
Yuxu həm fiziki, həm də zehni sağlamlığın əsas amillərindən biridir. Ancaq bu gün yeniyetmələrin əksəriyyəti kifayət qədər yatmır. Psixoloqlar və təhsil tədqiqatçıları sübut edirlər ki, dərslər lap erkən səhər saatlarında deyil, bir qədər gec başlaması yeniyetmələrin sağlamlığına və ümumi rifahına müsbət təsir göstərir. Son araşdırmalar isə bu dəyişikliklərin müəllimlər və valideynlər üçün də faydalı ola biləcəyini göstərir.
ABŞ-də yeni təhsil siyasəti dalğası
Son 25 ildə ABŞ-də 500-dən çox məktəb dərs saatlarını daha gec vaxta keçirib. 2014-cü ildə Amerika Pediatriya Akademiyasının “Orta məktəblərdə dərslər 08:30-dan əvvəl başlamamalıdır!” çağırışı bu məsələyə geniş diqqət çəkdi.
2019-cu ildə Kaliforniya ştatı məktəblərin 08:30-dan sonra açılmasını qanuniləşdirdi. 2023-cü ildə isə Florida eyni qərarı qəbul etdi. Hazırda bir neçə ştat oxşar qanunları nəzərdən keçirir.
Yeniyetmələr niyə az yatırlar?
Amerika Yuxu Tibb Akademiyasına görə, 13-18 yaşlı yeniyetmələr gündə 8-10 saat yatmalıdırlar. Ancaq reallıq fərqlidir:
- 2009-2021-ci illərdə kifayət qədər yatmayan şagirdlərin faizi 69%-dan 77%-ə qalxıb.
- 2021-ci ildə 9-cu sinif şagirdlərinin 70%-i, 12-ci sinif şagirdlərinin isə 83,5%-i kifayət qədər yatmayıb. Bunun səbəbləri çoxdur:
- ağır ev tapşırıqları,
- sıx əlavə məşğələ cədvəlləri,
- sosial media asılılığı və ən önəmlisi, bioloji dəyişikliklər.
Yetkinlik dövründə bədənin “daxili saatı” dəyişir. Bu, gec yatmağa və səhərlər çətin oyanmağa gətirib çıxarır. Nəticədə, gənclər həftə boyu yuxu çatışmazlığı ilə üzləşirlər. Əlavə olaraq, autizm, DEHB, narahatlıq və depressiya kimi diaqnozlar da bu problemi dərinləşdirir.
Dərsin daha gec başlaması nələri dəyişir?
Tədqiqatlara əsasən, dərslərin 08:30-08:59 aralığında başlaması yuxu müddətini artırır, yeniyetmələrin əhvalını yaxşılaşdırır, sosial-emosional və idrak inkişafına müsbət təsir edir, davranış və fiziki sağlamlıq göstəricilərini yaxşılaşdırır.
Gec başlama eyni zamanda dərsdə şagirdlərin yuxululuğunun azalmasına, davamiyyətin artmasına, qiymətlərin yüksəlməsinə və məktəbə gediş-gəlişdə qəza hallarının azalmasına gətirib çıxarır.
Müəllimlər və valideynlərə faydaları
Denver yaxınlığında aparılan araşdırma göstərib ki, valideynlər özlərini daha az yorğun hiss edib və daha çox yatıblar. Müəllimlər daha gec oyanıb və özlərini daha enerjili hiss ediblər. Dərs zamanı daha diqqətli və səmərəli olublar.
Professor Mişel Perfektin sözlərinə görə, yuxusuzluq müəllimlərin qərarvermə qabiliyyətini qısa zamanda zəiflədə bilər. Bu isə birbaşa dərs keyfiyyətinə təsir edir.
Çətinliklər və onların həlli
Bu dəyişikliklər bəzən müəyyən təşkilati problemlər yarada bilər:
- Nəqliyyat və avtobus qrafiklərinin dəyişdirilməsi
- Kiçik siniflər üçün dərs vaxtlarının tənzimlənməsi
- İdman və əlavə məşğələlərin yenidən planlaşdırılması.
Lakin Amerika yazarı Meltzerin sözlərinə görə, bu problemlər realdır, amma həll ediləndir. Bir çox məktəb sistemi bu keçidi uğurla reallaşdırıb və bu, şagirdlərin əlavə fəaliyyətlərini əhəmiyyətli dərəcədə məhdudlaşdırmayıb.
Təkcə başlama saatı kifayət etmir
Braun Universitetinin professoru Meri Karskadon bildirir ki, dərslərin daha gec başlaması mühüm addımdır, lakin axşam saatları da nəzərə alınmalıdır. İdman və digər fəaliyyətlərin davam etməsi, telefon istifadəsinin azaldılması, ev tapşırıqlarına balanslı yanaşma vacibdir.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər