· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Xaricdə təhsil üzrə Dövlət Proqramının icra vəziyyəti müzakirə olundu

İyulun 12-də Təhsil Nazirliyində "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrası ilə bağlı təqdimat keçirilib. Təhsil Nazirliyinin şöbə müdirlərinin, bir sıra ölkələrin tərəfdaş qurumlarının nümayəndələrinin və KİV əməkdaşlarının iştirak etdikləri tədbirdə təhsil naziri Misir Mərdanov təqdimatın sözügedən Dövlət Proqramının bu günlərdə işə düşmüş icra mexanizmi haqqında KİV-ə və ölkə  ictimaiyyətinə məlumat vermək məqsədi daşıdığını bildirdi.

 Nazir qeyd etdi ki, Azərbaycan Respublikasının Nazirlər Kabineti bu il iyunun 3-də Dövlət Proqramının icrasını təmin etmək məqsədi ilə "Xarici ölkələrdə təhsil alacaq Azərbaycan gənclərinin seçim qaydaları"nı təsdiq edib. Eyni zamanda  hökumətin xüsusi sərəncamı ilə "Azərbaycan gənclərinin xaricdə təhsil almaları məqsədi ilə seçilmiş ali təhsil müəssisələrinin siyahısı" və "Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və  proqramların siyahısı" təsdiq olunub. Dövlət Proqramının icra mexanizmini təşkil edən həmin sənədlər proqram üzrə hansı ölkələrin universitetlərində və nə kimi ixtisaslar üzrə kadrların hazırlanacağı barədə suala aydın cavab verir. Sənədlərdən məlum olur ki, bu məqsədlə bakalavr pilləsi üzrə 24, magistratura və doktorantura pillələri üzrə isə 25 xarici ölkə müəyyənləşdirilmiş, hər ölkə üzrə ən nüfuzlu ali məktəblər seçilərək siyahıya daxil edilmişdir. Gənclərin əsasən Azərbaycanda kifayət qədər hazırlanması mümkün olmayan ixtisaslar üzrə təhsil almağa göndərilməsi nəzərdə tutulub. İxtisasların siyahısında sənaye, kənd təsərrüfatı, nəqliyyat, tikinti, təhsil, tibb, mədəniyyət, hüquq və s. sahələri əhatə edən ixtisaslar vardır.

Təhsil naziri seçim qaydaları və prosedurları haqqında iclas iştirakçılarına məlumat verərək bildirdi ki, bakalavr pilləsi üzrə xarici ölkələrdə təhsil almağa gedənlərin ali məktəblərə qəbul imtahanlarında texniki sahələr üzrə 550, digər sahələr üzrə isə ən azı 600 bal toplayanlar sırasından seçilməsi nəzərdə tutulur. Seçilmiş təqaüdçü ilə Təhsil Nazirliyi arasında müvafiq müqavilə imzalanır ki, həmin müqaviləyə əsasən də xarici ölkədə təhsil alan gənclər təhsillərini başa vurduqdan sonra Vətənə qayıdıb 5 il ərzində təyinatı üzrə müvafiq sahələrdə işləmək öhdəliyini daşıyırlar.

Proqram çərçivəsində 8 il ərzində 5 min azərbaycanlı gəncin xaricdə təhsil alacağını vurğulayan nazir ötən il artıq 100 nəfər gəncin xarici ölkələrin ali məktəblərinə göndərildiyini söylədi.

çıxışında Azərbaycandan kənarda təhsil almağın tarixinə toxunan Misir Mərdanov bu sahədə  dövlət səviyyəsində ilk təşəbbüsün 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti dövründə göstərildiyini, lakin böyük uğurların ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlı olduğunu, məhz onun Azərbaycana rəhbərlik etdiyi ötən əsrin 70-80-ci illərində hər il xaricə oxumağa 1000 nəfərdən çox gəncin göndərildiyini, bu ənənənin hazırda möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirdi.

Tədbirdə Təhsil Nazirliyi Xarici əlaqələr, informasiya və koordinasiya şöbəsinin müdiri Qulu Novruzov "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı"nın icrasına dair" təqdimat etdi. çıxışında Dövlət Proqramının yaranma zərurəti, onun hazırlanması və təsdiqi ilə bağlı Prezident İlham Əliyevin sərəncamları, Dövlət  Proqramının strukturu, məqsəd və vəzifələri, onun icrası istiqamətində atılmış addımlar haqqında geniş məlumat verən Q.Novruzov Dövlət Proqramının səmərəli həyata keçirilməsi məqsədilə Təhsil Nazirliyinin müxtəlif ölkələrin tərəfdaş qurumları, yaxud birbaşa ali məktəbləri ilə əməkdaşlıq etməsinin nəzərdə tutulduğunu bildirdi. Qeyd etdi ki, artıq bu proqrama əsasən, tələbələrin müvafiq ölkələrə göndərilməsi məqsədilə Fransanın "Knous", Almaniyanın Alman Akademik Mübadilə Xidməti (DAAD) təşkilatları və ABŞ Departamentinin "Fulbrayt" Proqramı ilə əməkdaşlığın hüquqi bazası yaradılıb.

"Knous" təşkilatı ilə imzalanmış saziş çərçivəsində ötən il 13 azərbaycanlı gənc Fransanın müxtəlif universitetlərində təhsil almağa göndərilib.

DAAD təşkilatı ilə cari ilin iyununda Təhsil Nazirliyinin imzaladığı saziş çərçivəsində Almaniyadan gəlmiş ekspertlərlə birgə bu ölkədə təhsil almağa göndəriləcək 12 namizəd (o cümlədən 6-sı tibb sahəsi üzrə) müəyyən olunub. Həmin namizədlər yaxın vaxtlarda Almaniyaya göndəriləcəkdir.

Təqdimatda vurğulandı ki, Dövlət Proqramının icrası xaricdə təhsil almağa göndərilən gənclərin seçilməsi mexanizminin, prioritet istiqamətlər üzrə xaricə tələbə göndərilməsi işinin təkmilləşdirilməsinə, ölkəmizdə beynəlxalq standartlar səviyyəsində mütəxəssislərin hazırlanması üçün pedaqoji kadrların yetişməsinə, eləcə də ölkədən kənarda təhsil alan gənclərin məlumat-informasiya bazasının hazırlanmasına imkan yaradacaq.

 

Yusif ƏLİYEV  

 

 

 

Təhsil Nazirliyində müşavirə

İyulun 14-də Təhsil Nazirliyində müşavirə keçirilib.

Müşavirədə bir sıra həlli vacib məsələlər və prioritet istiqamətlərlə bağlı müzakirələr aparılıb.

Təhsil naziri Misir Mərdanov 2008-2009-cu tədris ilində həyata keçirilməsi nəzərdə tutulan tədbirlərdən danışaraq işə məsuliyyətlə yanaşılmasının vacibliyini bildirib.

Sonra Misir Mərdanov bu ilin sentyabrında keçiriləcək Azərbaycan müəllimlərinin  XIII qurultayına hazırlıq işlərinin aparılmasının ən vacib məsələ olduğunu diqqətə çatdırıb, nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə bu istiqamətdə lazımi işlərin həyata keçirilməsi məqsədilə tapşırıqlar verib, eləcə də bununla əlaqədar Təşkilat Komitəsinin yaradılması qərara alınıb.

Müşavirədə yaxın günlərdə nəşri nəzərdə tutulan "Azərbaycanın təhsil tarixi" kitabı üzrə işin yekunlaşdırılması,  orta ümumtəhsil məktəblərində xarici dillərin tədrisində mövcud olan problemlərin aradan qaldırılması, məktəblərin müasir avadanlıqlara malik fizika və kimya üzrə laboratoriyalarla təchiz olunması, dərsliklərlə təminat və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb, aidiyyəti şəxslərə müvafiq göstərişlər verilib.

 

 

 

Təhsil naziri İordaniya Krallığının ölkəmizdəki səfiri ilə görüşüb

İyulun 16-da təhsil naziri Misir Mərdanov İordaniya Krallığının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Adel Adailehlə görüşüb.

Qonağı Təhsil Nazirliyində görməkdən məmnunluq duyduğunu ifadə edən Misir Mərdanov öncə Azərbaycanla İordaniya arasında mövcud olan əlaqələrin son illər daha da inkişaf etdiyini qeyd edib. Nazir İordaniya ilə təhsil əlaqələrinin genişləndirilməsində ölkəmizin maraqlı olduğunu açıqlayıb, habelə cari ilin əvvəlində Bakıda səfərdə olan iordaniyalı qonaqlarla keçirilən səmərəli görüş barədə məlumat verib.

Görüşdə həmçinin İordaniyanın orta məktəblərində İKT-nin tətbiqi üzrə təcrübənin öyrənilməsi, iki ölkə arasında "Qardaşlaşmış məktəblər" layihəsinin reallaşdırılması, müəllim, tələbə və şagird mübadiləsinin, birgə elmi-tədqiqatların aparılması, ali və peşə təhsili sahəsi üzrə əlaqələrin genişləndirilməsi, Bakının bir orta məktəbində ərəb dilinin tədrisi və digər məsələlər müzakirə edilib.

Misir Mərdanov Azərbaycan - İordaniya təhsil əlaqələrinin daha da inkişaf etdirilməsi məqsədilə ölkələrimiz arasında müvafiq sazişin imzalanması təklifini irəli sürüb. Eyni zamanda nazir səfirə gələcək işlərində uğurlar arzu edib.

Cənab Adel Adaileh səmimi qəbul üçün təhsil naziri Misir Mərdanova təşəkkür edərək İordaniya - Azərbaycan əlaqələrinin yüksək sürətlə inkişaf etdiyini vurğulayıb. Aparılan islahatlar nəticəsində İordaniyada Yaxın Şərqdə nümunəvi təhsil sistemi yaradıldığını diqqətə çatdıran səfir həmçinin nazirin qeyd etdiyi məsələlərə dəstək göstərməyə hazır olduğunu söyləyib.

Səmimi şəraitdə keçən görüşdə qarşılıqlı səfərlərin təşkili məsələlərindən də bəhs olunub.