· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

Azərbaycan Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2008-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş geniş iclası keçirilib

Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanovun çıxışı

 

-Zati-aliləri, möhtərəm cənab Prezident!

Hörmətli müşavirə iştirakçıları!

ölkəmizin 400 minə yaxın təhsil işçisi, hörmətli cənab Prezident, Sizin rəhbərliyinizlə ötən dərs ilini uğurla başa vuraraq növbəti - daha məsul tədris ilinin ərəfəsindədir. 2008-2009-cu tədris ilinə 1 milyon 800 min təhsilalan, o cümlədən 1,5 milyon şagird, 200 min tələbə, 100 min uşaqla başlayan təhsil sistemi üzərinə düşən şərəfli missiyanı uğurla davam etdirmək əzmindədir.

Hörmətli cənab Prezident, icazə verin, son illərdə təhsil sahəsində əldə olunmuş uğurlardan bəzilərini, həyata keçirilən proqramların nəticələrini, bu gün mövcud olan problemləri və növbəti dərs ilində onların həlli ilə bağlı nəzərdə tutulan addımları yüksək diqqətinizə təqdim edim. Şübhəsiz, son illərin ən uğurlu nəticəsi bir növbədə 300 min şagird yerlik 1360 yeni məktəb binasının tikilməsi, 300-dək məktəbin əsaslı təmir edilməsidir. Yalnız cari ildə 161 yeni məktəb binası və əlavə korpuslar tikiləcək, 129 məktəb əsaslı təmir olunacaqdır. Beləliklə, son illərdə yeni tikilmiş və əsaslı təmir edilmiş məktəblərin sayı 1600-ü ötəcək, ümumilikdə 700 mindən çox şagird, yəni bütün şagirdlərin 50 faizindən çoxu müasir tələblərə cavab verən məktəblərdə təhsil almaq imkanı əldə edəcəkdir. Bütün bunlar yerli və beynəlxalq ekspertlər tərəfindən Azərbaycanın təhsil tarixində yaddaqalan hadisə kimi qiymətləndirilir.

ümummilli lider Heydər Əliyevin adını daşıyan Fondun məktəblərin infrastrukturunun yeniləşdirilməsi və təhsilin inkişafı sahəsində xidmətlərini xüsusi qeyd etmək istəyirəm. Fondun təşəbbüsü ilə son illərdə 184 yeni məktəb binası tikilmiş, 37 məktəb əsaslı təmir olunmuş, müasir avadanlıqla təmin edilmişdir.

ötən dərs ilinin sonunda Bakı Dövlət Universiteti, Azərbaycan Tibb Universiteti üçün yeni korpusların inşasına, Bakı Musiqi Akademiyası və bir sıra universitetlərin əsaslı təmirinə, qəzalı məktəblərin bərpasına Prezidentin Ehtiyat Fondundan 34 milyon manat vəsaitin ayrılması da Prezident qayğısının bariz nümunəsidir.

Məhz bu siyasətin nəticəsidir ki, son illərdə təhsil sektorunun maliyyələşməsi dinamik inkişaf etmiş, təhsilə ayrılan büdcə 2008-ci ildə 47 faiz, investisiya xərcləri isə 2 dəfədən çox artmışdır.

Hörmətli cənab Prezident, onu da diqqətinizə çatdırım ki, məktəblərin avadanlıqla təminatı sahəsində də əhəmiyyətli nailiyyətlər əldə edilmiş, yeni tikilən və əsaslı təmir edilən bütün məktəblər müasir avadanlıqla təmin olunmuşdur. Bundan əlavə, son 3 ildə daha 325 məktəb, o cümlədən Bakı şəhərində 200 məktəb müasir avadanlıqla təchiz edilmişdir. Cari ildə 150 məktəbə yeni avadanlıq verilməsi də nəzərdə tutulmuşdur.

Ən uğurlu nəticələrdən biri də təhsil müəssisələrinin müasir İKT avadanlığı ilə təminatıdır. Sizin təsdiq etdiyiniz Proqramın həyata keçirilməsi nəticəsində, cənab Prezident, bu gün ümumtəhsil məktəblərinin V-XI sinif şagirdlərinin hər 29 nəfərinə bir kompüter düşür, halbuki 4 il bundan əvvəl bu nisbət 1047 şagirdə bir kompüter idi. Bu istiqamətdə həyata keçirilən mühüm tədbirlərdən biri də ölkəmizin təhsil tarixində ilk dəfə olaraq elektron tədris resurslarının hazırlanıb məktəblərə çatdırılması, bir neçə məktəbdə elektron məktəb layihəsinə başlanılmasıdır. Eyni zamanda dünyanın İKT sahəsində tanınmış şirkətləri ilə birgə layihələr üzrə səmərəli əməkdaşlıq edilmiş, 20 mindən çox müəllim və məktəb rəhbərləri treninqdən keçirilərək müvafiq bacarıqlara yiyələnmişlər.

Cənab Prezident, biz yaxşı başa düşürük ki, məktəblərə avadanlıq verilməsi bu vacib işin yalnız başlanğıcıdır. Əsas məsələ bütün müəllimlərin, təhsil işçilərinin bu avadanlıqdan bacarıqla istifadə etmələrinə nail olmaqdan ibarətdir.

Cari ilin iyun ayında təsdiq etdiyiniz Dövlət Proqramı bu istiqamətdə atılmış mühüm addım olmaqla təhsil sahəsində İKT-nin tətbiqi üzrə yeni, daha yüksək və həlledici bir mərhələnin başlanğıcı olmuşdur. Cari ildə Proqram çərçivəsində 200 məktəbin genişzolaqlı sürətli İnternetlə təmin olunması, DATA mərkəzinin, elektron tədris resursları bazasının, vahid təhsil portalının yaradılması və digər məsələlər də nəzərdə tutulmuşdur.

Ciddi problemlərdən biri də ümumtəhsil məktəblərinin istilik sisteminin təmiri və bərpası idi. Yeni tikilən və əsaslı təmir olunan məktəblərdə müasir istilik sistemi qurulmaqla yanaşı, Sizin tapşırığınıza əsasən Bakı şəhərində 250 məktəbin istilik sistemi təmir və bərpa olunmuşdur. Cari ildə isə Bakı, Sumqayıt şəhərlərində və respublikanın digər şəhər və rayonlarında daha 332 məktəbin istilik sisteminin əsaslı təmiri başa çatdırılacaqdır. Bütün bunlar, cənab Prezident, "Uşaqlar yaxşı məktəblərdə oxumalı, müəllimlər də yaxşı məktəblərdə işləməlidirlər" tələbinizin real nəticələrindən biridir.

Başqa bir məsələni də qeyd etmək istəyirərm. Uzun illər ən ciddi problemli sahə olan məktəbəqədər təhsilin inkişafı istiqamətində tərəfinizdən təsdiq olunmuş Proqram çərçivəsində ciddi addımlar atılmışdır. ötən il Bakı şəhərində son 20 ildə ilk dəfə olaraq 11 müasir tipli yeni uşaq bağçası tikilib istifadəyə verilmiş, cari ildə isə 21 uşaq bağçasının əsaslı təmirinin başa çatdırılması nəzərdə tutulur.

ümumtəhsil məktəblərinin pedaqoji kadrlarla təminatı Proqramına əsasən 2005-2008-ci illərdə ciddi ehtiyac olan ucqar kənd məktəblərinə göndərilən müəllimlərin sayı 4800 nəfərə çatıbdır və növbəti ildə 1308 müəllimin ucqar kənd məktəblərinə göndərilməsi nəzərdə tutulur.

Həm məzmun, həm də poliqrafiya cəhətdən müasir tələblərə cavab verən yeni nəsil dərsliklərin hazırlanması və bütün şagirdlərə pulsuz çatdırılması, bizim fikrimizcə, son illərin ən uğurlu nəticələrindən biridir. Cari ildə 102 adda 4 milyon nüsxədən çox dərslik və müəllim üçün dərs vəsaiti çap olunur və məktəblərə çatdırılacaqdır. Dərsliklərlə yanaşı, 2007-ci ildə 19 adda 351 min 595 nüsxə xəritə çap edilərək məktəblərə çatdırılmışdır. Cənab Prezident, məktəblərin latın qrafikası ilə çap olunmuş dərsliklər, dərs vəsaitləri, əlavə oxu materialları ilə təminatı problemi artıq ölkəmizdə öz həllini tapmışdır.

Sovet dövründən sonra ilk dəfə olaraq Heydər Əliyev Fondu Təhsil Nazirliyi ilə birlikdə bu il ayrı-ayrı fənlər üzrə 140 adda 1 milyon 400 min nüsxə əyani tədris vəsaitləri hazırlamışdır və yeni dərs ili başlanana qədər bu vəsaitlər məktəblərə çatdırılacaqdır.

İnkişaf etmiş ölkələrin təcrübəsi öyrənilməklə ötən il ümumi təhsil sistemində yeni tədris proqramının hökumət tərəfindən təsdiq olunması bizim təhsil tariximizdə atılmış ən mühüm addımlardan biri hesab olunur. Həmin proqram növbəti dərs ilindən ölkənin bütün məktəblərinin I siniflərindən tətbiq olunacaqdır. Bununla əlaqədar I siniflərdə dərs deyəcək 9 minədək müəllim müvafiq treninq kurslarından keçmişdir. Bu proqramın tətbiqindən əsas məqsədimiz keçmişdə mövcud olan, daha çox yaddaşa, hafizəyə əsaslanan təhsil modelindən tədricən imtina olunmasından, birbaşa təhsilalanların inkişafına, onlarda həyati və tətbiqi bacarıqların formalaşmasına yönəlmiş yeni təhsil modelinə keçilməsindən ibarətdir.

Eyni zamanda bu proqramın həyata keçirilməsi təhsildə həlledici rolu olan müəllimlərin də qarşısında yeni vəzifələr qoyur. Əvvəlki illərdən fərqli olaraq, müasir dövrdə müəllim daha çox əldə edilmiş biliklərin həyati bacarıqlara çevrilməsində bələdçi, istiqamətverici kimi qəbul olunur. İndi əsl müəllim o şəxslərə deyirlər ki, öz biliyi, bacarığı, davranışı, müasir təlim texnologiyalarına yiyələnməsi, vətənpərvərliyi  ilə  fərqlənsin,  gənclər  onların  yanına  həvəslə  öyrənməyə getsinlər.

ümumi orta təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, cari ildə ali məktəblərə qəbul imtahanlarında məzunların nəticələri ötən ilə nisbətən xeyli yüksəlmişdir. İlkin təhlillərə əsasən, cənab Prezident, 2008-ci ildə 600-dən çox bal toplayanların sayı ötən illə nisbətdə 500 nəfərdən çox artmışdır. Əgər ötən il 1100 nəfər idisə, bu il 1582 nəfər olmuşdur. Minimal keçid balı isə ötən il 200 bal olub, bu il 300 bala yüksəlmişdir.

ötən dərs ilinin ən yaddaqalan hadisələrindən biri də "Ən yaxşı ümumtəhsil məktəbi" və "Ən yaxşı müəllim" mükafatlarının təsis edilməsi haqqında imzaladığınız sərəncam olmuşdur. Bu sərəncam məktəbin və müəllimin nüfuzunu qaldırmaqla bərabər, təhsil ictimaiyyəti tərəfindən böyük rəğbətlə qarşılanmışdır. Artıq müsabiqə yekunlaşmışdır. ümid edirik ki, növbəti dərs ili ərəfəsində ölkəmizin ən yaxşı müəllimləri və ən yaxşı məktəblərinin nümayəndələri, cənab Prezident, mükafatları Sizin əlinizdən almaq şərəfinə nail olacaqlar.

Möhtərəm cənab Prezident, tapşırığınıza əsasən ötən dərs ilindən respublikanın ümumtəhsil məktəblərində məktəbli formasının tətbiqinə başlanmışdır. İctimaiyyətin rəğbətlə qarşıladığı bu tədbirin şagirdlərin tərbiyəsinə, təlimin keyfiyyətinə, cəmiyyətdə məktəbin nüfuzuna müsbət təsiri nəzərə alınaraq, növbəti dərs ilindən ölkənin bütün məktəblərində məktəbli formasına keçilməsi nəzərdə tutulur.

2008-ci ilin ən əhəmiyyətli hadisələrindən biri də Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Bakı şəhərində "Dünyada savadlılığın dəstəklənməsi" mövzusunda YUNESKO-nun regional konfransının keçirilməsi olmuşdur. Konfransda dünyanın 30 ölkəsindən təhsil sahəsində 200-dək nüfuzlu ekspertin iştirakı və onların çıxışları, düşünürəm ki, Azərbaycanda təhsilin inkişafında çox əhəmiyyətli rol oynayacaqdır.

Hörmətli cənab Prezident!

ötən il təsdiq etdiyiniz "Texniki peşə təhsilinin inkişafı üzrə Dövlət Proqramı" çərçivəsində Avropa Təhsil Fondu ilə İsmayıllı turizm və otelçilik üzrə peşə məktəbinin yenidən qurulması, Böyük Britaniya şirkəti ilə Bakı şəhərində avtomobil sənayesi üzrə ixtisaslaşmış peşə təhsili müəssisəsinin bazasında təlim mərkəzinin yaradılması, Avstriya təşkilatı ilə Biləsuvar rayonunda kənd təsərrüfatı sahəsi üzrə peşə məktəbinin yaradılması, Koreya Respublikasının "Daewoo" şirkəti ilə Bakı şəhərində ali texniki peşə təhsili kompleksinin inşası, YUNESKO ilə peşə təhsilinin təkmilləşdirilməsi layihəsinin həyata keçirilməsi də nəzərdə tutulmuşdur. Bundan əlavə, cari ildə dövlət vəsaiti hesabına 8 peşə məktəbinin əsaslı təmiri başa çatdırılacaq, Qəbələdə turizm və otelçilik üzrə peşə tədris mərkəzi fəaliyyətə başlayacaqdır.

Cəmiyyətin ahəngdar inkişafında, onun intellektual potensialının formalaşmasında, maddi sərvətlərin insan kapitalına çevrilməsində ali təhsilin müstəsna rolu, əlbəttə, danılmazdır. Cənab Prezident, Sizin sərəncamınıza əsasən, 2008-2012-ci illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqramının layihəsini hazırlayıb hökumətə təqdim etmişik.

Cənab Prezident, hörmətli müşavirə iştirakçıları!

Diqqətinizə bir faktı da çatdırmaq istəyirəm ki, hazırda 4000 nəfər azərbaycanlı gənc dünyanın müxtəlif ölkələrinin ali təhsil müəssisələrində müvəffəqiyyətlə təhsil alır. Onlardan 1000 nəfəri dövlətin hesabına təhsil alır.

Ali təhsil sahəsində aparılan məqsədyönlü islahatların nəticəsidir ki, bu gün ölkəmizin ali məktəblərində təhsil alan əcnəbi tələbələrin sayı ilbəil artmaqdadır. Müqayisə edək, 2003-cü ildə Azərbaycanın ali məktəblərində 28 ölkədən 1850 nəfər təhsil alırdı. Bu gün 6500 nəfər əcnəbi tələbə bizim universitetlərdə təhsillərini davam etdirir.

2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsil almalarına dair təsdiq etdiyiniz Proqrama əsasən 100-ə yaxın gənc dünyanın 15 ölkəsinin 45 ali məktəbinə göndərilmişdir və cari ildə daha 200 nəfərin göndərilməsini nəzərdə tuturuq.

Hörmətli cənab Prezident!

Son illərdə təhsilin inkişafı, bu sahədə aparılan məqsədyönlü islahatlar, həyata keçirilən proqramlar, beynəlxalq təşkilatlarla səmərəli əməkdaşlıq, xüsusilə Sizin təhsilə böyük diqqət və qayğınız bir daha əmin olmağa əsas verir ki, müasir Azərbaycan təhsili özünün zəngin ənənələrinə əsaslanaraq ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və cənab Prezident, Sizin uğurla davam etdirdiyiniz strateji kursla inkişaf edəcəkdir. ölkəmizin tərəqqisi və davamlı inkişafı naminə həyata keçirdiyiniz bütün strateji kurs çoxminli təhsil işçiləri tərəfindən qətiyyətlə dəstəklənir və gələcəkdə də dəstəklənəcəkdir.

Diqqətinizə görə təşəkkür edirəm.