Bütün xəbərlər
19 may, 10:24

Tələbələr mala götürüb suvaq vurdular, şirkətlər qiymətləndirdilər

Azərbaycan Memarlıq və İnşaat Universitetinin əsas korpusunun qarşısında qələbəlikdir. Qələbəliyin arasında inşaatçı geyimində olan gənclər fərqlənirlər. “Dashyunu” MMC-nin həmtəsisçisi və direktoru Nuh Həşimov tələbələrə yarış və onun şərtləri barədə məlumat verir. Həmin şərtlərə görə, əvvəlcədən hazırlanmış stendlərdə tələbələr mala çəkmək bacarıqlarını nümayiş etdirəcəklər. Kim tez və səliqəli, keyfiyyətli, möhkəm suvaq vursa, qalib odur. 

Şirkətlər AzMİU-da toplandı

Xatırladaq ki, yarış Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) 5-16 may tarixlərini əhatə edən “Elmdə addımlar: TEC günləri” çərçivəsində reallaşıb. Tələbələrin bilik və bacarıqlarını inkişaf etdirməyə yönəlmiş “Gələcəyin qurucuları” adlı layihənin ilk günü, yəni mayın 13-də sessiyalar, öyrədici, maarifləndirici və praktik yönümlü tədbirlər keçirilib. Gündəlik proqram çərçivəsində “Dashyunu” MMC, “İZOFASAD” MMC, “Penoplex” və “HOLCİM” kimi tikinti sektorunun aparıcı şirkətlərinin nümayəndələri tələbələrlə görüşərək müasir tikinti materialları və texnologiyalar barədə təqdimatlar ediblər.

Həmin gün universitetin həyətində təşkil olunan xüsusi yarışda “Azərbaycan müəllimi” də iştirak edib. 

Aralarında inşaat mühəndisliyi oxumayanlar da var

Tələbələrin üzlərində maraq dolu bir ifadə var. Bütün diqqətləri qarşıda onlara mala çəkməyi göstərən 2 fəhlədədir. “Kim indiyə qədər mala çəkib?” sualının ardınca əllər havaya qalxır. 

Nuh Həşimov sualına aldığı reaksiyadan məmnun görünür. Çünki o qədər çox olmasalar da, qalxan əllər bacarığı ilə fərqlənəcək tələbələr olduğundan xəbər verir. Maraqlıdır ki, mala çəkməyi bacaranlar inşaat ixtisasları üzrə təhsil almırlar. Məsələn, Günay Həsənova ilə tanışlıq zamanı öyrəndik ki, universitetin II kurs tələbəsidir. Neft-qaz mühəndisi olacaq. Bəs malanı harda çəkib? “Buna görə uşaqlığıma borcluyam”, - deyir: “Rayon uşağı olduğumdan istifadə etməyi orada öyrənmişəm. Uşaqlığımdan ev düzəltmək, sement qarışdırmaq hər zaman əyləncəli olub. Hətta oyunlarımın bir parçası idi sement qarışdırıb onunla nəsə tikib-qurmaq”.

Yarış həyəcanını isə iliklərinə qədər hiss edir. Bunu artıq qələbəsinə inamla parıldayan gözlərindən də görmək mümkündür: “Tələbəliyin ən gözəl anı universitetdə təşkil edilən fəaliyyətlərə qoşulmaq, könüllülük hərəkatında iştirakdır. İxtisasım üzrə aldığım təhsillə yanaşı, bu cür fəallıq əlavə inkişaf imkanları yaradır. Bu yolla şirkət rəhbərləri ilə tanış olur, təcrübələnir, universitet həyatımızı daha çox rəngləndiririk”.

Günay deyir ki, universitetdə Tələbə Elmi Cəmiyyətinin təşkil etdiyi yarış fasadlama üzrə tələbələrin bacarıqlarını üzə çıxartmaqla yanaşı, onlar üçün maraqlı, əyləncəli təcrübə olacaq: “Burada hansı materialdan necə istifadə edə biləcəyimizi göstərirlər. Deyilənlərə diqqətlə qulaq asdım və qələbəmə inanıram. Məncə, bizim komanda qalib gələcək”.

Komanda ruhu yüksəkdir: həm öyrənib, həm yarışdılar

Əlində mala ilə öz bacarığını nümayiş etdirməyə çalışan daha bir komandaya yaxınlaşırıq. 

Ceyran Qurbanova, İncəgül Məmmədova, Aydın Əhmədov bir komandada yarışır. Onların komandasına Fəridə Əsədullazadə başçılıq edir. O, “İnşaat mühəndisliyi” ixtisası üzrə III kurs tələbəsidir. Dediyinə görə, ilk dəfə əlinə rayonda mala götürüb suvaq vurub. Bəs yarışda vurduğu mala ürəyincədirmi? 

“Bir az hamarlaşdırmağa ehtiyac olsa da, nəticə yaxşıdır. Əlinə mala almayan insan inşaat mühəndisi ola bilməz. Mən də inşaat mühəndisi olacağam. Bu ixtisasa təsadüfən düşməmişəm. Ali məktəbə qəbul imtahanlarının ixtisas seçimi mərhələsində, sadəcə inşaat mühəndisliyini seçmişdim. Uşaqlıqdan xəyalım idi, yüksək mərtəbəli, böyük binalar tikmək əsas arzumdur. Bu arzuma addım-addım yaxınlaşıram. Universitetdə yaxşı oxuyuram, orta müvəffəqiyyət göstəricim 89-dur, zərbəçiyəm”.

Fəridənin komanda yoldaşı Aydın Əhmədov İnşaat Kollecini fərqlənmə diplomu ilə bitirərək universitetə qəbul olunub: “Su təsərrüfatı və kommunikasiya sistemləri fakültəsində “Kommunikasiya mühəndisliyi” ixtisası üzrə I kursda təhsil alıram. Subbakalavrlar arasında ən yüksək - 96.5 balla universitetə qəbul olunmuşam. Universitet rəhbərliyinin “Fəxri fərman”ını almışam. Ali məktəbi də yüksək nəticə ilə bitirməyi qarşıma məqsəd qoymuşam”.

Aydının dediyinə görə rayonda çox divarları malalayıb: “Usta da olmuşam, usta köməkçisi də.  Mənə həyatda lazım olacaq hər şeyi öyrənməyə çalışıram. Bu gün də öyrənəcəyəm, sonra da qalib olacağıq”.

“Tələbələrin bizim universitetlərlə əməkdaşlığımıza çox böyük ehtiyacları var”

Nuh Həşimov “Azərbaycan müəllimi”nə bildirib ki, məzunu olduğu AzMİU-nun 50 illik yubileyi münasibətilə keçirilən tədbirə həvəslə qatılıb: “Tələbələrin praktiki bacarıqlarının artırılmasına dəstək veririk. Onlara materialdan istifadə qaydasını izah edirik.  Bunun üçün lazım olan materialları təmin etmişik, hər kəsin öz işini təqdim etməsi üçün sərgi stendi yaratmışıq,  quru inşaat qarışıqları istehsal edən “Holcim”, fasad sistemlərinin montajı ilə məşğul olan “İZOFASAD” MMC-ni, “Penoplex”  şirkətlərini də dəvət etmişik”.

Tələbələrə verilən tapşırığa gəlincə: “Onlar stendlərə istilik izolyasiya materialının fasad sistemini işləməlidir. Bunu əvvəlcə özümüz göstərərək izah etdik. Hazırda gördüklərini tətbiq edirlər. Nəticəyə baxıb onların əl qiymətini, tapşırığı yeriə yetirmə sürətini qiymətləndirəcəyik”.

N.Həşimov deyib ki, tələbələr komandalarını quraraq yarışırlar, ona görə də qiymətləndirmədə komandada iş də nəzərə alınacaq.

Qaliblər isə çox şey qazanacaqlar. Bilik və bacarığını nümayiş etdirən tələbələr həm qalib olacaq, həm də yay boyu iştiraçı şirkətlərdə çalışmaq imkanı əldə edəcəklər.

“Universitetlə əməkdaşlıqda maraqlıyıq”, - deyən Nuh Həşimovun sözlərinə görə, AzMİU ilə qarşılıqlı əməkdaşlıqla bağlı memorandum imzalamağa hazırlaşırlar: “Memarlıq və İnşaat Universitetinin məzunu olaraq nəinki istəkliyəm, hətta bunu özümə borc bilirəm”. 

Əməkdaşlığın bünövrəsini isə bu yaxınlarda keçirilən Karyera sərgisi ilə qoyublar: “Əməkdaşlığımızı genişləndiririk və bütün böyük şirkətləri də universitetlərlə əməkdaşlığa dəvət edirəm. Tələbələrin bizim universitetlərlə əməkdaşlığımıza çox böyük ehtiyacları var”.

Bu yarış tələbələrin komanda ruhunu gücləndirib 

Azərbaycan Memarlıq və İnşaat Universitetinin elm və innovasiyalar üzrə prorektoru Nigar Aslanova “Azərbaycan müəllimi”nə bildirib ki, yarışa İnşaat, Su təsərrüfatı və mühəndis kommunikasiya sistemləri fakültələrinin hər fakültədən 20 nəfər olmaqla, 40 tələbəsi qoşulub. Yarışda 8 komanda iştirak edib və hər komanda 5 tələbədən ibarət olub. Komandalar inşaat və izolyasiya sahəsində ixtisaslaşmış şirkət nümayəndələrinin hazırladığı tapşırıqları müəyyən vaxt çərçivəsində yerinə yetirməyə çalışıblar.

Yarış zamanı tələbələr müxtəlif praktik fəaliyyətlərlə məşğul olub, real iş şəraitinə yaxın simulyasiyalar vasitəsilə bacarıqlarını nümayiş etdiriblər. Ən yaxşı nəticə göstərən tələbələrə hədiyyələr təqdim olunub. Bu yarış tələbələrin həm komanda ruhunu gücləndirib, həm də nəzəri biliklərini praktikaya tətbiq etmələri baxımından olduqca faydalı olub”.

Prorektor yarışın ideyasını xaricdən götürdüklərini bildirib: “İkili diplom proqramı həyata keçirdiyimiz İstanbul Texniki Universitetində hər il keçirilən müsabiqədir. İlk dəfə bizim tələbələr bu il İstanbulda bu yarışa qatılıblar. Tələbələrimizlə yanaşı, İstanbul Texniki Universitetinin keçirdiyi müsabiqədə 5 ölkədən tələbələr iştirak edib və həmin beynəlxalq yarışda AzMİU 5-ci yerə layiq görülüb”. 

AzMİU-da başlanğıcı qoyulan bu müsabiqəni universitetlərarası tədbirə çevirməyi düşünürlər.

Təcrübə və motivasiya qazandıran layihə

Mayın 14-də layihə “HOLCİM Academy” nümayəndəsinin təqdimatında keçiriləcək təlimlə davam edib. Təlim zamanı tələbələr sement və tikinti texnologiyalarındakı yeniliklərlə tanış olublar. Ardınca “GEOTEST” MMC-nin təşkil etdiyi sessiyalarda geotexniki araşdırmalar və torpaq mühəndisliyi sahəsində praktik biliklər tələbələrlə paylaşılıb.

Növbəti gün isə İnşaat konstruksiyaları kafedrasının müdiri professor Muxlis Hacıyev tələbələrə təlim keçib, universitetin müasir laboratoriyalarında tələbələrlə birgə sınaqlar aparılıb.

“Gələcəyin qurucuları” layihəsi sənaye və universitet arasında əməkdaşlığın gücləndirilməsi, tələbələrin real iş mühiti ilə tanış olması və gələcək peşəkar inkişaflarına dəstək verilməsi baxımından önəmli təşəbbüsdür. Layihə gənclərə bilik, təcrübə və motivasiya qazandırmaqla onların gələcəyinə dəyərli töhfə verir.

Şərhlər

Xəbər lenti

19 may, 14:25

Fənn olimpiadalarının qəhrəmanları: Cənub məktəblilərinin uğurları 

19 may, 14:19

Naxçıvanda IV sinif şagirdləri üçün ilk dəfə rəqəmsal qiymətləndirmə monitorinqi keçirilib 

19 may, 14:18

Magistratura üzrə ixtisaslaşmaların yeni siyahısı və çərçivə sənədi təsdiqlənib

19 may, 14:11

BANM “Bayraktar Teknoloji Azərbaycan” şirkəti ilə əməkdaşlıq edəcək

19 may, 14:05

STEAM'ool olimpiadasına qeydiyyat başlayıb

19 may, 14:04

ADNSU tələbəsi beynəlxalq layihədə uğur qazanıb

19 may, 14:04

Gənc beyinlərin böyük uğurları – Olimpiada medallarının arxasında dayanan hekayələr

19 may, 13:00

Mübarizin qızları: 4 bacının bir arzusu

19 may, 12:57

AzTU komandası “Bitget Hackaton – Startap” müsabiqəsinin qalibi olub

19 may, 12:56

AzMİU-da tələbələrin rəqəmsal bacarıqlarının artırılması məqsədilə təlim keçirilib

19 may, 12:55

Qazax məktəbliləri bullinqə qarşı fləş-mob keçiriblər

19 may, 12:49

“Süni intellektin təhsildə tətbiqi” mövzusunda vebinar keçirilib

19 may, 12:45

Sabahın hava proqnozu açıqlanıb

19 may, 12:44

Gənclərin tərbiyəsinə dair (valideynlərlə söhbət üçün) – Qəzetin arxivindən

19 may, 12:20

İdmançılarımız Avropa çempionatında böyük uğur qazandılar

19 may, 12:03

“İngilis dilini öyrənmək mənə zövq verir” – Olimpiadada 4 medal qazanan məktəbli

19 may, 11:55

Agentlikdən monitorinqlərlə bağlı AÇIQLAMA

19 may, 11:48

Məktəblilər arasında voleybol üzrə respublika birinciliyi keçirilib

19 may, 11:47

Bağçalara elektron qəbul müvəqqəti dayandırılır

19 may, 11:46

DİM imtahan iştirakçılarına çağırış edib

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.