmi müəssisələrində çalışan işçilərin bu sistemdə qeydiyyatdan keçiriləcəklərini söyləyən akademik qeyd edib ki, sistem yaradıldıqdan sonra fərd haqqında 110 parametr üzrə məlumat əldə etmək mümkün olacaq.

 

Rasim Əliquliyev elmin populyarlaşdırılması sahəsində AMEA və Azərbaycan Dövlət Televiziyasının birgə fəaliyyətindən danışıb. Akademik 2016-cı ildə “Elm və innovasiya” elmi-publisistik proqramının təsis edildiyini xatırladaraq, verilişin üç ildən artıq müddət ərzində ölkəmizdə dövlətin elm sahəsindəki siyasətinin həyata keçirilməsi, akademiyanın qarşısında duran vəzifə və tapşırıqların icrası, elmi-innovativ layihələrin geniş müzakirəsi, elmi və texnoloji sferadakı yeniliklərin populyarlaşdırılması və cəmiyyətdə elmə olan marağın yüksəldilməsi istiqamətində uğurla fəaliyyət göstərdiyini bildirib. 

 

Vitse-prezident onu da əlavə edib ki, AMEA ilə “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti arasında elmin populyarlaşdırılması istiqamətində həyata keçirilən uğurlu əməkdaşlığın davamı olaraq, bir sıra layihələrin, o cümlədən, “Elm və biznes” proqramının təsis edilməsi planlaşdırılır. Qeyd edib ki, proqram çərçivəsində elmi-innovativ fəaliyyət sahəsində əldə olunan nailiyyətlərin geniş ictimaiyyətə çatdırılması və alimlərlə bisnes sektorunda çalışan şəxslərin sıx təmasının yaradılması üçün verilişlərin hazırlanması nəzərdə tutulur.

 

Tədbirdə “Azərbaycan Respublikasının Qırmızı Kitabı”nın III nəşrinin Redaksiya heyətinin tərkibi təsdiq olunub, nəşr üzrə 2019-2023-cü illəri əhatə edən iş proqramının hazırlanıb Rəyasət Heyətinin müzakirəsinə təqdim olunması məqsədəuyğun hesab edilib.

 

Həmçinin, akademiklər – Ramiz Məmmədovun 70, Arif Həşimovun 70, Ənvər Nəhmədovun isə 60 illik yubileylərinin qeyd olunması ilə bağlı qərarlar qəbul edilib. Rəyasət Heyətinin digər qərarı ilə AMEA-nın “Həyat elmləri və biotəbabət” jurnalının  redaksiya heyətinin tərkibi təsdiq olunub.