Bütün xəbərlər
5 may, 16:33

Mayın 3-də Qazax Müəllimlər Seminariyası – ADA Universitetinin Qazax Mərkəzində “Çağdaş təhsildə təşkilatlanma: Yeni nəsil tərbiyəsi” adlı forum keçirilib.

Forum Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının (AGMA) təşkilatçılığı, Gəncə – Daşkəsən Regional Təhsil İdarəsinin tərəfdaşlığı və “Azərbaycan müəllimi” qəzetinin informasiya dəstəyi ilə baş tutub. Tədbirdə Qazax – Tovuz Regional Təhsil İdarəsinin  tabeçiliyində olan təhsil sektorlarının müdirləri və 100-dən çox müəllim iştirak edib.

“Azərbaycan müəllimi” xəbər verir ki, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. 

Forumda yeni nəsil tərbiyəsində müasir yanaşmaların tətbiqi mövzusunda geniş fikir mübadiləsi aparılıb. Çıxış edənlər çağdaş dövrdə tərbiyənin, şəxsiyyət formalaşmasının və pedaqoji missiyanın əhəmiyyəti barədə danışıblar.

Qazax Müəllimlər Seminariyası - ADA Universitetinin Qazax Mərkəzinin əməkdaşı Yeganə Göyüşova bildirib ki, Azərbaycan təhsilinin ən önəmli məqsədlərindən biri savadlı və şəxsiyyətli insanlar yetişdirməkdir. Onun sözlərinə görə, ADA Universitetinin Qazax Mərkəzi də bu məqsədə xidmət edir. Mərkəzdə hazırda magistratura səviyyəsində 3 ixtisas üzrə tədris Azərbaycan dilində aparılır və bu, Qazax Müəllimlər Seminariyasının 100 ildən sonra yenidən təhsil mərkəzi kimi fəaliyyətə başlamasını simvolizə edir.

Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdiri Vüqar Dadaşov isə təhsilin yalnız akademik göstəricilərdən ibarət olmadığını vurğulayıb. O, məktəbin eyni zamanda təlim-tərbiyə ocağı olduğunu qeyd edərək öz peşəkar təcrübəsini nümunə kimi qeyd edib. O, müəllim işlədiyi dövrdə şagirdlərə “Babək və Xürrəmilər hərəkatı” mövzusunu daha dərindən başa salmaq üçün məhkəmə zalında əyani dərs təşkil edib. Bu yanaşma ilə o, təkcə bilik yox, həm də təhlil, dinləmə, əməkdaşlıq və mənbəylə işləmək kimi bacarıqların formalaşmasına nail olub. “Biz məktəbdə təkcə öyrətməməli, həm də tərbiyə etməliyik. Məktəbin əsas missiyası şəxsiyyətli və savadlı insan yetişdirməkdir”, – deyə o əlavə edib.

“Biz tərbiyə prosesini təhsil prosesindən ayıra bilmərik. Burada vəhdət olmalıdır. Biz tədrislə həm də şagirdləri tərbiyələndirib şəxsiyyət kimi yetişdirməliyik”, –  deyən Vüqar Dadaşov insanların şərti olaraq müxtəlif qruplara bölündüyünü deyib: “Məncə, məktəbin ən böyük missiyası budur: şəxsiyyətli və savadlı insanlar  yetişdirmək! Digər qrupa şəxsiyyətsiz və savadsız olanları aid etmək olar. Bunlar cəmiyyətə, el- obaya kiçik ziyanlar verən insanlardır. Bir də savadsız, amma şəxsiyyətli insanlar var. Bunlar da cəmiyyətə lazımlı, xeyirverən müxtəlif peşə sahibləridir. Bir də savadlı, şəxsiyyətsiz insanlar var. Cəmiyyət üçün ən təhlükəli insanlar onlardır. Biz məktəb, müəllim olaraq məqsədimiz savadlı və şəxsiyyətli şagirdlər, vətəndaşlar yetişdirmək olmalıdır”. 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Pərvinə Qədimova da bildirib ki, müəllimlər dərs zamanı yalnız akademik bilik verməklə kifayətlənməməli, mənəvi və vətəndaşlıq dəyərlərinin aşılanmasına da diqqət yetirməlidirlər. O, “Azərbaycan müəllimi” qəzetində fevral ayından başlayan “Çağdaş nəsildə təşkilatlanma: yeni nəsil” rubrikasının bu baxımdan əhəmiyyətini vurğulayıb və müəllimləri öz təlim təcrübələrini bu rubrikada bölüşməyə çağırıb.

“Çox hörmətli aydınlar! Mən sizlərə belə müraciət etmək istəyirəm, hər birinizi salamlayıram. Hər birinizə dərin hörmət və ehtiramımı bildirirəm. Bu gün burada, Firudin bəy Köçərlinin bir əsr öncə yandırdığı, işğının hələ də sönmədiyini və bizim gözümüzə nur, qəlbimizə istilik, yolumuza aydınlıq gətirdiyinin şahidi oluruq”. Bu sözləri isə forumda çıxış edən Milli Məclisin deputatı Mehriban Vəliyeva deyib. O, müəllimləri “hörmətli aydınlar” kimi salamlamaqla, onların cəmiyyətin formalaşmasında rolunu xüsusi vurğulayıb. Millət vəkili Ulu Öndər Heydər Əliyevin “Mən müəllimdən böyük ad tanımıram” fikrini xatırladaraq, müəllim missiyasının dəyişmədiyini bildirib. “Əgər tərbiyə verə bilmirsinizsə, verdiyiniz təhsilin heç bir əhəmiyyəti yoxdur”, – deyə o əlavə edib. 

Deputat bildirib ki, bugünkü Azərbaycan təhsili inkişaf yolundadır. O, Finlandiya təhsil modelindən bəhs edərək XIX əsr filosofu Yohan Vilhelm Snelmanın bu sahədəki töhfələrini qeyd edib və onu Firudin bəy Köçərli ilə müqayisə edib. Qazax Müəllimlər Seminariyasının tarixi və maarifçilik irsindən də söz açan deputat müəllimlərin yalnız bilik verən deyil, həm də milli kimliyi formalaşdıran tərbiyəçilər olduğunu qeyd edib.
“Bu gün birinci vəzifə müəllim – şəxsiyyət formalaşdırandır”, – fikri ilə çıxışını davam etdirən Mehriban Vəliyeva bildirib ki, XXI əsrin çağırışları fonunda müəllim yalnız bilik ötürən deyil, eyni zamanda, dəyərlər aşılayan, vətəndaş yetişdirən və nümunə olan şəxsdir.
“Bu gün birinci vəzifə müəllim-şagird-valideyn üçbucağının düzgün işlənməsidir. Gəlin etiraf edək ki, bu gün  əsas problemlərdən birincisi valideyn - məktəb, valideyn - müəllim etibarıdır. Bunu necə qazanaq? Bu haqda düşünmək lazımdır. Həmçinin müəllimlər şagirdlərdə bilik və bacarıqların, səriştələrin formalaşması və üzə çıxarılması üçün əlindən gələni etməlidirlər”.

Mehriban Vəliyeva sözügedən istiqamətdə görüləcək işlərdən bəhs edib:

“Əziz müəllimlər, siz nüvəsiz - təhsilin nüvəsi! Sizsiz gələcəyin heç bir uğuru yoxdur. Biz qalib xalq olaraq qürur yaşayırıq, bizim zəif tələbələr, şagirdlər yetişdirməyə ixtiyarımız yoxdur. Xalqımız, cəmiyyətimiz güclü xarakterə malik olan  şəxsiyyətlərlə addımlamalıdır. Biz yalnız bu cür müstəqil Azərbaycanı qoruyub inkişaf etdirə bilərik”.

Millət vəkili həmçinin bildirib ki, Qazax Müəllimlər Seminariyasının əsası qoyulan gündən məqsədi yalnız savadlı müəllim yox, həm də vətənə, millətə sədaqətli şəxsiyyətlər yetişdirmək olub. “Bu bina sadəcə fiziki olaraq bərpa olunmayıb. Bu bina ilə birlikdə bizim maarifçilik ruhumuz, pedaqoji kimliyimiz də dirçəlir. İndi bu dəyərləri qorumaq və gələcək nəsillərə ötürmək bizim əlimizdədir”.

ARTİ-nin Təlimin nəzəriyyəsi və metodikası şöbəsinin müdiri Aynur Paşayeva diqqəti milli kimliyin formalaşmasına çəkib: “Təhsil elə bir sahədir ki, atılan hər addım, edilən hər hərəkət millətin gələcəyinə hesablanır. Milli kimlik yolundan təhsilə getməliyik. Bu baxımdan  ana dilinin rolu böyükdür. Dil milli kimliyimizdir”.

Aynur Paşayeva orta məktəb müəllimlərindən  yaxşı şəxsiyyət yetişdirmələrinə diqqət yetirmələrini istəyib.

“Texnologiya əsridir. Bu günkü nəsil fərqlidir. Biz onlara yeni təhsil verməliyik. Çağdaş təhsil bizdən tələb edir ki, daha kreativ və yeniliyə açıq olaq. Dünyaya inteqrasiya etmək üçün yeni təhsildə ADA modelini tətbiq etməyi daha məqsədəuyğun hesab edirəm. Bir beynəlxalq təhsil eksperti deyirdi ki, keyfiyyətli təhsildən yox, keyfiyyətli müəllimdən danışmaq lazımdır. Çünki təhsilin keyfiyyəti müəllimlə ölçülür. Gələcəyimiz sizin əlinizdədir”,- deyərək müasir təhsil sistemlərinin standartlarından bəhs edib. 

Tədbirin rəsmi hissədən sonra başlayan bədii hissəsində müxtəlif təhsil müəssisələrinin şagirdləri mahnılar ifa edib, kompozisiyalarla çıxış ediblər.

Forum panel müzakirə ilə işini davam etdirib. Moderatorluğu AGMA-nın sədr müavini Səltənət Qurbanova aparıb. Panel müzakirəsində spikerlər – Ağstafa rayonu İlqar Salıfov adına Dağ Kəsəmən kənd 2 nömrəli tam orta məktəbin direktoru Vüsal Həsənov, Şəmkir rayonu Seyfəli kənd tam orta məktəbin informatika müəllimi Rəna Heydərzadə və Gədəbəy şəhəri İlham Əliyev adına 1 nömrəli tam orta məktəbin coğrafiya müəllimi Orxan Məmmədov çıxış ediblər. Onlar şagirdlərdə dəyər yönümlü yanaşmaların formalaşdırılması, müəllim nümunəsinin rolu və sosial mühitin təsiri ilə bağlı fikirlərini bölüşüblər.

Forum qarşılıqlı müzakirə və sualların cavablandırılması ilə yekunlaşıb.

Tədbirin sonunda forum iştirakçıları xatirə şəkilləri çəkdiriblər.

1 /9

Şərhlər

Xəbər lenti

5 may, 18:35

Naxçıvanda beynəlxalq elmi-praktik konfrans keçiriləcək

5 may, 17:50

Məktəbəhazırlıq qruplarında fəaliyyətin optimal idarə edilməsi ilk məktəb təliminin səmərəlilik amili kimi

5 may, 17:46

Tarix və coğrafiya fənləri üzrə RFO-nun qalibləri elan edildi

5 may, 17:30

Daşkənd Dövlət Texniki Universitetinin əməkdaşları ADNSU-da olublar

5 may, 17:17

Doktorantlar üçün növbəti seminar keçirilib

5 may, 17:10

Almaniyanın nüfuzlu universitetinin nümayəndələri AzTU-da olublar

5 may, 17:08

Şagird davranış qaydaları – “Çağdaş təhsildə təşkilatlanma”

5 may, 16:49

RFO-nun bu fənlər üzrə qalibləri açıqlandı

5 may, 16:38

ADNSU bp şirkəti və Britaniya institutu ilə əməkdaşlıq edəcək

5 may, 16:37

AzTU müəlliminin mentoru olduğu komanda robot olimpiadasının finalına vəsiqə qazanıb

5 may, 16:32

Qeyri-formal təhsil xidmətləri üzrə yeni dövlət standartı qəbul edilib

5 may, 16:28

AzMİU-da məktəblilər üçün “Açıq qapı” günü keçirilib

5 may, 16:26

Almaniyanın Max Planck İnstitutunun doktorantı təcrübəsini tələbələrlə bölüşüb

5 may, 16:20

Rezidenturaya qəbul imtahan nəticələri açıqlanıb

5 may, 14:56

Hava şəraiti ilə bağlı xəbərdarlıq edilib

5 may, 14:45

Qarabağ Universitetinin nümayəndə heyəti Ağdam Sənaye Parkına səfər edib

5 may, 14:45

Medaldan kolleksiya toplayanlar – Gələcəyin riyaziyyatçılarının uğur hekayələri

5 may, 14:27

“TikTok”da müəllimlər üçün müsabiqə elan edildi

5 may, 13:54

“Rəqəmsal Bacarıqlar” təmayül siniflərə qeydiyyat davam edir

Digər xəbərlər

Digər xəbərlər tapılmadı

Search not found

Qəzetimizə abunəlik

"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun

2025 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.