Bütün xəbərlər
23 may, 17:07

Bu gün ADA Universitetinin həyətində gəzən hər kəs sanki bir neçə saatlıq dünya səyahətinə çıxdı. Universitetin kampusunda təşkil olunan “ADA 13-cü Beynəlxalq Festival” Yaponiya, Çin, Malayziya, Türkiyə və Avropa İttifaqı dövlətləri daxil olmaqla, 50-yə yaxın ölkənin mədəniyyətini bir araya gətirərək tələbələrə unudulmaz anlar yaşatdı. Fərqli dillər, rəngarəng geyimlər və müxtəlif mətbəxlərin qoxusu ilə dolu atmosferdə tələbələr və qonaqlar maraqlı ab-hava yaşadılar.

Müxtəlif ölkələrin səfirləri, diplomatik korpusun üzvləri, beynəlxalq təşkilatların nümayəndələri, ADA Universitetinin yerli və xarici tələbələri iştirak etdiyi festivalda konsert proqramı, interaktiv təqdimatlar və mədəniyyətlərarası dialoqu təşviq edən müsabiqələr təşkil olundu. Stendlərdə həmin ölkələrə aid geyimlər, suvenirlər, ənənəvi oyunlar və mətbəx nümunələri sərgiləndi. Rəqslər və musiqi nömrələri tədbiri əsl bayrama çevirdi.

ADA Universitetində artıq ənənəyə çevrilmiş bu festivalın 13 ildir ki, keçirildiyini deyən universitetin Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Milana Mirfeyzullazadə bildirib ki, builki festivalda 43 ölkənin nümayəndəsi, 500-ə yaxın qonaq və 15-ə yaxın səfirlik əməkdaşı iştirak edib: “İki hissədən ibarət tədbirin birinci hissəsi sərgi formatında təşkil olunub. Sərgidə iştirakçı ölkələrin səfirlikləri öz mədəniyyətlərini nümayiş etdirib. Ziyarətçilər stendləri gəzərək müxtəlif ölkələrin milli mətbəxi, geyimləri və digər mədəni xüsusiyyətləri ilə yaxından tanış olmaq imkanı qazanıblar. Tədbirin ikinci hissəsi konsert proqramı ilə davam edib. Rəngarəng çıxışlar, musiqi və rəqs nömrələri festival iştirakçılarına unudulmaz anlar yaşadıb”.

Milana Mirfeyzullazadə qeyd edib ki, festivalın əsas məqsədi müxtəlif ölkələrin mədəniyyətlərini bir araya gətirmək, mədəniyyətlərarası dialoqu təşviq etmək və ADA Universitetinin beynəlxalq mühitinə töhfə verməkdir.

“Bu kimi tədbirlər tələbələrin dünyagörüşünün formalaşmasında, qlobal dəyərləri mənimsəməsində və müxtəlif mədəniyyətlərə hörmət ruhunun aşılanmasında mühüm rol oynayır”,- deyə o vurğulayıb.

200-dən çox iştirakçının qatıldığı bu festival ADA Universitetində mədəni müxtəlifliyin sadəcə dəyər deyil, gündəlik həyatın bir hissəsi olduğunu yenidən nümayiş etdirib.

“Tələbələr öz adlarını Çin əlifbası ilə yazmağa çalışır və bu onlar üçün həm əyləncəli, həm də maraqlıdır”

Çin stendinin təmsilçilərindən biri - Bakı Dövlət Universitetinin müəllimi Zhu Fangzheng festivalda iştirakdan məmnunluğunu bildirib: “ADA Universitetinin dəvəti ilə bu festivala qatılmaqdan çox şadam. Bu, tələbələr üçün böyük bir fürsətdir. Onlar burada Çin mədəniyyətini daha yaxından tanıyır, fərqli ənənələrimizlə tanış olurlar. Festival çərçivəsində Çinə məxsus müxtəlif aksesuarlar nümayiş olunur. Tələbələr isə öz adlarını Çin əlifbası ilə yazmağa çalışır və bu onlar üçün həm əyləncəli, həm də maraqlıdır. Bundan əlavə, ziyarətçilərə Çin dilində sadə ifadələr öyrədilir. Bu ifadələr xüsusilə salamlaşma ilə bağlıdır”.

O vurğulayıb ki, ötən ay Çin ilə Azərbaycan arasında imzalanan əməkdaşlıq sazişi bu cür mədəni tədbirlərin əhəmiyyətini daha da artırır: “Festival tələbələrə yeni mədəni perspektivlər qazandırır və onları fərqli dünyalarla tanış edir”.

“Məqsədimiz mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etməkdir”

Venesuelanın Azərbaycandakı səfiri Alberto Xristofer Martinez Berroteran festivalın əhəmiyyətindən danışıb. O bildirib ki, bu sərgi Venesuela üçün olduqca önəmlidir: “Ölkəmizi bu festivalda təmsil etməkdən böyük məmnunluq duyuruq. Burada iştirak edən hər kəs Venesuela mədəniyyəti və tarixi ilə tanış olur. Bu cür tədbirlər mədəniyyətimizi daha geniş auditoriyaya çatdırmaq baxımından əhəmiyyətlidir”.


Alberto Martinez vurğulayıb ki, ADA Universitetində keçirilən festival tələbələr üçün yeni biliklər qazanmaq baxımından faydalıdır: “Festival çərçivəsində biz tələbələrə Venesuela haqqında məlumat verir, mədəniyyətimizi və tariximizi tanıtdırırıq. Eyni zamanda, ölkəmizdə təhsil almaq istəyən gənclər üçün də bu, bir fürsətdir. Əsas məqsədimiz mədəniyyətlərarası qarşılıqlı anlaşmanı təşviq etmək və Venesuela ilə digər ölkələr, o cümlədən Azərbaycan arasında əməkdaşlığı daha da gücləndirməkdir”.

Səfir əlavə edib ki, bu il mayın 12-də Azərbaycan ilə Venesuela arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunub: “Bu münasibətlə Bakıda həm konsert, həm də sərgi təşkil etdik. Sərgidə Azərbaycan və Venesuela rəssamlarının əsərləri nümayiş olundu. Bu, iki ölkə arasında mədəni əlaqələrin gücləndirilməsi baxımından vacib addımdır”.

“Hər bir ölkənin vətəndaşı üçün digər xalqların mədəniyyətini tanımaq çox vacibdir”

Məryəm Vəliyeva ADA Universitetinin Dövlət və ictimai münasibətlər fakültəsinin III kurs tələbəsidir. O deyir ki, bugünkü beynəlxalq festival ADA Universitetinin hər il təşkil etdiyi ənənəvi tədbirlərdən biridir: 

“Festival çərçivəsində müxtəlif ölkələr öz stendləri ilə iştirak edərək milli mədəniyyətləri və ölkələri haqqında maraqlı məlumatları təqdim edirlər. Tələbələrlə interaktiv müzakirələr aparılır, xoş təəssürat yaradan təqdimatlar keçirilir. Burada olmaq mənim üçün olduqca maraqlı və faydalıdır. Düşünürəm ki, bu festivalın əsas məqsədi tələbələrin digər ölkələr və onların mədəniyyətləri haqqında daha geniş və əhatəli məlumat əldə etməsidir. Ümumiyyətlə, hər bir ölkənin vətəndaşı üçün digər xalqların mədəniyyətini tanımaq və öz ölkəsini layiqincə təmsil etmək çox vacibdir. Bu, həm şəxsi inkişaf, həm də beynəlxalq düşüncə tərzinin formalaşması baxımından mühüm rol oynayır”.
Məryəmi cəlb edən stendlərdən biri Avropa İttifaqına aiddir: “Orada maraqlı sorğular keçirilirdi və iştirakçılar bu sorğulara cavab verdikdən sonra kiçik hədiyyələrlə mükafatlandırılırdılar. Təbii ki, bütün ölkələrin bu tədbirə xüsusi hazırlaşdıqları açıq şəkildə hiss olunurdu”.

“Moldova nümayəndələrinin enerjisi, səmimiyyəti və təqdimat bacarıqları diqqətçəkici idi”

ADA Universitetinin 3-cü kurs tələbəsi olan Rüzgar Turhan “Kompüter mühəndisliyi” ixtisası üzrə oxuyur. O, Türkiyə vətəndaşıdır. Rüzgar deyir ki, festival tələbələrə müxtəlif ölkələrin və millətlərin mədəniyyətlərini tanımaq və daha yaxından izləmək imkanı yaradır:

“Bu cür tədbirlər tələbələrin dünyagörüşünün genişlənməsinə və müxtəlif mədəniyyətləri anlamağa böyük töhfə verir. Festivalda Türkiyənin stendi ilə yanaşı, Moldovanın da stendini çox bəyəndim. Moldovanı təmsil edən nümayəndələrin enerjisi, səmimiyyəti və təqdimat bacarıqları xüsusilə diqqətçəkici idi. Onların mədəniyyətlərini sevə-sevə təqdim etmələri və öz işlərinə yanaşmaları marağımı daha da artırıb”.

“Hər il festivaldan yeni bir şey öyrənirəm”

Tura Əhmədova ADA Universitetinin “Biznesin idarəedilməsi” ixtisası üzrə 4-cü kurs tələbəsidir. O, bu festivalı tələbələr üçün dəyərli bir fürsət kimi qiymətləndirir. Turanın fikrincə, müxtəlif ölkələrin mədəniyyətini yaxından tanımaq, milli təamlardan dadmaq və hər ölkənin geyimləri haqqında məlumat əldə etmək festivala xüsusi rəng qatır: 

“Hər bir stend özünəməxsusluğu və rəngarəngliyi ilə seçilir. Bununla belə, ən çox Yaponiyanın stendini bəyəndim. Bu stenddəki geyimlər, xüsusilə papaq və aksesuarlar çox maraqlı və cəlbedici idi. Həmin geyimlərdən istifadə edərək şəkil çəkdirmək isə tələbələr üçün unudulmaz bir xatirəyə çevrilir”.Turanın sözlərinə görə, festivala ardıcıl olaraq dörd ildir ki, qatılır və hər il buradan yeni bir şey öyrənir.

“Belə tədbirlər bizə müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti yaradır”

Basam İsmaeel ADA Universitetinin 2-ci kurs tələbəsidir və “Kompüter elmləri” ixtisası üzrə təhsil alır. O, İraq vətəndaşıdır: 

“Düşünürəm ki, festivalda ən çox maraq doğuran stendlərdən biri Macarıstan və İndoneziyaya məxsus idi. Bu ölkələrin stendləri həm rəngarəngliyi, həm də informativliyi ilə seçilirdi. Burada yalnız ənənəvi yeməklər təqdim olunmur, eyni zamanda, ölkə haqqında ətraflı məlumat verilir, milli geyimlər sərgilənirdi. Nümayəndələr ölkələrinin mədəni irsi haqqında ziyarətçilərə geniş məlumatlar çatdırırdılar. Tələbə olaraq belə tədbirlər bizə müxtəlif ölkələrin mədəniyyəti ilə yaxından tanış olmaq fürsəti yaradır. Əgər hər hansı bir ölkənin mədəniyyəti və mühiti diqqətimizi cəlb edirsə, ADA Universitetini bitirdikdən sonra həmin ölkədə təhsil almaq və ya yaşamaq istəyimiz yarana bilər. Bu festival eyni zamanda yeni ölkələri kəşf etmək, dünyagörüşümüzü genişləndirmək və gələcək planlarımızı formalaşdırmaq üçün əla bir fürsətdir”.

“ADA Universitetinin Beynəlxalq Festivalı” sadəcə bir tədbir deyil, bir ideya idi: Dünyanı bir yerə toplamaq, fərqli mədəniyyətləri eyni məkan altında tanıtmaq və tələbələr arasında qarşılıqlı anlaşmanı gücləndirmək. Belə tədbirlər gənclərin dünyagörüşünü genişləndirməklə yanaşı, multikultural mühitdə yaşamaq və işləmək bacarıqlarını da inkişaf etdirir.

1 /7

Şərhlər

Xəbər lenti

19 avqust, 17:09

Şagirdlərin elektron yerdəyişməsi prosesinin müddəti uzadılıb

19 avqust, 17:03

Qarabağ Universitetində şöbə müdiri vakansiyası elan olunub

19 avqust, 16:53

Gündə 30 dəqiqəlik oxu vərdişi beyin fəaliyyətini gücləndirir

19 avqust, 16:48

Magistraturanın boş qalan plan yerlərinə qəbulun nəticələri AÇIQLANDI

19 avqust, 16:42

Rezidenturaya qəbul olunan namizədlərin elektron qeydiyyatı başlayır

19 avqust, 15:06

Dərs otağından yay düşərgəsinə: Bahar müəllimin fərqli dərsləri

19 avqust, 14:41

Süni intellekt dövründə təhsil: Məktəblərdə yumşaq bacarıqlar necə öyrədilməlidir?

19 avqust, 14:30

"Evrika!” anı qəfil yaranır? – Alimlərdən maraqlı araşdırma

19 avqust, 13:58

Alimlər ən “süni” bakteriyanı yaradıblar 

19 avqust, 13:43

2030-cu ilədək Çinin bütün orta məktəblərində süni intellekt tətbiq ediləcək

19 avqust, 13:22

BANM tələbələri beynəlxalq proqramda 7000 ABŞ dolları mükafat qazanıblar

19 avqust, 13:05

Gəncə və Goranboyda yenilənmiş tam orta məktəblərə qəbul həyata keçirilir

19 avqust, 12:47

Geomaqnit qasırğası gözlənilir

19 avqust, 12:31

Sabahın hava proqnozu açıqlanıb

19 avqust, 12:26

Sertifikatlaşdırmada yüksək nəticə göstərənlər üçün xüsusi təşəbbüs reallaşdırılıb

19 avqust, 12:22

Yataqxanalarla bağlı normalar təsdiq olunub – QƏRAR

19 avqust, 12:13

2025-2026-cı tədris ilində ABŞ-də beynəlxalq tələbə qəbulu azalacaq

19 avqust, 11:55

Oyuncaq sabitlik simvolu olmalıdır

19 avqust, 11:41

BMU ilə Səmərqənd Dövlət Universiteti arasında əməkdaşlıq müzakirə olunub

19 avqust, 11:40

Məktəbəhazırlıq qruplarına 23 mindən çox uşaq qeydiyyatdan keçib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.