· Ana səhifə

· Rəsmi

· Heydər Əliyev Fondu

· Əmrlər, sərəncamlar

· Təhsil Nazirliyində

· Xəbərlər

· Pedaqoji yazılar

· Məktəblərimiz


· Bizimlə əlaqə

 

 

 

Təhsil naziri Azərbaycanlı tələbələrin Avropa Forumunun rəhbərləri ilə görüşüb

Avqustun 7-də təhsil naziri Misir Mərdanov Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov, Forumun idarə heyətinin üzvü Emil Məcidov     Bakı nümayəndəliyinin rəhbəri Rasim Bəxşi ilə görüşüb.

 

Qonaqları səmimi salamlayan nazir bu təşkilatın apardığı işləri və onun fəaliyyətini yüksək dəyərləndirdiyini diqqətə çatdırıb.

Misir Mərdanov qonaqlara ölkə Prezidentinin sərəncamı ilə təsdiq olunan 2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramının icrası istiqamətində görülən işlər haqqında məlumat verib.

Azərbaycanlı tələbələrin Avropa Forumunun baş katibi Vüsal Məmmədov bu görüşdən məmnun olduğunu ifadə edib.                

V.Məmmədov rəhbəri olduğu təşkilatın məram və məqsədləri haqqında danışaraq nazirə müxtəlif ölkələrdə keçirilən forumlar barədə də məlumat verib,  qeyd edib ki, məhz belə tədbirlərdə azərbaycanlı tələbələr bir araya gəlməklə fikir mübadiləsi aparır, müxtəlif təklif və ideya verirlər.

Forumun  əhəmiyyətindən danışan təşkilat rəhbəri Azərbaycanın Avropada tanıdılması işində bu tədbirin böyük rol oynadığını vurğulayıb. Brüsseldə keçirilən azərbaycanlı tələbələrin Avropa Forumunda  müzakirə olunan məsələlər, eləcə də qarşıda duran perspektivlərdən söz açan V.Məmmədov forumun digər fəaliyyət istiqamətlərindən də danışıb.

Qeyd olunan təşkilatla mütəmadi əlaqələr yaradılması, görüşlər keçirilməsinin zəruriliyini bildirən Misir Mərdanov birgə tədbirlər planının hazırlanması, TEMPUS-TASİS proqramı üzrə iş aparılması təklifi ilə çıxış edib. Nazir həmçinin bu təşkilata Azərbaycanın tarixi, mədəniyyəti, dili ilə bağlı dərslik və xəritələr verilməsi fikrini də qeyd edib. Misir Mərdanov bildirib ki, bəzi ölkələrin aparıcı ali məktəblərində Azərbaycan Mərkəzinin yaradılması işi də bu istiqamətdə atılan ən yüksək addımlardan biri olar.

Təhsil naziri Misir Mərdanov təşkilatın işinə dəstək göstərməyə hazır olduğunu xüsusi vurğulayıb və birgə fəaliyyət göstərməyə böyük önəm verdiyini açıqlayıb.

Görüşdə Təhsil Nazirliyi ilə "British Council" təşkilatının birgə hazırladığı memorandumun bu ilin noyabrında Londonda keçiriləcək forum zamanı imzalanması  təklifi də səsləndirilib.

   

 

 

 

Cənubi Koreya ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərəcək

 Avqustun 4-də Təhsil Nazirliyində Cənubi Koreyanın informasiya-kommunikasiya texnologiyaları şirkətlərinin nümayəndələri ilə görüş keçirilib.

Görüşün əsas məqsədi Cənubi Koreyanın ölkəmizdə İKT sahəsində aparılan işlərə yardım göstərməsi, İKT-nin təhsilə tətbiqi və bu istiqamətdə gələcək əməkdaşlığın müzakirə edilməsi olub.

Təhsil naziri Misir Mərdanov qonaqları səmimi salamlayıb və bildirib ki, görüşdə "Korea Digital Technology", "Samsung Advanced Institute of Technology", "CF Construction Company" və "Business Consultant & Invectors Company" şirkətlərinin nümayəndələri iştirak edib.

Nazir Cənubi Koreya ilə Azərbaycan arasındakı əlaqələrdən söz açaraq bu ölkə ilə təhsil sahəsində də əməkdaşlığın mövcudluğunu qeyd edib, habelə "DAEWOO" şirkətinin Azərbaycanda Ali Texniki Peşə Təhsili Mərkəzinin yaradılması üzrə müvafiq tədbirlər həyata keçirdiyini diqqətə çatdırıb.

Sonra Misir Mərdanov qonaqlara ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan "2008-2012-ci illərdə Azərbaycan Respublikasında təhsil sisteminin informasiyalaşdırılması üzrə Dövlət Proqramı"na əsasən görüləcək işlərdən danışıb. Nazir bildirib ki, proqrama əsasən bu il Bakı və Sumqayıt şəhərlərindəki, Abşeron rayonundakı bütün məktəblərin İnternet şəbəkəsinə qoşulması, DATA-Mərkəzin yaradılması nəzərdə tutulub. Nazir həmçinin "Elektron məktəb" layihəsi istiqamətində ötən tədris ilində iş aparıldığından, orta məktəblərin kompüterləşdirilməsi istiqamətində atılan addımlardan söz açıb. Misir Mərdanov müvcud problemləri də qeyd edərək vahid intranet şəbəkənin qurulmasının İnternetə sürətli çıxışın təmin edilməsinin və müəllimlərin bu sahə ilə bağlı bacarıqlarının artırılmasının vacib məsələ olduğunu vurğulayıb.

"Korea Digital Technology" şirkətinin, eləcə də nümayəndə heyətinin rəhbəri cənab Bin Eok Li səmimi qəbul üçün nazirə təşəkkür etdikdən sonra öz ölkəsində İKT-nin tətbiqi üzrə görülən işlər, həyata keçirilən layihələr barədə məlumat verib. Qonaq Azərbaycanda bu sahənin inkişafına yardım göstərməyə hazır olduqlarını qeyd edib. Eyni zamanda İKT-nin tətbiqi istiqamətində təkliflərini vermək üçün ölkəmizdə bu sahənin vəziyyəti ilə maraqlanıb.

Nazir də öz növbəsində qonaqlara son illər İKT-nin orta məktəblərdə tətbiqi məsələsinin prioritet istiqamət olduğunu açıqlayıb, reallaşdırılan mühüm layhələr haqqında ətraflı danışıb. Eyni zamanda Koreya təcrübəsinin öyrənilməsi məqsədilə qarşılıqlı səfərlərin təşkili, görüşdə iştirak edən şirkətlərlə müvafiq sənəd imzalanması təklifini irəli sürüb.

Tərəflər Cənubi Koreyadan gətiriləcək avadanlıqlarla ölkəmizin bir neçə peşə təhsili müəssisəsində yeni kompüterlərin yığılması, bununla əlaqədar koreyalı mütəxəssislərin Bakıya gəlişi barədə müzakirələr aparıblar.

Sonda Misir Mərdanov nazirliyin müvafiq struktur bölmə rəhbərlərinə müzakirə olunan məsələyə dair layihə sənədinin hazırlanması üzrə tapşırıq verib.

Görüşdə Cənubi Koreyanın Azərbaycandakı səfirliyinin biznes, ticarət və enerji üzrə attaşesi Tack Yeon Cho, eləcə də İKT sahəsi üzrə ölkəmizdə fəaliyyət göstərən qurumların rəhbərləri iştirak edib.