
Dünyada ibtidai siniflərin təşkili zamanı şəraitin uşaqların həm öyrənmə, həm də sosial baxımdan inkişafına uyğun yaradılması əsas götürülür. Tədqiqatlar göstərir ki, sinfin dizaynı, işıqlandırma, havalandırma, mebel təchizatı, ümumiyyətlə, vizual mühiti şagirdlərin diqqət və motivasiyasına birbaşa təsir edir. Buna görə də müasir təcrübələrdə siniflər təkcə dərs keçilən məkan deyil, eyni zamanda uşağın özünü rahat və dəyərli hiss etdiyi öyrənmə mühiti kimi düşünülür.
Bir çox ölkələrdə “çevik sinif dizaynı” (“agile classroom design”) prinsipi tətbiq olunur ki, bu da masaların asanlıqla dəyişdirildiyi, qrup işi və fərdi fəaliyyətlər üçün müxtəlif zonaların yaradıldığı sinif modelidir. Divarlarda şagird işlərinin nümayişi, təbii işıq, açıq tonlu divarlar öyrənməyə marağı artırır. Sinif həmçinin inklüziv, yəni bütün uşaqlar üçün əlçatan olmalı, xüsusi ehtiyacı olan şagirdlər də nəzərə alınmalıdır. Ümumilikdə ideal ibtidai sinif uşağın emosional rifahını, yaradıcı düşünməsini və əməkdaşlıq bacarığını dəstəkləyən, nizamlı, işıqlı və müasir öyrənmə məkanı olmalıdır.
Bəs görəsən, ölkəmizdə ibtidai sinif müəllimləri belə mühiti formalaşdırmaq üçün nələr edir, bu haqda nə düşünürlər?
“Azərbaycan müəllimi” olaraq, Lənkəran–Astara Regional Təhsil İdarəsinin tabeliyində fəaliyyət göstərən məktəblərdə çalışan iki ibtidai sinif müəlliminin fikirlərini öyrəndik.
30 ildən çoxdur ki, Lənkəran şəhəri 10 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi olan Səmirə Dadaşova öyrədici və eyni zamanda uşaqlar üçün rahat sinif mühitinin qurulmasına xüsusi diqqət yetirdiyini deyir. Onun fikrincə, sinif otağının düzülüşü elə olmalıdır ki, müəllim şagirdi və onun iş prosesini aydın görə bilsin:

“Partalar elə yerləşdirilməlidir ki, müəllim şagirdini daha yaxşı görə bilsin. Şagirdin masasını, masanın üstünü, hətta mən deyərdim ki, yazı yazdığı vərəqi belə bir baxışda görə bilsə, daha yaxşı olar. Şagirdlər lövhəyə doğru azca qövs şəklində oturanda həm müəllimlə əlaqə, həm də diqqət daha yaxşı olur. Sinifdə şagird sayı 24-dən çox olmasa, yaxşı olar. Sinif otağı elə qurulmalıdır ki, müəllim və şagird sinifdə sərbəst hərəkət edə bilsin. Ən vacib vəsaitlər əlçatan olmalıdır. Hər bir şagirdin öz rəfi və ya şkafı olarsa, çox yaxşı olar. Müəyyən dərslərdə hazırladıqları maket və əl işlərini qoymağa, nümayiş etdirməyə yer olmalıdır. Sinif otağının düzülüşünü, daxili quruluşunu hər il olmasa da, tez-tez dəyişmək lazımdır. Çünki I və II sinif şagirdinin istifadə etdiyi əşyalar, hətta partalar III–IV siniflərdə yararsız olur: həm boy etibarilə, həm də öyrənmə mühitinə görə”.
Səmirə müəllim hesab edir ki, sinif müəyyən ölçü daxilində bəzədilməlidir. Çünki artıq dekorasiya uşaqları yorur. Onların əvəzində sinif otağında şagirdlərin özlərinin hazırladığı əşyalar və qaydalar olduqda, şagirdlərdə motivasiya yaranır:
“Uşaqlar öz əlləri ilə hazırladıqları dərs vasitələrini görəndə sevinirlər. Sinif qaydalarını da onlarla birlikdə tərtib etdikdə bu qaydalara daha səmimi şəkildə əməl edirlər”.

“Ekranla doğulub böyümüş bir uşaq sinifdə darıxa bilir”
Müasir dərs prosesində texnologiyanın əhəmiyyətinə toxunan müəllim qeyd edir ki, elektron lövhə, video və musiqi materialları şagirdin diqqətini dərsə yönəltməyə kömək edir. Onun fikrincə, tədris mühiti, ilk növbədə, şagird–müəllim anlaşmasına əsaslanmalıdır:
“Şagird fikrini sərbəst ifadə etməli, müəllim isə həmin fikirləri ümumiləşdirib yeni biliklərə körpü yaratmalıdır. Kiçikyaşlı uşaqlar dərs zamanı müəyyən müddətdən sonra yorulur, diqqətləri yayınır. Bunun üçün sevdikləri mahnıları səsləndirirəm. Onlar artıq yemək, oyun və istirahət vaxtının gəldiyini bilirlər. Oyun 5–7 yaşlı uşaqların inkişafında qida qədər önəmlidir. Bu oyun kollektiv də, təkbaşına da ola bilər, amma məktəbdəki oyunlar elə seçilməlidir ki, növbəti dərsdə tədris prosesinə istiqamət versin. Müasir dövrdə İKT-siz şagirdin diqqətini cəlb etmək çox çətindir, bəzən isə mümkünsüz olur. Ekranla doğulub böyümüş bir uşaq sinifdə darıxa bilir. Müasir məktəblinin və müəllimin əlində idarə olunan internet çıxışı mütləq olmalıdır”.
Yaradıcı və əməkdaşlığa əsaslanan sinif mühitini vacib sayan Səmirə müəllim bildirir ki, hər bir uşağa bacardığı iş tapşırıldıqda və kiçik nailiyyətləri dəyərləndirildikdə dərs prosesinə maraq artır.

“Sərbəstliklə yanaşı, qaydaların da vacib olduğunu öyrədirəm”
2015-ci ildən pedaqoji fəaliyyətə başlayan Lənkəran rayonu A.Əsədullayev adına Şağlaser kənd ümumi orta məktəbinin müəllimi Gülşən Şahmarova isə sinif mühitində uşaqların rahatlığına və fərdi xüsusiyyətlərinə diqqət yetirməyi əsas məsələ hesab edir.
Gülşən müəllim deyir ki, ibtidai siniflərdə əsas məqsəd uşağın məktəb həyatına adaptasiyasını asanlaşdırmaq, onu qorxusuz, motivasiya dolu mühitdə öyrənməyə təşviq etməkdir:
“Oturacaqları elə düzürəm ki, bütün iş formalarından rahat istifadə etmək mümkün olsun. Sinifdə əyani vəsaitlər, şəkilli kartlar, sual qutuları və maraqlı lövhələr uşaqların diqqətini dərsə cəlb edir. Divardakı əyani vəsaitləri və plakatların düzülüşünü sinif və yaş səviyyələrinə uyğun qururam”.

O, kiçik uğurların belə alqışlanmasının, mükafatlandırma və oyun elementlərinin dərs prosesinə inteqrasiyasının vacibliyini vurğulayır:
“Uşaqların kitablarına stikerlər yapışdırıram, qaliblərə medal və kiçik hədiyyələr verirəm. Bu, onların dərsə marağını qat-qat artırır”.
Gülşən müəllim hesab edir ki, ibtidai sinif otaqları açıq rənglərlə boyanmalı, işıqlı, səliqəli və təhlükəsiz olmalıdır. Öz təcrübəsindən misal çəkərək deyir ki, uşaqların yorulmaması üçün dərs zamanı hərəkətli oyunlar və kiçik idman məşğələləri də keçirir:
“Bu il I sinfə dərs deyirəm. Yaş səviyyələrini və məktəbə adaptasiyalarını nəzərə alıram. Dərs ərzində (45 dəqiqə) yorulub həvəsdən düşməsinlər deyə bir və ya iki dəfə kiçik oyunlar, hərəkətli və əyləncəli idman məşğələləri etdirirəm. Şagirdin fikrinə hörmətlə yanaşır, amma eyni zamanda ona məsuliyyət hissi aşılayıram. Sərbəstliklə yanaşı, qaydaların da vacib olduğunu öyrədirəm”.
İbtidai sinif müəllimlərinin bu təcrübələri göstərir ki, düzgün planlanmış sinif mühiti yalnız bilik deyil, həm də emosional rahatlıq, motivasiya və öyrənməyə sevgi yaradır. Müəllimin diqqəti, qayğısı və yaradıcı yanaşması isə bu mühitin əsas memarıdır.
Digər xəbərlər
Digər xəbərlər tapılmadı



Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

Bölmələrimiz
2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər