· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Bu il texniki peşə təhsili sahəsində bir sıra mühüm işlər həyata keçiriləcək

Təhsil Nazirliyindən aldığımız məlumata görə, son illər diqqətin artdığı, prioritet sahəyə çevrilmiş texniki peşə təhsilinin daha da inkişafı üçün cari ildə bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Görüləcək həmin tədbirlər nəticəsində peşə liseyləri və peşə məktəblərinin 5 günlük iş həftəsinə keçməsi təmin olunacaq. Bununla əlaqədar iş rejimi və nümunəvi tədris planları hazırlanacaq.

 

YUNESKO ilə birlikdə peşə təhsili sahəsində mehmanxana xidməti, turizm, informasiya və kommunikasiya texnologiyası və ingilis dili üzrə müasir tələblərə cavab verəcək yeni kurrikulumların və dərs vəsaitlərinin hazırlanması, texniki peşə təhsili üzrə kadrların ixtisasartırma və təlim resurs mərkəzinin yaradılması, peşə ixtisas klassifikatorunun layihəsinin hazırlanması nəzərdə tutulub. Bu il habelə Böyük Britaniyanın "LJ Create" şirkəti, Pritish Council və Təhsil Nazirliyi birlikdə "Peşə təhsilinin müasir problemləri və beynəlxalq təcrübə" mövzusunda konfrans keçirəcəklər. İl ərzində görüləcək işlər və həyata keçiriləcək tədbirlər sırasında Qəbələ Turizm və Otelçilik üzrə Peşə Mərkəzinin açılışı, İsmayıllıda Turizm və Otelçilik üzrə peşə məktəbinin yenidən qurulmasına başlamaq, həmin sahələr üzrə yeni təhsil standartlarını hazırlamaq, texniki peşə təhsili barədə  ölkə üzrə informativ və analitik məlumatları əks etdirən məlumat bazasının yaradılması, İnternet saytının hazırlanması, "Yeni iqtisadi şəraitdə peşə tədris müəssisələrinin idarə edilməsi" mövzusunda seminarın keçirilməsi də yer alıb.

Cari ildə texniki peşə təhsili müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi də diqqət mərkəzində olacaq. İl ərzində 9 məktəbin əsaslı təmiri və avadanlıqla təchizi nəzərdə tutulub. Bununla yanaşı, Avstriyanın "Hilfsverk Austria" təşkilatının dəstəyi ilə Biləsuvar rayonu 8 nömrəli qaçqın şəhərciyində məskunlaşmış Cəbrayıl rayonundan olan məcburi köçkün vətəndaşlar üçün kənd təsərrüfatı istiqaməti üzrə peşə məktəbinin açılması da planlaşdırılıb.

 

Y.ƏLİYEV

 

 

 

Bakıda "Azərbaycan sivilizasiyaların qovuşuğunda" beynəlxalq yay seminarı keçirilir

AzərTAc xəbər verir ki, Bakıda "Azərbaycan sivilizasiyaların qovuşuğunda" mövzusunda yay seminarı işə başlamışdır. Heydər Əliyev Fondunun Moskva nümayəndəliyi və İslam Konfransı Təşkilatı Gənclər Forumunun (İKT GF) mədəniyyətlərarası və sivilizasiyalararası dialoq məsələləri üzrə baş əlaqələndiricisi Leyla Əliyevanın təşəbbüsü ilə təşkil olunmuş bu seminar Rusiyanın aparıcı ali məktəbləri tələbə hərəkatlarının fəalları üçün Azərbaycan Gənclər və İdman Nazirliyinin və İKT-nin "Dialoq və əməkdaşlıq naminə" Gənclər Forumunun dəstəyi ilə keçirilir.

MDBMİ, MDU və Rusiyanın başqa ali məktəblərinin RF Azərbaycan Gənclər Təşkilatının dəvəti ilə Bakıya gəlmiş tələbələr ölkəmizə, Azərbaycanın tarixi və mədəni irsinin beşiyi olan Qarabağın tarixinə, Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə həsr olunmuş mühazirələr dinləyəcəklər. Bundan əlavə, "Azərbaycan tolerantlıq ünvanıdır" mövzusunda mühazirələr çərçivəsində iştirakçılar ötən ilin payızında Bakıda təsis edilmiş "Gənclər sivilizasiyaların alyansı uğrunda" hərəkatının proqramı ilə tanış olacaqlar.

Seminarın sessiyalarından biri Leyla Əliyevanın "Xocalıya ədalət: Qarabağa azadlıq" beynəlxalq təşəbbüsünün təqdimatına həsr olunacaqdır. Bu təşəbbüs İKT GF-nin İKT xarici işlər nazirləri konfransı tərəfindən bəyənilmiş layihəsidir.

Mühazirələri tarix, beynəlxalq münasibətlər sahəsində mütəxəssislər, Azərbaycanın aparıcı diplomatları və beynəlxalq ekspertlər oxuyacaqlar.

Yay seminarının proqramı çərçivəsində iştirakçılar gənclər və idman naziri Azad Rəhimovla, Diplomatik Akademiyanın rektoru Hafiz Paşayevlə, Azərbaycanın dövlət orqanları və gənclər qeyri-hökumət təşkilatlarının nümayəndələri ilə görüşlər keçirəcək, ölkəmizin görməli yerləri ilə tanış olacaqlar.

 

 

 

   

 

Dövlət Proqramı çərçivəsində xarici ölkələrdə 81 gənc təhsil alır

Təhsil Nazirliyindən aldığımız məlumata görə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 aprel 2007-ci il tarixli sərəncamı ilə təsdiq olunmuş "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində hazırda 81 nəfər azərbaycanlı gənc xarici ölkələrin nüfuzlu ali məktəblərində təhsil alır. Proqram təqaüdçülərinin coğrafiyası hələlik dünyanın 15 ölkəsini və 45 ali məktəbini əhatə edir. Gənclərdən 20-si Rusiyanın, 13-ü Fransanın, 10-u Türkiyənin, 8-i Böyük Britaniyanın, 7-i ABŞ-ın, 5-i Cənubi Koreyanın, 5-i Almaniyanın, 4-ü Niderlandın ali məktəblərini seçmişdir. Uzaq Avstraliyada (2 nəfər), İsveçdə (2 nəfər), Yeni Zelandiya, İsveçrə, İspaniya və Yaponiyada (hər ölkədə 1 nəfər) da proqram üzrə təqaüdçülər müxtəlif ixtisaslara yiyələnirlər. Bu il proqram çərçivəsində daha 200 gəncin xarici ölkələrin ali məktəblərinə təhsilin müxtəlif pillələri üzrə oxumağa göndərilməsi nəzərdə tutulub.

Y.ƏLİYEV

 

 

 

Gənclər xaricdə tibb və iqtisadiyyat üzrə təhsil almağa üstünlük verirlər

Azərbaycan Respublikasının Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan gənclərinin xaricdə təhsil almaları üzrə prioritet sahə, ixtisas və proqramların siyahısı"nda təhsilin müxtəlif pillələri üzrə sənaye, kənd təsərrüfatı, tibb, mədəniyyət, hüquq, xidmət, dövlət idarəetməsi, sosial elmlər, təbiət ixtisasları kimi sahə və ixtisaslar yer alıb.

Seçim imkanı çox olsa da, xaricdə təhsil almağa gedən gənclərimiz əsasən tibb və iqtisadiyyat sahələrinə üstünlük verirlər. Belə ki, hazırda xarici ölkələrin müxtəlif ali məktəblərində oxuyan 81 proqram təqaüdçüsünün 32 faizi tibb, 30 faizi isə iqtisadiyyat sahələrini seçib. Sənaye və İKT sahələrinə gedənlər hər sahə üzrə 10 faiz olmaqla 20 faiz, elmi seçənlər 8 faiz, incəsənət sahəsində oxuyanlar 4 faiz, hüquq ixtisaslarına yiyələnmək istəyənlər isə 3 faizdir. Təqaüdçülərin qalan 3 faizi digər ixtisasları seçib.

 

 

 

 

İyulun 20-də ali məktəblərə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcək

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından aldığımız məlumata görə, (TQDK) iyulun 20-də 2008-2009-cu tədris ili üçün Azərbaycan Respublikası ali məktəblərinə və orta təhsil bazasından (11 illik) orta ixtisas təhsili müəssisələrinə IV ixtisas qrupu üzrə qəbul imtahanı keçiriləcəkdir.

Xatırladaq ki, III ixtisas qrupu üzrə iyunun 29-da, I ixtisas qrupu üzrə iyulun 8-də, II ixtisas qrupu üzrə isə iyulun 14-də qəbul imtahanları keçirilmişdir.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından bildirmişlər ki, qəbul imtahanı verən və orta ixtisas məktəbinə daxil olmaq istəyən abituriyentlər ali məktəblərə yerləşdirmənin nəticələri elan olunduqdan sonra TQDK tərəfindən müəyyən ediləcək vaxtda elektron ərizələrinə daxil olub, orta ixtisas təhsili müəssisələrinin ixtisaslarını seçə bilərlər. Həmin ixtisasların siyahısı "Abituriyent" jurnalında dərc ediləcəkdir.

 

 

 

 

Lənkəran rayonunun Havzova kəndində yeni məktəb binası inşa edilir

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında nəzərdə tutulan tədbirlərə müvafiq olaraq, Lənkəran rayonunun Havzova kəndində 192 şagird yerlik yeni məktəb binası tikilir.

Yeni təhsil müəssisəsinin tikintisində 40 nəfər yerli inşaatçı çalışır.

Binanın avqustda istifadəyə verilməsi nəzərdə tutulmuşdur.

AzərTAc

  

 

 

Elektron kitab mübadiləsi təmin olunur

Mirzə Fətəli Axundov adına  respublika kitabxanasında kitabların İnternetlə sifariş edilməsi gerçəkləşdirilib. Sifarişçi kitabxanaya gəlmədən öz sifarişini kitabxananın elektron ünvanına göndərə bilər. Bir saat ərzində o, fondda həmin kitabın olub-olmadığı haqqında cavab alır. Bu cür xidmət sistemi oxucuya operativ informasiya təqdim etmək və vaxta qənaət etmək üçün çox əlverişlidir. Belə metod Amerika avtomatlaşdırılmış sistemidir və dünyanın bir çox böyük kitabxanalarında tətbiq edilir.

2008-ci ilin əvvəlindən başlayaraq kitabxanada büdcədənkənar fond fəaliyyət göstərir. Bu ilin oktyabrında dövlət səviyyəsində kitabxana öz 85 illik yubileyini qeyd etməyə hazırlaşır. Həmin gün kitabxanaların avtomatlaşdırılması haqqında beynəlxalq konfrans keçirilməsi nəzərdə tutulur. Kitabxana dünyanın 50-yə yaxın kitabxanası ilə kitab mübadiləsi üzrə müqavilə imzalayıb, 2005-ci ildən Avropanın Milli Kitabxanalar Konfederasiyasının üzvüdür. ötən il bu təşkilatın xətti ilə keçirilmiş konfransda elektron kataloq və elektron kitabxana məsələləri  müzakirə edilmişdir. Həmin vaxtdan Azərbaycan oxucularının 48 ölkənin mərkəzi kitabxanalarının elektron bazasından istifadə edə bilmələri üçün razılıq əldə edilmişdir.

 

Lamiyə ƏLİYEVA

 

 

 

"Könül" rəqs qrupu Türkiyədə keçiriləcək festivala dəvət alıb

Paytaxtdakı 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzinin "Könül" rəqs qrupu bu günlərdə Türkiyədə keçiriləcək "Dədə Qorqud" festivalına dəvət alıb. İyulun 15-də rəqs qrupunun üzvləri artıq qardaş ölkəyə yola düşüblər. Onlar Musiqili Komediya Teatrı ilə birlikdə Bayvurd şəhərində keçiriləcək festivalda iştirak edəcəklər. 5 gün davam edəcək tədbirdə "Könül" rəqs qrupunun xüsusi proqramla bir neçə çıxışı nəzərdə tutulub.

 

Y.ƏLİYEV

 

 

 

 

 

 

Yaradıcılıq mərkəzinin fəalları İsmayıllıda olublar

Uşaqların asudə vaxtının səmərəli təşkili yay dövründə məktəbdənkənar müəssisələrin əsas qayğılarındandır. Paytaxtımızın Nərimanov  rayonunda yerləşən 21 nömrəli Uşaq Yaradıcılıq Mərkəzində də bu məsələ həmişə diqqət mərkəzində saxlanılır, uşaqların və pedaqoji işçilərin istirahətlərinin mənalı keçməsi ücün tez-tez Azərbaycanın görməli yerlərinə gəzintilər, ekskursiyalar təşkil olunur. Mərkəzin uşaqlardan və pedaqoji işçilərdən ibarət bir qrup fəalı bu günlərdə İsmayıllı  rayonuna ekskursiyaya getmişdir. 25 uşaq və 15 pedaqoji işçidən ibarət qrup rayonun görməli yerlərini gəzmiş, tarixi abidələri ilə tanış olmuş, Xanəgah istirahət zonasında təbiətin qoynunda dincəlmişdir.